30 Noyabr 2020 15:10

Ömər Faiq Nemanzadənin yaradıcılığında milli maarifçilik: türkçülük və azərbaycançılıq

 

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

 

 

 

IYazı

 

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

 

Ömər Faiq Nemanzadə (1872-1937) Ahıska qəzasının Azqur kəndində anadan olmuş, bir neçə il molla məktəbinə getsə də, dinə maraq göstərməmiş və yenicə açılmış rus-tatar məktəbinə daxil olmuşdur. Atası onu Qori müəllimlər seminariyasına qoymaq istəsə də, anasının təkidi ilə 1882-ci ildə İstanbula gedərk “Fateh” məktəbində təhsilini davam etdirmiş, təbiət elmlərinə həvəsi olduğuna görə sonradan “Darül Şəfəq” məktəbinə daxil olmuşdur. 1891-ci ildə həmin məktəbi bitirdikdən sonra Qalata Poçt və Teleqraf İdarəsində əmək fəaliyyətinə başlamışdır.

1894-cü ildə, Ahıskada milli münasibətlərin kəskinləşməsi dövründə vətənə qayıdan Ömər Faiq az sonra Şəkidə ilk üsuli-cədid məktəbində (1894-1896), Şəki Came məktəbində (1898-1900) müəllim işləmişdir. 1900-1902-ci illərdə Şamaxıda fəaliyyət göstərən Ö.Faiq Şamaxıda baş vermiş zəlzələdən sonra Tiflisə getmiş və  “Şərqi-Rus” qəzetində  işləməyə başlamışdır. 1905-ci ildə “Şərqi-Rus” bağlandıqdan sonra o, C.Məmmədquluzadə ilə birlikdə qəzetin mətbəəsini alıb  “Qeyrət” adı altında dövrlə ayaqlaşan kitablar, az sonra da (1906) “Molla Nəsrəddin” jurnalının nəşr etməyə başlamışlar.

1910-cu illərin əvvəllərində “Molla Nəsrəddin”lə əlaqələrini kəsən Ömər Faiq 1917-1920-ci illərdə Ahıska bölgəsində fəaliyyət göstərmişdir. Cənub-Qərbi Qafqaz Türk Respublikasının liderlərindən biri olan, ancaq altı aydan sonra menşeviklər Gürcüstanı ələ keçirib həmin respublika ləğv olunduqdan sonra o, Gürcüstan menşevik hökumətindən Ahıska və Ahılkələk əyalətlərinə muxtariyyət tələb etmişdir. Gürcüstanın antitürk siyasi şiddətinə qarşı çıxan Ömər Faiq 1918-ci ildə üç dəfə həbs olunmuş, həbsdən çıxdıqdan sonra Bakıya gələrək 1919-cu ildə Bakı Polis idarəsində çalışmış, 1920-ci ildə isə yenidən Gürcüstana qayıtmışdır.

27 Aprel işğalından sonra Gəncə Ziraət Texnikumunun direk­toru işləmiş Ömər Faiq, çox keçmədən Gürcüstanda müsəlman işləri üzrə komitənin sədri təyin edilmişdir. 1923-cü ildə yenidən Azərbay­cana dönən Nemanzadə 1924-cü ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığında işə düzəlmiş, dərsliklərin hazırlanmasına və onların çap edilməsinə yardım etmişdir. 1927-ci ildə pensiyaya çıxdıqdan sonra Ö.Faiq “Xatirələrim” üzərində çalışmışdır. Nemanzadə 1937-ci ilin yayında Ahıska­da olarkən həmin rayonun prokuroru Odabaşyanın sərəncamı ilə həbs olunmuş və Gürcüstan SSR Xalq Daxili İşlər Komissarlığının nəzdindəki  “üçlüy”ün qərarı ilə güllələnmişdir.

O, yaradıcılığının ilk dövrlərindən etibarən İslam-Türk aləminin geriliyinin səbəblərini araşdırmış, mövhumatçılığı və xurafatı tənqid atəşinə tutmuşdur. Ancaq C.Məmmədquluzadə, Ə.Qəmküsar və başqa “molla nəsrəd­dinçi”lər islam dininə daha ifrat tənqidi yanaşmışdılarsa, onlardan fərqli olaraq Ömər Faiq islam dinini və milli mədəniyyəti daha dərindən öyrənməyin vacibliyini qeyd etmişdir.

Ömər Faiqə görə, Yaradanın ilk bəxşişi olan əql sayəsində artıq bəşər övladı bir çox sirləri anlamaqda, kəşf etməkdədir. Bununla da maarif arzusunun, birlik fikrinin, insanlığın yavaş-yavaş inkişaf etdiyini yazan Nemanzadə hesab edirdi ki, yeni kəşflər, ixtiralar ən bəsit bir otun, bitkinin özündə belə Yaradanın əzəmətini göstərir. O, yazırdı: ““Hər vərəqəş dəftər ist mərifəti-gerdikar” (“hər vərəqi varlıq mərifətinin bir dəftəridir”) ilə “olsa istedad arifi-qabil idraki-vəhy… həqq irsalına hər zərrədir bir Cəbrayıl” (“arifin istedadı ilahiyyəti dərk etməyə qabil olsa… haqqa çatmağa Cəbrayıl bir zərrədir”) hikmət­lərinin boş yerə söylənmədiyi anlaşılır, zühura gələn hər məxluqat və mövcudun mütləq bir səbəb və hikməti-ilahiyyəyə müvafiq bir surətdə xəlq buyurulduğu sirr bilinir, həqq-təala təbiətin təsir və iqtizasını bir səbəbi-xilqət olaraq bəxş buyurduğu fəhm edilir. Buna binaən heç bir şeyin bilasəbəb zühuru gözlənmir. Anlamadıqları qədri təqdiri-qisməti bəhanə edən tənbəllər, səfehlər kimi Həqqin ən böyük neməti, əsrari-ilahiyyənin, cilvəgahı, təkalifi-şəriyyənin  məhəli-təhəmmülü olan əql boş yerə çevrədilmir. Məsələn, su, atəş və ya bir otun, meyvənin nə sürətlə Allahın verdiyi hansı səbəblə vücuda gəldiyi düşünülür. Qış ortasında gözəl bir çiçək, xoş bir meyvə hüsulə gətirmək üçün artıq baharın gəlməsi, istinin, hərarətin zühuru gözlənmir. Neməti-ilahiyyə olan əql ilə təbiət tədqiq və təqlid edilir”.[1]

Onun fikrincə, vaxtilə əql sayəsində avropalılardan irəlidə olan İslam xalqlarının bu gün mədəniyyəti, elmi orada araması, üstəlik  bu mədəniyyəti də paltarda, dildə görüb onları yamsılamaları qətiyyən doğru deyildir. Nemanzadəyə görə, artıq avamlar da elmin, mərifətin qədrini anlayıb qanır, sadəcə bu gözəl səmtə getmək yolunu, qaydasını bilmirlər: “Buna görə elm yollarını bunlara sözlə deyil, işlə, öncüllük olmaqla bildirməlidir. Yoxsa sözü hər kəs söylər, amma işi hər kəs yapa bilməz. Bu cəhətlə böyüklərmizdən bizə quru söz deyil, ciddi ürək, qeyrət, iş lazımdır”. [2]

Ona görə, artıq müsəlmanlar da oyanmalı, qonşu millətlərdən geri qalmamalıdırlar: “Bizlər hələ cəhalətin qurbanı, avropalıların nökəri, daha açığı qonşularımızın sağılan inəyi mənzilində, məzəllətində qalmışız. İlahi, bizim millətin mərifət baharı nə vaxt gələcək? Elm çiçəklərimiz nə zaman açılacaq? Həmişə belə gözü bağlı, dili lalmı qalacağız? Bu nə halətdir ki, düşmüşük? Bu nə yükdür ki, biz çəkiriz? Daha nə zamana qədər bu cəhalət boyunduruğundan qurtara bilməyəcəyiz? Axır biz də insanıq. Cəhalət ilə puç olub gedən mərifət ilə səlamətə çıxan millətlərdən ibrət alalım! Edəlim ki, bizə öncüllük, rəhbərlik edib, nümunə-misal olmuşlar”.[3] Nemanzadəyə görə, xurafata və mövhumata qarşı mübarizə aparmaq, islahatlar həyata keçirmək üçün çox gecdir. Çıxış yolu müasir avropalıların vaxtilə keçdikləri körpüdən getməkdir. O, yazırdı: “Daha bu körpünü buraxıb boğula-boğula sudan keçmənin nə ləzzəti var? Bu gün aləmi-islamiyyətin işıqlı yerlərində Avropada vücuda gətirilən açıq, asan, faydalı kitablar, əsərlər, alətlər gündən-günə çoxalmaqda, alimlər onlardan istifadə etməkdədir”.[4]

Ö.F.Nemanzadə yazırdı ki, müsəlmanların cahil, avam, nadan olmasının günahkarı islam deyil, onların bu dini səhv başa düşmələridir. Onun fikrincə, “Şükür Allaha, islamam” deyib, yuxula­yıb, həqir, fəqir, cahil, qafil qalmışıq və avropalılar islam mədəniy­yət­ini öyrənib irəli getdikləri halda, biz bir millət kimi hələ də yerimizdə sayırıq. O, yazır: “Qardaşlar, acı, lakin doğru sözdən inciməyəlim. Dərdini söyləmiyən dərman bulmaz. Qızdırma üçün hər zaman şəkər, qəndiyyə içmək yerinə bir az da xinə içəlim. Şükür Allaha, dünyanın hali gözümüzün önündədir. Çinlilər kimi dünyanın bir kənarında deyil, dünyanın hər tərəfində, hətta mədəni millətləri ilə torpaq, qapı qonşusuyuz. Çinlilər belə Avropanın bir dəfə vurduğu zərbə ilə oyanmağa başlayır, biz nə qədər hissiz və vicdansız ki, vücudumuz parçalanır, ürəyimiz dağılır, namusumuz ayaqlar altına alınır, həqiriliyimiz, alçaqlığımız yerin dibinə keçir, keçir də yenə bir kərə olsun gözümüzü açmaq, ibrət almaq istəmiriz. Of, insan fikir edəndə divanə olmaq istəyir. Nədir bugünkü dərakəmiz, nədir qonşular arasındakı həqarətimiz? Yeri gələndə qədim ərəb mədəniyyəti ilə fəxr ediriz. Avropalılar mədəniyyəti islamlardan aldı deyə, şişiriz. Amma bir kərə fikir edəlim ki, bu bizim üçün nə qədər ayıbdır. Avropa xaçpərəst ola-ola qədim islam mədəniyyətini qəbul etsin də, biz öz malımızı almaqda, öyünməkdə bu dərəcə inad göstərək?  Üzrümüz qəbahətdən böyükdür. Utanalım!.. Utanalım!..”. [5]

Ömər Faiq hesab edirdi ki, keçmiş islam mədəniyyəti ilə öyünüb yerində saymaq olmaz. Onun fikrincə, hər bir dinin və millətin üstünlüyü zəmanə ilə ayaqlaşmasıdır. Artıq müsəlmanlar da bilməlidirlər ki, son iki-üç əsrdir məğlub olmaqdadırlar və bunun qarşısını almaq üçün gecə-gündüz çalışmalıdırlar

Ömər Faiqə görə, o, millətlər də yenidən inkişaf edirlər ki, tapındıqları dinlərini, adət-ənənlərini zəmanəyə görə uzlaşdırırlar. Çünki zəmanəyə görə dəyişmək hər zaman vacib olmuşdur. Hətta, bu səbəbdəndir ki, Allah hər bir zamanın öz tələblərinə uyğun olaraq bir yaxud, bir neçə peyğəmbər göndərmişdir. O, yazırdı: “İndi həzrət Adəmdən axır zaman peyğəmbərinə qədər keçən zamanı yüz iyirmi dörd min il fərz və təxmin edərsək, ildə beş peyğəmbər gəlmiş imiş. Demək olur ki, bunlardan bəziləri əslafının təbliğinə məmur olduğu ehkam və əməli cüzi bir təğyirlə təbliğə məmur olmuş isələr də, çoxunun məzhəb və şəriətinin surəti icrası bütün-bütün ayrı idi. Böylə olması da labüd və lazımdı. Bu səbəblədir ki, həzrəti Məhəmmədin ümməti olan bizlər indiki məzhəb və əməllərimizlə nə surətlə müsəl­man isək, keçmiş cümlə peyğəmbərlərin ümmətləri də əksərisi bizim­kilərə müxalif olan əməllərilə bərabər yenə xalis-müxlis müsəlman idi”.[6]

Ömər Faiq hesab edirdi ki, zəmanəyə görə dini əməllərin dəyişilməsi əsas islamiyyəti əsla dəyişmir. Onun fikrincə, bu hal, yəni dini əməllərin zamanəyə görə dəyişilməsi işlərimizin də zamanaya görə dəyişilməsinə bir nümunədir: “Hər dürlü etiqadi-əməldə əsasən bir olan islamın fel və əməldə az-çox fərqli olaraq Hənəfi, Şafi, Maliki şöbələrinə ayrılması əcaba zaman və halın (özgə səbəblər  və müəssirlər də məlum isə, cümləsinin həqiqi müəssiri yenə zamandır) təsir və icabına görə deyil də nədir? Hətta müctəhid din vücud və lüzumu zəmanənənin tələblərinə görə hərəkət etmək lazım olduğu hökmü əsasına görə deyilmi? Bir az daha irəlilərə gedək: zəmanın tələbinə görə təbdili-əməl və təğyiri-hərəkətə ən həkimanə şahid axtarsaq, yenə həzrəti peyğəmbərin öz vəxti-səadətlərində tapacağıq. Tapacağıq ki, o hallar, o hikmətlər bir yerdə sancılıb yatıb, tərpənmək istəməyən biz tənbəllərə birər ibrət və nümunə olsun”. [7]

 

[1] Nemanzadə Ömər Faiq. Seçilmiş əsərləri. Bakı, «Şərq-Qərb», 2006, s.22-23

[2] Yenə orada, s.24

[3] Yenə orada, s.25

[4] Yenə orada, s.26

[5] Yenə orada, s.27

[6] Yenə orada, s.56

[7] Yenə orada, s.56

Paylaş: