30 Noyabr 2020 15:28

Ömər Faiq Nemanzadənin yaradıcılığında milli maarifçilik: türkçülük və azərbaycançılıq

 

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

 

 

II Yazı

 

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

 

Ömər Faiq Nemanzadə hesab edirdi ki, islamda islahatlar aparılmalı və bu zaman Avropanı təqliddən uzaq durmaq lazımdır. O bildirirdi ki, müsəlmanlar geyimdə, məişətdə avropalıları təqlid etdikləri halda mədəniyyət və maarif sahəsində onlardan xeyli geridədirlər: “Aman ya rəbbi! Bizlərin bu dərəcə qafilanə, meymunca təqlidimizin bir misli daha bir millətdə tapılarmı? Ev əşaymızı avropalılarınkına oxşadıb tez-tez dəyişdirdiyimiz, hər gün köhnələrinin yerinə təzələrini qoymağa çalışdığımız halda, bizlərin əsil həyatına, milli bəqamıza səbəb olacaq çürük qafamızı, kifli beynimizi, yaşlanmış fikrimizi, zəhərli adətlərimizi, meymunca təqlidimizi əslə dəyişdirmək, islah etmək istəmirik. Avropa əşyasına olan meylimizə, firəng malına olan məftuniyyətimizə, arzumuza baxsalar – tamam bir avropalıyız. Amma maarif, mədəniyyət, cəmiyyət xüsusunda fikirlərimizi, əməllərimizi diqqətə  alsalar – küflü bir fanatik, ən cahil mütəəssib bir türküstanlı, buxaraılıyız. Bunlarla bərabər ortada yad-əcnəbi surətində bir müsəlmanlıq sözü gəzib duruyor. Amma inanılsın ki, cümlənin sözü, iddiası həp bəhanə, yalançı sufilik, özgələri aldadıcılıq, cib doldurmaqlıq, qərəz və mənfəətə xidmətdir”.[1]

Nemanzadə yazırdı ki, millət uğrunda, onun cəhalətdən qurtu­lub inkişaf etməsi üçün maariflənmək, çalışmaq, himmət göstərmək lazımdır:  “Görürüz ki, bir ovuc millətlər zəmanəyə görə olan maarif və səyi və himmətləri sayəsində milyonlarca cahil, qafil insanları özlərinə maddi, mənəvi əsir edirlər. Hər millət öz camaatı, öz milləti uğrunda varını, yoxunu, hətta canını fəda eləyir ki, əsarətə, həqarətə giriftar olmasınlar. Bir az əqli başında olan millətlər özgə gurultulara, özgələrin əhvalına qulaq verməklə bərabər bütün qüvvələrini, qeyrətlərini, fikirlərini öz millətlərinin tərəqqisinə həsr edirlər. Amma bizlər… Ah, bizlər guya hər vacibli milli işimizi qurtarıb arxayın, rahat olmuşuz kimi oturub gözəl-gözəl fürsətləri itirib ağzımızı özgələrin əsərlərinə qarşı açıb qalmışıq. Qulaqlarımızı özgələrin sözlərinə tikib durmuşuq. Beynimizi bizə əsla xeyri olmayan boş politika və cəfəngiyyat ilə çürüdüb öz işimizdə məəttəl qalmışıq, qalırıq”.[2]

O, doğru yazırdı ki, bu məsələdə islam dininə, yəni Qurani-Kərimə və hədislərə müraciət edərkən də, müsəlmanlara tövsiyyə edilən ayə və kəlamları da öz bildiyimiz kimi yozur, inkişaf etmək yolu yox, yerimizdə saymaq düşüncəsini əsas götürürük: “Əsil islamiyyətdən, zəmanənin tələblərindən xəbərsiz yatırıq, halbuki zaman dəyişir, dünya dəyişir, hər şey dəyişir, hər millət dəyişir, hər zərrə dəyişir… İnsaf və mürvətmdir ki, bizlər hər şeydən də dışarı olaq? Dəyişməli, biz də mütləq dünyəvi əməllərimizi, göz görə təhlükələrə, səfalətlərə sürükləyən köhnə adətlərimizi, cahilanə fikirlərimizi, əməllərimizi dəyişməliyik. Və illa özgələr bizləri bütün özgə yolda dəyişdirib yox edərlər…”. [3]

Ömər Faiqin o fikirnə qatılırıq ki, bir toplum təməl prinsiplərdən uzaqlaşamadan öz milli-dini adət-ənənələrini yaşadıqları zamanlarına uyğunlaşdırmalıdırlar. Əgər bunu, həmin toplumuz özü etməyi bacarmasa, o zaman digər yad toplumların təsiri altına düşəcəkdir. Ancaq bu yeniləşmələr isə ağılla və soyuqanlı şəkildə həyata keçirilməli, bu zaman sözün əsil mənasında müdrik olanların fikriləri ilə hesablaşılmalıdır. Məsələn, milli-dini adət-ənənələrin zəmanə ilə ayaqlaşmasını, ona uyğunlaşdırılmasını Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, M.Ə.Rəsulzadə və digər böyüklərimizin, müdriklərimizin irəli süməsi daha məqsədəuyğu idi, nəinki hansısa ikiüzlü, yalançı üləmaların, ziyalıların.

Bu anlamda Nemanzadə  “Əhməd bəy Ağayev” məqaləsində doğru yazırdı ki, islam dinini ruhanilərin dilindən deyil, Ə.Ağaoğlu kimi əsil elm adamların əsərlərindən öyrənmək lazımdır. Belə ki, Ə.Ağaoğlu indiyə qədər pərdə arxasında qalan bir çox keçmiş islam adət-ənənələrimizi, milli mədəniyyətimizi, eləcə də xilas yolumuzu doğru göstərir. Ö.Faiq yazırdı: “Hələ islam siyasəti və əhvalı barəsində qayət vüqufanə yazdığı məqalələr həqiqətən bizdə misli nadir görünən elmi məlumatlardır. Bu yolda açdığı cığır və bu cığır ilə bizlərə bildirdiyi yeni-yeni elmlər, işarə elədiyi ülvi məqsədlər, müqəddəs əməllər istiqbali-millət üçün birər bəraəti-estehlal, birər bərati-feyz və tərəqqi olsa şayandır”. [4]

““Molla Nəsrəddin” bağlandı” (1907) məqaləsində Ö.Faiq qeyd edirdi ki, jurnalın bağlanmasında yalançı millətçilər, islam xainləri əsas rol oynamışdır: “Bildim ki, maarif ağacımızı içindən yeyən yenə öz qurdumuzdur. Bildim ki, millətimizin hüququnu məhv edən, millət qəlbini kəsməyə çalışan baltanın sapı yenə bizdəndir. Bildim ki, müsəlman donundakı islam xainləri, “Molla Nəsirəddin”in 22-ci nömrəsində ayıların, qurdların, aslanların parçalanmış islamı qapıb yeməkləri barəsindəki şəkilləri əldə dəstavüz edib “Molla Nəsr­əddin”i hökumətə asi göstərən alçaqlar nə cür müsəlmanlardır”.[5]

Məşhur “Dəvət” adlı kitabında da o, yazırdı ki, müsəlmanlar islam dinində yeniləşmənin olmasının zəruiliyini dərk etməlidir. Onun fikrincə, müsəlmanlar məhərrəmlikdə baş-gözünü yarıb qan tökməkdənsə, həzrəti imam Hüseynin (ə) millət yolunda şəhidliyini öyrənməli, onun şəhadətindən doğru nəticə çıxarmalı və cəmiyyətin yeniləşməsi yolunda getməlidirr. O yazırdı: “Nə hacət, hər il məhərrəmlikdə zahirən başımıza kül-saman töküb üst-başımızı qanlara bulayıb, guya böylə əməl və rəftarlar ilə matəmini  saxladığımız nuri-çeşmi-millət, müxəffər şühadayi-ümmət olan həzrəti imam Hüseyn əleyhsalamın vaqeyi-şəhadəti bizlərə nümuneyi-ibrət, misali-qeyrət deyilmi? Heyif, sədd həzar heyif ki, o şahidi-millətpərvərin matəmini bu zəmanəyə görə özgə cür tutmaq, mərsiyələrimizi daha təzə bir sayaq millətpərvəranə üzrə oxutmaq lazım gəldiyi halda sahibinin niyyəti və məsləkindən bixəbər hərəkət edən cansız maşın kimi qayırdığımız iş və əməldən özümüz də xəbərsiz bulunuruq”.[6]

Şübhəsiz, Ö.Faiq bu fikirlərində tamamilə haqlı idi. Çox yazıq ki, həmin dövrdən bir əsr keçməsinə baxmayaraq, bu günün özündə də bir çoxları imam Hüseynin (ə) şəhadət yolundan xəbərsizdir. Ancaq buna baxmayaraq, özlərini imam Hüseyn (ə) əqidəsinin davamçıları hesab edirlər. Çünki bu cür müsəlmanların fikrincə, əgər bir müsəlman məhərrəmlik günündə göz yaşı axıdırsa, zəncir vurursa, hətta başını yarıb qanını tökürsə, deməli, o peyğəmbər övladının layiqli davamçı­sıdır. Məhz bütün bunları nəzərə alaraq Nemanzadə yazırdı: “Məhərrəm ayının beş-on günündə aciz uşaqlar kimi yalnız başımıza küllər töküb zəncirlərlə öz-özümüzü vurub yaralamaq, ayə, ali bir niyyət uğrunda şəhid olan bir nümuneyi qeyrət o mücəssəmi həmiyyət üçün yas və matəm saxlamaqmıdır? Hər insaf sahibindən sorarım: lazım deyilmidir ki, hər kəs tutduğu işin, icra etdiyi matəmin nədən ötrü və nə cür bir zati-şərif üçün olduğunu layiqi ilə bilsin”.[7]

Bu baxımdan Ömər Faiq haqlı olaraq hesab edirdi ki, imam Hüseynin (ə) şəhadət yolunu anlamaq üçün ilk növbədə, peyğəmbər övladının bir ovuc tərəfdarı ilə öz qüvvətindən neçə min kərə artıq olaq qüvvətə qarşı dayanmağın məqsədini, eyni zamanda “nə üçün bu riqqətəngiz, o ciyərsuz hal ilə şəhadətə, o dəhşətamiz surət ilə fədaicanə razı olmasının” səbələrini bilmək lazımdır. Nemanzadə yazırdı: “Şəksiz ki, qeyrət və həmiyyəti qəlbi ali hümmətinə sığmayan bu millət aşiqi şəhadəti-ölümü, xeyr, bu ölüm surətində əbədi varlığı, əsarət və həqarət ilə yaşamağa tərcih verdi. Şəksiz ki, təlüqatının, hümmətinin hüququnu mühafizə etmək, hürr və müstəqil yaşamaq, özgələrə boyun əyməmək ən birinci müqəddəs niyyəti idi. Şəksiz ki,  niyyət buyurduğu kimi həyat olmadığı surətdə məqsədi-alisi, hüquqi-qövmiyyəsi, istiqbali milliyyəsi yolunda qurban olmağı canına minnət bildi. Şəksiz ki, niyyət və məsləkində səbat və qərar edib Kərbəla dəhşətini hürriyyəti-vicdaniyyə, əsbiyyəti-qövmiyyə, heysiyyəti-milliyyə, hüquqi-insaniyyə qanına qərq etməyi məhz o tökülən qanların verdiyi qüvvətlə gələcəkdə açılacaq olan millət çiçəklərinin hüsn-surətlə yaşamaqları üçündür. Heyhat, harda o niyyətlər, o fədailiklər, harda bizim bugünkü qafilanə rəftarımız, başlarımıza biməna, cahilanə kül-saman tökməklə iktifa etəmyimiz?”.[8]

Nemanzadənin burada İmam Hüseynin (ə) şəhadətinin mənasının və mahiyyətini anlatmaqda məqsədi İslam dininin yeniliyə qarşı olmamasını, zamanla ayaqlaşmanın vacibliyini göstərmək idi. Ona görə, müsəlmanlar imam Hüseynin əqidəsindən, islamlığın əsil mahiyyətindən o qədər uzaqlaşıblar ki, ancaq zəncur vurmaq, baş yarmaqla öz işlərini bitmiş hesab edirlər və nəticədə də niyyətsiz, ya da mənasız əməllə zəlil günə qalıb, yadların köləsi halına düşüblər: “”Əsas və həqiqətdən nə qədər uzaqlaşmışıq! Budur ki, bu uzaqlaşmağımız, rahət zənni ilə bugünkü həqarət və və zillətlə yaşamağımız etiyimiz əməl və tutduğumuz işlərin təbii niyyətsiz, fikirsiz olduğundan, yəni  həqiqətdə nə cür çalışmaq gərk olduğunu bilmədiyimizdəndir. Bugünkü əksər əmələ və rəftarımız müvafiq şəri və əqli olmadığına, hüquqi insaniyəmizi mühafizəyə, istiqbali milliyəmizi təminə əsla yaraya bilmədiyinə əlbət əvamünasımızın əqli irməz, fikri çatmaz. Çünki onlar zəmana görə  məlumati-aləmiyyətdən, üsuli-vəzi-aləmdən bixəbərdirlər”. [9]

 

[1] Nemanzadə Ömər Faiq. Seçilmiş əsərləri. Bakı, «Şərq-Qərb», 2006, s.58

[2] Yenə orada, s.60

[3] Yenə orada, s.61

[4] Yenə orada, s.36-37

[5] Yenə orada, s.143

[6] Yenə orada, s.68

[7] Yenə orada, s.68

[8] Yenə orada, s.68-69

[9] Yenə orada, s.69

Paylaş: