25 Noyabr 2020 00:34

ATƏT-in Minsk Qrupu arxivə göndərilir

Azərbaycanın işğal olunmuş əraziləri azad etməsi ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasının əhəmiyyətini aradan qaldırır.

Münaqişə yaxın vaxtlarda həll olunarsa, o zaman Minsk Qrupunun mandatı qüvvədən düşmüş sayıla bilər. Çünki həmsədr dövlətlər öz vəzifəsinin öhdəsindən gələ bilmədi. Nəticədə, Azərbaycan beynəlxalq hüququn verdiyi səlahiyyətlərə dayanaraq öz ərazilərini işğaldan azad etməyə başladı. Yaxın vaxtlarda bu prosesin başa çatacağı gözlənilir. Minsk Qrupunun artıq lazımsız formata çevrilməsi barədə rəylərin artmasının digər səbəbi vasitəçi ölkələrin tərəfsizlik prezumpsiyasını pozmasıdır. ABŞ, Fransa və Rusiya 1992-ci ildən ötən müddətdə Ermənistandan işğal etdiyi əraziləri Azərbaycana geri qaytarmağı tələb etməyib, işğal faktını tanımayıb. Əksinə, adıçəkilən ölkələr Ermənistana siyasi və hərbi dəstək nümayiş etdirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ATƏT-in Minsk Qrupunun həmsədrlərini işğalçıya hərbi yardım göstərməkdə ittiham edib.

“ATƏT-in Minsk Qrupuna həmsədr olan dövlətlər: ABŞ, Rusiya və Fransa, Ermənistana hər cür silah dəstəyi verirlər”,-dövlət başçısı belə deyib. Yəni həmsədr ölkələrin öz missiyasının öhdəsindən gələ bilməməsi, eyni zamanda Ermənistanın mövqeyini müdafiə etməsi Minsk Qrupundan imtina etmək üçün Azərbaycana ciddi siyasi arqument yaradır. Ərazilərin işğaldan azad olunması Azərbaycanın diplomatik müstəvidə də mövqelərini gücləndirir. Bu baxımdan, Azərbaycan beynəlxalq təşkilatlar qarşısında ATƏT-in Minsk Qrupunun mandatının ləğv edilməsi məsələsini qaldıra bilər.

Politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya bildirib ki, Minsk Qrupu artıq öz missiyasını başa vurduğu üçün onun fəaliyyətinə ehtiyac qalmayıb:

“Ermənistan hücum strategiyası Azərbaycanı işğal faktı ilə barışdırmaqdan ibarət idi. Onlar düşünürdülər ki, yeni əraziləri işğal edib, status-kvonu saxlayıb Azərbaycanı kompromisə vadar edəcəklər. Amma Azərbaycan onların planını pozdu. “Əks-həmlə” əməliyyatı nəticəsində cəbhənin şimal və cənub hissələrində düşmənin müqavimətini qırdı. Bir sıra ərazilər işğaldan azad edildi. Baş verənlər göstərir ki, Ermənistanın Qarabağın müstəqilliyini Azərbaycana tanıtmaq üçün başlatdığı hərbi təcavüz fiaskoya uğradı. Qarabağ və digər işğal olunmuş ərazilər Ermənistanın əlindən çıxır. Azərbaycan ordusu getdikcə irəliləyir. Doğrudur, Azərbaycan ordusu oktyabrın 10-da Moskva görüşündə humanitar atəşkəsə razılıq verdi. Lakin Ermənistan atəşkəsi iki dəfə pozaraq bundan itirdiyi əraziləri qaytarmaq üçün istifadə etməyə çalışdı. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun verdiyi bəyanatdan da göründüyü kimi, atəşkəs artıq işləmir, müharibə davam edir. Müharibənin davam etdirilməsi də Ermənistanın planıdır. Nikol Paşinyanın da açıqlaması göstərir ki, Ermənistan bu müharibəni planlı şəkildə başlayıb və danışıqlar masasına oturmaq niyyətində deyil. Onların məqsədi Dağlıq Qarabağın “müstəqilliyinə” nail olmaqdır ki, bu da əldən çıxır. Ermənistanın bu vəziyyətə düşməsində ATƏT-in Minsk Qrupu həmsədrlərinin böyük rolu var. Həmsədrlər vaxtında Ermənistana təzyiq göstərmədilər. Vasitəçilər məsələyə ikili standartlardan yanaşmaqla erməniləri şirnikləndirdilər. Hətta onlar mövcud vəziyyətlə barışmaq üçün Azərbaycana təzyiq edirdilər. Bu da son nəticədə münaqişənin alovlanmasına gətirib çıxartdı. ABŞ, Rusiya, Fransadan ibarət olan formatın hazırkı fəaliyyəti yenə sıfır səviyyəsindədir. Onlar hazırda tərəfləri atəşkəsə çağırmaqlıa məşğuldur. Halbuki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi münaqişənin həlli üçün əsas açardır. Minsk Qrupu da buna əsaslanmalıdır. Lakin onlar yenə də Ermənistanın maraqlarından çıxış edir. Həmsədr dövlətlər “Azərbaycan kompromisə getməlidir”, “Azərbaycan Qarabağın müstəqilliyini tanımalıdır”, “Azərbaycana Rusiya sülhməramlıları gəlməlidir” kimi absurd təkliflərlə çıxış edir. Bunu ən çox Moskva diktə edir və İrəvanın planlarına xidmət edir. Bölgədə Türkiyənin mövqelərinin güclənməsi prosesi Azərbaycanın xeyrinə dəyişir. Hesab edirəm ki, Minsk Qrupu öz fəaliyyətinə kölgə saldı. Fransanın ilk gündən Ermənistanın yanında yer alması, Rusiyanın işğalçıya silah ixracı, ABŞ-ın neytral qalması müşahidə olundu. Həmsədrlər BMT-nin qətnamələri əsasında münaqişəni sülh yolu ilə həll edə bilərdi. Ancaq proseslər göstərdi ki, Minsk Qrupu öz missiyasını başa çatdırıb. Azərbaycan təsdiq etdi ki, münaqişənin yeganə yolu yalnız güc tətbiqidir. Bundan sonra da Qarabağ münaqişəsinin diplomatik-siyasi həlli gözlənilmir. Ermənistan problemin siyasi yolla nizamlanmasında maraqlı olsa idi o halda baza prinsipləri ilə razılaşardılar. Döyüşlərin qızgın vaxtında Azərbaycan Prezidenti İlham Əliyev yenə də münaqişənin danışıqlar masası arxasında, baza prinsipləri əsasında həllinə hazır olduğunu bildirdi. Lakin Ermənistan baza prinsiplərini qəbul etmir və Qarabağın müstəqilliyini tələb edir. İndi isə Azərbaycan hərbi və diplomatik üstünlüyü ələ alaraq diktə edən tərəfə çevrilib. Fransa prezidenti Makron da neytral olduğunu elan etdi. ABŞ da bitərəf mövqe tutdu. Rusiya da əl altından Ermənistana silah satmasına baxmayaraq, proseslərə qarışmır. Bu da Azərbaycanın lehinədir. Azərbaycan öz ərazilərini işağldan azad etmək üçün əməliyyatları başa çatdıracaq. ATƏT-in Minsk Qrupu tarixin arxivinə qovuşub. Minsk Qrupu yenidən fəallaşarsa Dağlıq Qarabağa status tələb edə bilər. Artıq qalib tərəf Azərbaycandır. Dağlıq Qarabağa heç bir status vermək lazım deyil və həmin torpaqlar Azərbaycanın inzibati əraziu vahidlərinə daxildir. Türkiyə bu prosesdə Azərbaycana tam dəstək verəcək, beynəlxalq birlik də neytral qalacaq”.

 

Paylaş: