29 Noyabr 2020 02:27

Tanınmış özbək şairinin Azərbaycan həqiqətlərini vəsf edən kitabı nəşr edilib

Tanınmış özbək şairi, Özbəkistanın populyar “Kitab dünyası” ədəbiyyat-mədəniyyət qəzetinin baş redaktoru Xasiyyət Rüstəmin “Adı Lalə idi o qızın” adlı poeması (Azərbaycan və özbək türkcəsində olmaqla) nəfis tərtibatla gün üzü görüb.
Əsəri özbəkcədən gənc özbək yazarı Rəhmət Babacan, şair-publisist Əkbər Qoşalı və şair Elşən Əzim uyğunlaşdırıb. Dünya Gənc Türk Yazarlar Birliyi və “Zirvə” Tədris Mərkəzinin ortaq nəşri olan kitabın məsləhətçiləri Millət vəkilləri Qənirə Paşayeva və Məşhur Məmmədovdur.
Şeirləri dünyanın bir çox dillərinə çevirilmiş Xasiyyət Rüstəmin Azərbaycanda gün üzü görən ikinci kitabının rəyçiləri Millət vəkili dr. Cavanşir Feyziyev, Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və “Zirvə” Tədris Mərkəzinin direktoru Rahib İbrahimovdur.
Qeyd edək ki, kitabın “Önsöz” və “Təqdim” yazılarını Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ilə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov yazıb.
Kitabın redaktorları Əkbər Qoşalı və İntiqam Yaşardır.
“Adı Lalə idi o qızın” əsərində birinci Qarabağ savaşı zamanı öz ata-baba yurdundan didərgin düşən Lalənin acı həyat hekayəsindən, ailəsinin yaşamış olduğu ağrı-acı­lardan, bu ağrı acıların onun uşaq yaddaşında buraxdığı dərin izlərdən və son za­manlarda Ermənistanın Azərbaycana qarşı apardığı növbəti işğalçılıq siyasətindən bəhs edilir. Təsadüfi deyil ki, poema, Tovuza düşmən hücumlarının başlandığı 12 iyuldan etibarən yazılıb və 16 iyulda tamamlanıb.
Onu da əlavə edək ki, kitabın Azərbaycanın və Özbəkistanın bir çox elm-mədəniyyət qurumlarına paylanılaraq geniş oxucu kütlələrinə çatdırılması planlanıb. Bundan əlavə kitabın yaxın günlərdə “virtual təqdimat”ı da nəzərdə tutulub.

Paylaş: