30 Noyabr 2020 15:30

Ömər Faiq Nemanzadənin yaradıcılığında milli maarifçilik: türkçülük və azərbaycançılıq

 

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

 

 

III Yazı

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

 

Ömər Faiqin fikrincə, millətə doğru yol göstərmək, pisi yaxşıdan ayırmaq islamlığın, türklüyün əsil mahiyyətini ortaya qoymaq üləmalardan, oxumuşlardan gözlənilir ki, ancaq onların da böyük qismi öz canlarının dərdinə qalıb tərpənmək, dinmək fikriləri yoxdur. O, yazırdı: “Aman ya Rəb, nə üçün beş günlük dünya məhəbbətini, beş-on dəqiqəlik yalançı rahəti, az vaxtda puç olacaq çüzi mənfəəti dünyəviyi-əbədi həyatə, mənəvi və mükafata tərcih edirlər? Oxumuş­luq sifəti, böyüklük rütbəsi, milləti cəhalətdən, səfalətdən qurtarmaq bu vəchlə həmnövünə müavinət etmək deyilmi? Həqiqət, kül, torpaq başımıza ki, hər millətin “abrazovannı”ları millətin salamatlığı üçün əvamünnas ilə hər cür rəftar, millətin hürriyyəti uğrunda mallarını deyil, canlarını fəda etdikləri halda bizim “abrazovannılar”ımız safdil cəmaəti, hənuz maarif və millətpərvərlik aləminə addım atmağa başlamış qardaşlarımızı yersiz, vaxtsız rəfatarları ilə, yazıları ilə, maarif və mədəniyyətdən uzaqlaşdırmağa bir növ səbəb olurlar”. [1]

Nemanzadəyə görə, ikiüzlü üləmaların, “abrazovannı”ların bu əməllərinə görə xalq digər ziyalılara da inanmırlar. Onun fikrincə, bu kimi məsələlərə aydınlıq gətirmək lazımdır ki, xalq da kimlərin arxasınca getməli olmalarını bilsinlər, zəmanə ilə ayaqlaşmağı bacarsınlar: “Zəmanəmizdə bir az görünməyə başlayan hürriyyət, ədalət, insaniyyət günəşi hərçənd bizim üstümüzdə, bizim üfüqümüzdə də doğulacaqdır. Lakin o günün işığından vaxtında istifadə etmək üçün indidən hazırlanmağımız, fürsəti itirməyib dərdləşəyimiz lazımdır. Dərdləşmək, görüşmək, xəbərləşmək, ərzi-hal etməyimiz üçün də əlbəttə, işə yarar, söz keçər, qədri bilinər ümumi “dil”imiz olmalıdır. Bu ümumi nüfuzlu “dil” dəxi millətlərdə olduğu kimi, şəksiz “mətbəə” və “mətbuatdır””. [2] Beləliklə, o hesab edirdi ki, hazırda milli hüquqları, insani vəzifələri, islamlığın və türklüyün əsil mahiyyətini ortaya qoyacaq vasitə mətbuatdır.

Ömər Faiq açıq şəkildə yazırdı ki, Avropa nicatını ilk növbədə, ruhanilərini şüurca ya dəyişdirməkdə, ya da öz yerini göstərməkdə tapdı. Artıq Avropa da ruhanilər ya gözə görünmürlər, ya da görünənləri millətin mənafeyindən danışırlar. Müsəlman xalqlara gəlincə, burada hələ də vəziyyətin ürəkaçan olmadığını yazan Nemanzadəyə görə, avropalılardan fərqli olaraq bizim çıxış yolumuz milli həyatımızın inkişafı üçün, ancaq həqiqi üləmalara, ruhanilərə bel bağlamaqdır. O, yazırdı: “Biz bambaşqayız. Biz, öz milli həyatımızın bəqası üçün gərək dörd əli ilə həqiqi ruhanilərə, məscidlərimizə, məscid məktəblərimizə, şəri adətlərimzə sarılaq. Həqiqi üləmamıza böyük ümidlər, ümidi-nicatlar bağlayaq. Amma indiyə qədər olduğu kimi kor-koranə yox ha! Milli məktəblər, ruhani mədrəsələr açıb onlar ilə gözümüzü, beynimizi açmaq ilə qana-qana ümid bağlayaq”. [3]

Onun fikrincə, bizim nicat vasitəmizdə avropalılardan fərqli olaraq ruhaniləri, üləmaları tamamilə zərərsizləşdirmək yox, ruhani idarələrimizi yeniləşdirməkdir: “Hərçənd bir millətin tərəqqisi əsasən, ruhanilər ilə olmuyub, biləks bəzi millətlərin, xüsusilə avropalıların tərəqqisi, ruhanilərin nüfuz və iqtidarından düşməkləri ilə başlamışdır. Amma islamda, xüsusən bu növ zülm və cəhalət dövründə, hər tərəfdən sıxılıb əzildiyimiz belə keşməkeşli bir vaxtda bizim nicatı vasitəmizin ən ümdəsi, bizi bizi səlamətə çıxaran yolların ən gödəyi ancaq idareyi-ruhaniyyələrimizin islahıdır”. [4] O, sadəcə yazırdı ki, həqiqi üləmalarla, həqiqi ruhanilərlə bunu etmək olar, yallançı ruhanilərlə yox. Deməli, millət də məhz həqiqi üləmaların, ziyalıların (Ə.Ağaoğlu, Ə.Hüseynzadə və b.) arxasınca getməli və onlara tapınmalıdır. [5]

Yeniləşməklə mühafizəkarlıq məsələsində Nemanzadənin Əbuturab Axundoğlu ilə dini və dünyəvi elmlər­dən hansının daha önəmli olması mövzusunda apardığı polemika da maraq doğrur. Opponenti ilə razılaşmayan Ö.Faiqə görə, ilk dövrdə islamın əqidə və ehkamlarının açıq və sadəliyi sayəsində, müsəlmanlar gözəl əxlaqlı, mətin qəlbli, azad fikirli, doğru sözlü, tərəqqipərəst, nəhayət dünyəvi elm xadimi olduqlarından az vaxtda dünyanın yarısını fəth etmiş, ədalət və mərhəmmətlə də idarə etmişlər. Ancaq sonralar, əslində Quranın sadə və bəsit olan əqidə və ehkamlarının bəyanı üçün uzun-uzun təfsir kitabları yazılıb, bununla da əsil islamdan, “əql və hikmətdən” uzaq düşülüb. [6]

Ö.Faiq yazırdı ki, indi islamın əsil mahiyyətini dərk etmək, onun dünyəvi elmlərlə bağlı cəhətlərini mənimsəmək vaxtıdır. Çünki Quranın özünün də böyük qismi dünyəvi elmlərə aiddir: “Bu qəziyyələrdən şu nəticəyi çıxarmaq istəyirəm ki, Quranı, islamı bilmək, Allahı tanımaq, kamil insan olmaq üçün şəriət elmini bilmək on dərəcə lazımsa, dünyəvi elmləri bilmək üçün doxsan dərəcə lazımdır”. [7] Onun fikrincə, əgər dünyəvi elmlərlə mədəniyyətə və insaniyyətə nail olmaq mümkün deyilsə, dini elmlərlə heç vaxt buna müvəffəq ola bilmərik. Deməli, müsəlmanlar hər iki elmi, ancaq daha çox da dünyəvi elmləri öyrənməlidirlər. [8]

Nemanzadənin milli ruhu Ağaoğlu, Hüseynzadə yaxın idi, buna görə də  çox keçmədi ki, o, 1910-cu illərin əvvəllərindən “Molla Nəsrəd­din”lə yolarını ayırmalı oldu. Bizcə, Nemanzadənin “Molla Nəsrəd­din”dən ayrılmasın­da Cəlil Məmmədquluzadənin  get-gedə İslam dininə munasibətdə daha kəskin və bəzən də qərəzli mövqe tutması bunun əvəzində avropalaşmağa və rus bolşevizminə ifrat meyil etməsi mühüm rol oynamışdır. “Molla Nəsrəddin”dən ayrıldıqdan sonra Neman­zadə­nin islama və türklüyə əvvəlcədən olan münasibəti daha da inkişaf etmişdir. Deməli, Ö.Faiq din-islam məsələsinə münasibətdə Ə.Ağaoğlu, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli və başqaları ilə təqribən eyni xətti tutmuşdur. Eyni zamanda o, bundan sonra ümidini ruhani idarələrinin dəyişməsindən daha çox milli aydınların, milli təşkilatların təşəkkülündə görmüşdür.

Nemanzadə, ilk dövrlərdə ümum Türk birliyi tərəfdarı olmuş, zamanla milli-məhəlli türkçülüyün daha gerçəkçi olması qənaətinə gəlmişdir. O, yazırdı ki, Türk milləti arasında oyanışa nail olmaq üçün onun aparıcı ziyalıları tək vücud, tək rəy, tək cəhət-yol altında birləşməlidir. [9]

Deməli, əvvələr ümidini daha çox islamiyyətin yeniləşməsində, ruhani idarələrinin təkmilləşməsində görən Nemanzadə bunun mümkünsüzlüyünü dərk etdikdən sonra milli oyanış, milli birlik məsələsinə önəm vermiş, milli təşkilatların yaranmasını vacib hesab etmişdir. Onun fikrincə, türklər ancaq islamlığını deyil, türklüyünü də dərindən dərk edib millətə təmən­nasız yardım etməli, irəli aparmalıdırlar. Məsələn, o, “Millətpərəstlik zamanıdır” məqaləsində yazırdı ki, türklər islamlığı qəbul etməklə mənfi anlamda heç vaxt  dəyişməmişlər. Əksinə daha güclü olaraq hər daim ədalətin, haqqın yanında olmuş, ədalətsizliyə, haqqsızlığa qarşı mübarizə aparmışlar.[10]

Bizcə, türkçülüklə bağlı olaraq Nemanzadə 1917-ci ildə yazdığı “Mən kiməm?!” məqaləsində nəinki o dövr üçün, günümüzdə də aktual olan bir çox maraqlı məsələlərə toxunmuşdur. O yazırdı ki, hər kəs öz millətini tanıyıb onun uğrunda mübarizə apardığı bir zamanda biz öz millətimizi sevmək belə deyil, onun quru adını da bilməyib ortada çaşıb qalmışıq: “Kim olursa olsun, insan bir nəfər, bir millət və ya fikri-əməl uğrunda vaxt can yandırır ki, ona o zaman aşiq olur ki, onu yaxından tanıyıb ürəkdən sevsin, yoxsa quru və yalançı göstərişlərlə arada məhəbbət, eşq deyil, bayağı dostluq belə olmaz. Mən iddia etmək deyil, uca səslə bağırıram ki, biz özümüzü tanımırız, biz öz millətimizin boş adını belə bilməyiriz”. [11]

Hələ, Ömər Faiqdən öncə Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ü.Hacıbəyli, M.Ə.Rəsulzadə və başqa aydınlarımız bu məsələ­yə toxunaraq türklərin milli  kimliklərini dini kimliklə eyniləş­dir­diklərini, bunun yanlış olduğunu dəfələrlə yazmışdılar. Ancaq çar Rusiyasının Quzey Azərbaycanı işğal altında tutduğu bir əsrə yaxın müddətdə apardığı antitürk siyasətinin nəticəsi olmalı idi ki, millətin özünüdərki prosesi kifayət qədər ağrılı keçirdi. Milli şüuru çar Rusiyasının ideoloqları tərəfindən zədələnən Azərbay­can türklərinin əksəriyyəti özlərini “müsəlman” olaraq qəbul edirdilər. Ancaq bununla kifayətlənməyib milli kimliklərini “persi­yan”, “sünni”, “şiə”, “tatar” kimi göstərənlər də tapılırdı. Ö.Faiq doğru yazırdı ki, halbuki Təbrizin şiəsi, Osmanlının sünnisi, Qafqazın müsəlmanı hamısı türk oğlu türkdürlər. Ancaq Qafqaz türkü İran türkünə “ac tat”, Tiflis türkü isə “persiyan” gözü ilə baxır. Nəticədə də İran türkləri uşaqlarını fars məktəbində oxudub özlərinə “şiə-fars” rəngi verirlər. [12]

Digər tərəfdən Ömər Faiqə görə, türklər İslam qeyrətini də o qədər çəkmişlər ki, artıq bu qeyrətlə öz varlığını və adını da itirmişlər: “Hə, ey Türk! İstər darıx, istər karıx, yaxandan əl çəkəcək deyiləm. Sən hər şeyi öyrənmək istədiyin halda niyə bircə zadı – yəni özünü bilmək istəmirsən, niyə öz varlığından, öz vücudundan, öz soy və nəslindən xəbərin yox?  Niyə sənə “Kimsən?” dedikləri vaxt həqiqi cavabında aciz qalırsan? Niyə sadəcə deyə bilmirsən ki, mən Türkəm? Niyə deyə bilmirsən ki, şiəlikdən, sünnilikdən, babılıqdan əvvəl sən türk idin. İndi də türksən və bundan sonra Türk qalacaqsan”. [13]

 

 

[1] Yenə orada, s.70

[2] Yenə orada, s.70-71

[3] Yenə orada, s.84

[4] Yenə orada, s.121

[5] Yenə orada, s.98-100

[6] Yenə orada, s.146

[7]Yenə orada, s.147-148

[8] Yenə orada, s.157

[9] Yenə orada, s.75

[10] Yenə orada, s.134

[11] Yenə orada, s.233-234

[12] Yenə orada, s.235-236

[13] Yenə orada, s.238

Paylaş: