24 Noyabr 2020 11:17

Okeanın o tayında Qarabağ savaşı, üstəlik qüvvələr nisbəti qeyri-bərabərkən – FOTO, VİDEO

Leyla Bayramlı: “Kanada erməniləri Qarabağda ölmək istəmirlər, lakin başqa metodlara əl atırlar…”

Qarabağ döyüşləri hazırda dünya gündəminin ən önəmli müzakirə mövzularındandır. Eləcə də, xaricdə yaşayan azərbaycanlılar nəfəs dərmədən Vətən müharibəsini izləyir, informasiya savaşı aparır və Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün əllərindən gələni əsirgəmirlər. AYNA-nın həmsöhbəti, Kanadanın Toronto şəhərində yaşayan soydaşımız, diaspor fəalı Leyla Bayramlı kimi. O, Vətən naminə bütün imkanlarını səfərbər edən həmyerlilərimizdəndir. Beləliklə:

– Leyla, bu gün Azərbaycanın Dağlıq Qarabağda keçirdiyi əks-hücum və anti-terror əməliyyatları dünyada da diqqətlə izlənilir. Azərbaycandan çox-çox uzaqda yerləşən Kanadadan bu prosesler necə görünür və ümummiyyətlə görünürmü?

– İlk öncə ondan başlayaq ki, Kanada coğrafi baxımdan Azərbaycan və ümumiyyətlə bizim regiondan çox uzaqda yerləşir. Bu səbəbdən burdakı yerli əhali bu məsələdə hansısa bir mövqe ortaya qoymur və belə deyək, Cənubi Qafqazda gedən bu prosesler onları bir o qədər də maraqlandırmır. Təbii ki, məlumatı olanlar da az deyil. Ancaq ümumilikdə, bizim region ilə əlaqəsi olmayan kanadalıları bu prosesler narahat etmir. Lakin Kanada siyasi dairələrinin, KİV-lərinin bu münaqişədən təbii ki, xəbəri var. Hətta, ara-sıra müxtəlif KİV-lərdə bu münaqişənin işiqlandırılmasına yer ayırırlar. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Kanada siyasi rəhbərliyi, hakim partiya bu məsələdə ermənipərəst mövqe göstərərək, onlar tərəfdən çıxışlar edir və işğalçı rejimi dəstəkləyən mövqe ortaya qoyur. Bizim bütün çabalarımıza rəğmən, səsimizi eşitmirlər və yaxud da eşitmək istəmirlər, həqiqəti görməzdən gəlirlər. Hətta, Kanada Parlamentinin üzvü Racher Harder, Toronto şəhərinin meri Con Tory kimi siyasətçilər açıq-aşkar erməni icmasının yanında olduqlarını qeyd edirlər.

– Bəs, Kanada xalqının mövqeyi? Yuxarıda qismən toxundunuz. Əksəriyyət baxımından Kanada əhalisi bizim bölgəni tanıyır, yaşananlara reaksiya verirmi?

– Kanada immiqrantlardan formalaşan bir ölkədir. Dünyadakı bütün etnik qrupların mənsublarına burada rast gəlmək olar. Təbii ki, məsələnin içində olan, bizim regiona bağlılığı olan keçmiş post-sovet ölkələrindən olan kanadalıların və yaxud burada yaşayan türk əsilli kanadalıların bu hadisələrdən xəbərləri var. Ancaq yerli əhali adlandırdığımız kanadalıları bu məsələlər maraqlandırmır. Azərbaycanda və dünyanın hər yerində olduğu kimi, burada da yaşayan türk bacı-qardaşlarımız bizi dəstəkləyir, tək qoymur, bizimlə birgə təşkil olunan aksiyalarda fəal iştirak edirlər. Lakin rus, gürcü və bəzi post- sovet ölkələrin nümayandələri daha çox bədxah qonşularımızı dəstəkləyirlər.

– Kanada Azərbaycan və erməni diasporlarının güc nisbəti baxımından necə bir ölkə hesab olunmalıdır?

– Tam əminliklə və təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Kanada erməni lobbisinin güclü olduğu ölkələr sırasındadır. Bunun bir çox səbəbləri var. Ancaq əsas səbəblərindən biri də odur ki, onlar bu ölkəyə bizdən illər öncə miqrasiya etməyə başlayıb və burada dərin köklər qurmağa müvəffəq olublar. Digər tərəfdən isə Kanadada yaşayan ermənilərin ümumi sayı azərbaycanlılardan çoxdur. Təbii olaraq belə olan şəraitdə lobbiləri də bizdən güclü işləyir. Güclü işləməsinin rəsmi və bariz nümunəsi isə yuxarıda qeyd etdiyim kimi, hakim siyasi partiyanın, siyasətçilərin açıq-aşkar, birmənal şəkildə separatçı rejimə göstərdikləri dəstək və ermənipərəst mövqeləridir. Digər tərəfdən isə, 2016-cı ilin rəsmi statistikasına görə, Kanadada 63,810 nəfər erməni əsilli Kanada vətəndaşı yaşayır. Nəzərə alaq ki, bu ermənilər həm də seçkilərdə iştirak edən seçicidirlər və səs vermək hüquları var. Təbii ki, siyasi partiyalar və digər siyasətçilər sayca üstünlük təşkil edən icmanın səsini yığmaq, onların rəğbətini qazanmaq üçün həqiqəti görməzdən gələrək ədalətsiz, ermənipərəst mövqe göstərmələri də ağlabatan səbəblər sırasındadır.

– Sizin də iştirakınızla Kanadada erməni vandalizminə qarşı etiraz aksiyaları keçirildi. Aksiyanın təsir və nəticələrini necə qiymətləndirmək olar?

– Aksiyalar Kanadadakı Azərbaycan icmasının təşəbbüsü ilə keçirildi. Fürsətdən istifadə edib Kanadadakı bütün Azərbaycan icmasına, bu aksiyanın təşkilatçılarına və iştirakçılarına minnətdarlığımı bildirirəm. Mən və ailəm də Kanadada yaşayan azərbaycanlılar olaraq bu tədbirlərdə fəal iştirak etməyə çalışırıq. Vətəndən uzaqda olsaq da, ürəyimiz Azərbaycanla döyünür və əlimizdən gələn hər bir imkanla ölkəmizə dəstək olmağa çalışır, həqiqətlərimizi dünya və Kanada ictimaiyyətinin nəzərinə çatdırırıq.

O ki qaldı aksiyanın nəticələrinə, 18 Oktyabr Müstəqillik Günündə təşkil olunan axırıncı aksiyada 2500 nəfərə yaxın insan iştirak edirdi. Fikrimcə, bu, böyük bir rəqəmdir. İştirakçıların əksəriyyəti Azərbaycan icmasının üzvü olsa da, orada bizi dəstəkləyənlər arasında Türkiyədən, Cənubi Azərbaycandan olan qardaş-bacılarımız, həmçinin yəhudi dostlarımız da var idi. Sağ olsunlar. Aksiya Torontonun ən mərkəzi küçələrindən birində təşkil olunduğuna görə, yerli əhaliyə səsimizi eşitdirmək üçün bizə yaxşı fürsət yarandı. Məsələdən xəbəri olmayan kanadalılar da, ən azından bizi gördü, səsimizi eşitdi və bayrağımızı tanıdı. Bir neçə yerli xəbər portalında da aksiya ilə bağlı məqamlar işıqlandırıldı.

Bundan əlavə, bir faktoru qeyd etmək istəyirəm. Qarabağda Vətən müharibəsi getdiyi zamanda, Kanadadakı Azərbaycan icmasi və ABŞ-da fəaliyyət göstərən ACMA (“Azerbaijan Center of MidWest America” – Ortaqərb Amerika Azərbaycan Mərkəzi) qeyri-hökumət təşkilatının bərabər fəaliyyəti oldu. Həmin birgə fəaliyyət nəticəsində, Müstəqillik Günümüzün şərəfinə və bu hadisələrin fonunda, Toronto şəhərinin əsas memarlıq abidəsi olan “CN Tower” qalasının və Niaqara şəlaləsinin Azərbaycan bayrağının rənginə bürünməsi təşkil edildi. Bu addım sosial mediada həmvətənlərimiz tərəfindən rəğbətlə qarşılandı.

– Kanada hökuməti Türkiyənin “Bayraktar” dronlarının Qarabağda istifadəsinə etiraz olaraq, həmin pilotsuz uçuş aparatlarının (PUA) kameralarının Türkiyəyə satışını dayandırdı. Kanadadakı Türkiyə və Azərbaycan icmalarının buna bir etirazı oldu?

– Kanadadakı Türkiyə-Azərbaycan icmasının buna, bildiyim qədəri ilə açıq bir etirazı olmadı. Lakin burada yaşayan ermənilərin KİV-lərin gücündən istifadə edərək, Kanada Xarici İşlər naziri Froncois Philipe Champagneyə etirazları oldu. Bunun nəticəsi olaraq Xarici İşlər naziri rəsmi bəyanatında məsələnin araşdırıldığını və araşdırılıb bitənə qədər texnikanın Türkiyəyə ixracına qadağa qoyulduğunu rəsmi şəkildə qeyd elədi. Bundan əlavə, o, hər iki ölkənin rəsmilərini regiondakı vəziyyəti stabilləşdirməyə və məsələni sülh yolu ilə həll etməyə çağırdı. Təbii olaraq bu kontekstdə olan birtərəfli bəyanat erməni icmasını sevindirdi. Hətta, rəsmi İrəvanın Kanadadakı səfiri Anahit Harutyunyan və Kanadadakı ən böyük erməni icmasının rəhbəri Haqob Arslaniyan da rəsmi Ottavanının ortaya qoyduğu bu mövqedən razı olduqlarını öz çıxışlarında dəfələrlə qeyd etdilər.

– Ermənistan dünya ermənilərinə çağırış etdi ki, gəlin, Qarabağda döyüşün. Kanadada yaşayan ermənilərdən bu çağırışa qoşulanlar var?

– Mən prosesleri yaxından izləyən biri kimi deyə bilərəm ki, Kanadadakı ermənilər bu çağırışa aktiv səs vermədilər, yəni, onlar Qarabağda ölmək istəmirlər. Lakin əvəzində başqa metodlara əl atırlar – lobbilərinin imkanlarindan isitfadə edərək dünyanın hər yerində olduğu kimi, burada da öz yalanlarını aktiv şəkildə ictimiyyətin beyninə yeritməkdən əl çəkmirlər. Eləcə də öz ölkələrinə müəyyən fondlar, yardımlar, ianələr vasitəsi ilə yardım edirlər. Rəsmi məlumatlara əsaslanaraq, Krisdapor Artin adlı, bir neçə il əvvəl Ermənistana köçmüş keçmiş Kanada vətəndaşının son müharibədə öldürüldüyünü bilirəm. Hətta, bununla bağlı Toronto şəhərinin meri Con Tory öz rəsmi “Instagram” və “Facebook” səhifəsində erməni icmasına başsağlığı verdi və onların yanında olduğunu qeyd elədi. Təəssüf ki, həmyerlilərimizin sosial mediada olan çağırışlarına, merin şəxsi ofisinə olan zənglərə, e-mail ünvanına göndərilən kütləvi maillərə rəğmən mer və onun ofisi bizim səsimizi eşitmədi və separatçı rejimi dəstəkləməyə fokuslanmış, birtərəfli mövqe ortaya qoyan bəyanatını öz rəsmi səhifəsindən silmədi.

– Cari ilin iyul döyüşlərində, dünyanın müxtəlif ölkələrində erməni diaspora fəalları azərbaycanlılara hücumlar etmiş, dinc aksiyaları qarşıdurma meydanına çevirmişdilər. Bu mənada hazırda vəziyyət necədir? Şəxsən sizin yaşadığınız Kanadada belə gərginlik və təhlükə yaşanırmı?

– Dünyanın hər bir yerində olduğu kimi, burada da müharibənin qızğın vaxtında ermənilər ilə azərbaycanlılar arasında müxtəlif insidentlər yaşandı. Amerikada və Avropada gördüyümüz kimi olmasa da, burada da bədxah qonşularımızın provokasiya xarakterli hücumları oldu. Lakin həmyerlilərimiz bu provokasiyalara soyuqqanlı yanaşaraq, qanun yolu ilə cavab verməyi üstün tutdu və məsələni polisin öhdəliyinə buraxdı. Bundan əlavə, axrıncı mitinqdə də ermənilər insident yaratmağa çalışdılar. Lakin bizim həmyerlilərimiz onların bu təxribatçı hərəkətinə fikir vermədilər və Toronto polisi onları hadisə yerindən dərhal uzaqlaşdırdı. O ki qaldı təhlükəyə, ümumi olaraq Kanada təhlükəsiz ölkədir. Lakin yaddan çıxarmayaq ki, düşmənimiz heç bir mənəvi dəyərlərə xidmət eləməyən, hər an hər şey gözləyə biləcəyimiz təhlükəli bir toplumdur. Bu səbəbdən, qorxmasaq da, ehtiyatlı davranmağa çalışırıq. Heç kim və heç bir qüvvə bizi haqq səsimizi eşitdirməkdən çəkindirə bilməz. Qarabağ Azərbaycandır və Allahın izni ilə, torpaqlarımızın ən qısa zamanda azad olunmasını Kanadadakı azərbaycanlılar olaraq səbirsizliklə gözləyirik. Dualarımız əsgərlərimizlədir!   /ayna.az/

undefined

undefined

undefined

undefined

undefined

undefined

 

Paylaş: