24 Noyabr 2020 22:07

Həminki Tramp… – Ermənilərin xəyalları puç oldu

Qəzənfər Həmidoğlu
Dünən gecə ABŞ dövlət katibi Mayk Pompeo Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçıları ilə ayrı-ayrılıqda görüş keçirdi.
Saatlar keçdi, danışıqlardan düz-əməlli bir xəbər çıxmadı. Kimsə açıqlama da vermədi.
Həmin arada prezident Donald Tramp belə qəribə açıqlama verdi ki, özü də vasitəçilik edir və artıq “çox yaxşı tərəqqi var”:
“Biz Ermənistanla danışırıq. Bizim Ermənistanla çox yaxşı əlaqələrimiz var. Orada çox yaxşı adamlar yaşayırlar, inanılmaz insanlardır. Görək nə olacaq? Düşünürəm ki, bu əlaqələrdə çox yaxşı tərəqqi var”.
Tramp həminki praqmatikdir – dərdi Ağ evə iki həftə sonra keçiriləcək şeçkidir. Bayramov və Mnatsakanyanın Vaşinqtona dəvətlərini də amerikan siyasətinin deyil, respublikaçı Pompeonun seçkiönü gedişi kimi də dəyərləndirmək olar. Trampa deyilib ki, Co Baydenin əlindən erməni diasporunun səslərini almaq lazımdır, o da xoş görünmək üçün hayları mədh edir, danışıqlara dəxli olmayan açıqlama verir.
Koronovirus əngəl olmasaydı, Trampın Ağ evdə ikinci dəfə oturmaq şansı yüksək idi. İndi tam əminlik olmadığı üçün bütün imkanlar dəyərləndirilir, hətta “erməni xəstəsi” Baydenin əlindəki “erməni səsləri”nə göz dikilir…
Tramp 4 il Qarabağ probleminə maraq göstərməyib, heç münaqişə tərəflərinin liderlərinə zəng də etməyib. Belə işlər onu cəlb etmir. Onun üçün əsas ABŞ-ı gücləndirmək, sərvətini artırmaq, dinyanın ən qüdrətlisi etmək kimi işlərdir.
Bəzi politolaqlar ABŞ-ın danışıqları himayəsinə almaq niyyətindən və ya Putindən küsən Paşinyanın çarəni Vaşinqtonda axtarmasından yazırlar. Cəfəngiyyatdır.
Düzdür, ABŞ-ın münaqişəni qəfil yada salması Rusiyanı məcbur etdi ki, Azərbaycan və Ermənistanın XİN başçılarını Vaşinqtona uçmazdan əvvəl Moskvaya dəvət etsin. Bu keçmişdənqalma refleksdir, RF “arxa bağçası” saydığı regionların Amerika ilə əlaqələrinə həmişə şübhəli reaksiya verir.
Yeri gəlmişkən, Putinin “Valday” klubundakı açlqlaması belə bir qənaət yaratdı ki, Moskva Cənubi Qafqazdakı yükün altına artıq təkbaşına girmək istəmir və “amerikalı tərəfdaşlardan da fəalıq” gözləyir.
Ktemlin sahibinin bu açıqlamasında yəqin ki, yüngül ironiya var. Hər halda, ABŞ-ın sehrli çubuğu yoxdur…
Xatırladaq ki, Azərbaycan siyasətində ABŞ 20 il əvvəl (BTC və s. enerji layihələri ilə bağlı) daha öməmli rol oynayırdı. ABŞ səfirləri də Bakı da fəal idilər. Metyu Brayzanın səfirliyi ilə bağlı ABŞ hakimiyyətinin uğursuz addımından sonra Vaşinqton və Bakının müştərək maraqlarındakı kəsişmə nöqtələri seyrəldi. Hazırda ABŞ-ın Bakıya təsir rıçaqları azdır və ya yoxdur.
Digər tərəfdən, HATO siyasi rəhbərliyinin və hərbi blokun üzvü olan Türkiyənin münaqişə ilə bağlı mövqeyi artıq bəllidir. ABŞ-da erməni lobbisinin güclü olmasına, amerikan siyasətçilərinin anti-Türk ritorikasına, Konqresdə şellənərək “Dağlıq Qarabağı tanımağı” tələb edən bir sürü konqresmenə rəğmən, Ağ ev Ankaraya qarşı getmək niyyətində deyil. Üstəlik, Ankara Azərbaycanın maraqlarının müdafiəsində qəti və sərt mövqe sərgiləyir. Sökə-sökə özünə nizamlamada yer edir.
Putindən “Azərbaycan əraziləri sonsuzadək işğalda qala bilməz” sözlərini eşidən erməni tərəfi okeanın o tayından da əli ətəyindən uzun qayıtmalı oldu. Vaşinqton görüşlərindən sonra ciddi bir açıqlama da olmadı.
Erməni xəyalları puç olmaqda davam edir. Azərbaycan isə meydanda da döyür, masada da…

Paylaş: