30 Noyabr 2020 18:06

Kreml İrəvanı mütləq cəzalandıracaq – Xlopotov

Ermənistanın Azərbaycanda dinc əhaliyə qarşı terroru davam edir. Bu dəfə erməni terrorunun qurbanı Rusiya vətəndaşı olan bir uşaq oldu. Bu, artıq Ermənistan hökumətinin düşüncəsizliyinin həddini aşmasıdır.

Turkustan.info bildirir ki, bu barədə Axar.az-a açıqlamasında rusiyalı hərbi ekspert Aleksey Xlopotov bildirib.

Ekspertin sözlərinə görə, artıq Ermənistan rəsmi Kremlin qarşısında mülki obyektləri deyil, guya “məhz” Gəncədəki hərbi bazaları atəşə tutduğu barədə heç bir iddia ilə çıxış edə bilməyəcək:

“Rəsmi Kreml buna səssiz qalmayacaq! Ermənilərin dinc Azərbaycan şəhərini atəşə tutması zamanı rusiyalı uşağın ölümü İrəvan üçün ölüm hökmünə çevrilə bilər. Əgər bu günə qədər Ermənistan Moskvadakı ermənipərəst dostlarının hesabına “sudan quru çıxa” bilirdisə, bu dəfə hər şey daha ciddidir. İrəvan dinc insanlara qarşı bu hərbi cinayətlərə görə məsuliyyət daşımalı olacaq!”

Qeyd edək ki, Azərbaycanın Baş Prokurorluğu şənbə günü Gəncə şəhərinin atəşə tutulması nəticəsində yaralanmış 2007-ci il təvəllüdlü Rusiya vətəndaşının xəstəxanada vəfat etdiyini bəyan edib.

Gəncə şəhəri təmas xəttindən təxminən 80 kilometr məsafədə yerləşir və artıq üç dəfə Ermənistan tərəfindən raket atəşinə məruz qalıb, nəticədə onlarla mülki şəxs ölüb və yaralanıb.

Paylaş: