26 Noyabr 2020 07:39

Möhtəşəm 4 həftə: 06:00 27.09.2020 – 06:00 25.10.2020

Qəzənfər Həmidoğlu
Vətən savaşına – İkinci Qarabağ müharibəsinə əks-hücumla başladıq: 4 möhtəşəm həftə ərzində tariximizi, taleyimizi, mahiyyətimizi dəyişdik, yeniləndik. İçimizdəki vətən-millət sevgisini, qürur-qəzəbi vulkan kimi püskürtdük.
Bu tarixi günlərdə əsas dərdimizdən sevincimizə (Qarabağ problemindən Qarabağ zəfərinə) yol aldıq: müqəddəs hədəfə – Şuşaya doğru yürüşdə işğalçını iti qovan kimi şəhər və kəndlərimizdən qovuruq.
Ordumuzun müzəffər yürüşündə Ali Baş Komandanın ətrafında sıx birləşdik, meydanda- masada status-kvodan əsər-əlamət qoymadıq.
Dünyanı çaş-baş saldıq, dostu sevindirdik, düşməni sarsıtdıq. Supergüclər meydanda qəfildən yeni əsrin ordusunu gördülər. Gözləmirdilər, yuxudan oyandılar, valı dəyişdilər…
Qardaşımızla – Türkiyə ilə 102 il əvvəlin 15 sentyabrında olduğu kimi geosiyasi konyunkturanı dəyişdik, ənənəvi qlobal və regional oyunçulara, oyunbazlara, statuslara meydanı dar etdik.
Kimsə bu sətirlərdə şənə tərif, izafi pafos və ya şişirtmə axtarmasın. Heç bir mübaliğəyə varmıram – reallığın özü fantastikdir.
İllərlə susduq, susduq və bu 4 həftədə möhtəşəm kükrədik. Bu bizik – Azərbaycan türkləri, Zəfərimizə qənşər gedirik!

Paylaş: