26 Noyabr 2020 08:35

Səbəb boynu yoğun oldu…

Qəzənfər Həmidoğlu
Tehranın Bakıya şübhəli yanaşmasının səbəbini Azərbaycan-İsrail isti münasibətlərində axtaranlar ya cahildirlər, ya da ən azı səmimi deyillər.
İsrail Azərbaycana siyasi və hərbi dəstək verir. Digər yandan, yəhudi lobbisi olmasaydı, hazırda Azərbaycanı asıb-kəsən qlobal media çoxdan bizi basdırmışdı.
Amma İsrail faktoru İran üçün bəhanədir, molla rejiminin qarnının ağrısı başqadır. Anlayırlar ki, Qarabağı qaytaran Azərbaycan güclənəcək və vaxt gələcək gözü hazırda Tehrana baxan təbrizli, ərdəbilli, urmulu, miyanəli, marağalı qardaş-bacılarımız üzünü Bakıya çevirəcək.
Mollalara bir şeydə “sağ ol” deyə bilərik ki, İrəvanı dəstəkləməklə münaqişəni müsəlman-xaçpərəst davası kontekstindən çıxarırlar.
Fars rejiminin yalançı ümmətbazlığı, qatı millətçiliyi, qeyri-farslara yuxarıdan aşağı baxmaları və İkinci Qarabağ Savaşı zamanı qeyri-dostyana davranışları, boynuyoğun generalların gizli-açıq hədələri Güneyin səbrini daşdırır. Biz yox, özləri səbəb yaradırlar. Sabir demişkən:

Nə üçün kişvəri-İran
Olur şəxsiyyətə qurban?
Məgər bayquş sevir viran
Və ya tale zəbun oldu?
Səbəb boynu yoğun oldu!

Qeyri-rəsmi məlumatlara əsasən (İran qapalı cəmiyyətdir, rəsmi məlumatlarına etibar yoxdur, əhalinin siyahıya alınmasında etnik mənsubiyyət nəzərə alınmır),
İran əhalisinin sayı:— 81 500 000 nəfər:
farslar – 31 milyon
Azərbaycan türkləri – 33 milyon
bəluclar – 4,5 milyon
kürdlər – 4 milyon
talış, gilanlı və mazəndranlılar – 5 milyon
türkmənlər – 1,5 milyon
ərəblər – 1,5 milyon.
ermənilər- 500 min

Paylaş: