29 Noyabr 2020 01:54

II Qarabağ Savaşı: Böyük əks-hücumdan Vətən Müharibəsinə…

Qəzənfər Həmidoğlu

Azərbaycan Ordusunun düşmənin qəfil hücumundan sonra başlatdığı əks-hücum bir ay ərzində cəbhədə və danışıqlar masasında status-kvonu yerlə-bir etdi, yeni reallıq və geosiyasi mənzərə yaratdı, Azərbaycanın simasını və ona kənardan baxışı dəyişdirdi.
Sentyabrın 27-də səhər erkəndən başlayan fövqəladə əks-hücum sonradan 30 il əvvəl başlamış işğala, uduzulmuş ilk döyüşə qarşı Böyük Əks-hücuma çevrildi.
Bir aylıq müddət davam edən hərbi dəyərləndirmək üçün erkəndir. Sadəcə yeni yaranmış mənzərənin fotoşəklini çıxarmağa çalışaq.
Heç şübhəsiz ki, yeni reallığın memarı, banisi, həlledici siması Ali Baş Komandan oldu:
1.Siyasət. Ali Baş Komandanın iradəsi və qətiyyəti ilə əks-hücuma keçdik. Hər şey ilk addımdan, ilk addım isə qərardan başlar. Təbii ki, qərar riskli də ola bilir, əks-effekt verir: diletant Paşinyanın hücum qərarı avantüra idi.
2.Hərb meydanı. Prezident İlham Əliyevin qərarından sonra Milli Ordunun müzəffər yürüşü başladı. Ali Baş Komandanın uzun illərdir yenidən qurduğu, ən müasir hərbi texnologiyalarla müsəlləh etdiyi yeni əsrin Ordusu zabitlərinin hərbi məharəti, əsgərlərinin rəşadəti, yüksək döyüş hazırlığı və strategiyası ilə bir aya çətin relyefdə torpaqlarımızın önəmli hissəsini azad etdi. Addım-addım, düzgün taktika ilə hər gün bizi hədəfə daha yaxın oluruq.
3.Danışıqlar masası. Savaşın bir ayı diplomatik gərginliklərlə müşayiət edildi. Bakıya təzyiqlər, təhdidlər sərtləşdi. Amma Azərbaycan düşmənin manevr və manipulyasiyalarını öncədən oxuya bildi. Vasitəçilər etibarlarını, tərəfsizliklərini itirdilər və Bakını boğaza yığmaqla məsğul oldular. Türkiyənin dəstəyi, supergüclərə sərt müqaviməti həm onları özlərindən çıxarır, həm də çəkindirir. Böyük güclərin beynəlxalq hüququ saymadıqlarını, qaydasız oynadlqlarını nəzərə alsaq, onlar risk və təhdid mənbəyi olaraq qalırlar. Rusiyanın İdlibdə Türkiyıyə yaxın qüvvələri qəfildən vurması Putinin “Valday” kubu üzvləri ilə onlayn-görüşdə Ərdoğan haqqındakı fikirlərinin səmimiliyini şübhə altında qoydu. Təhdidlərin şiddəti önündə Ali Baş Komandan düşməni silahlandıran vasitəçilərin çirkin davranış və niyyətlərini ifşa edərək xəbərdarlıq etdi:Kənardan aqressiya olarsa, Türkiyə F-16-ları havaya qalxacaq!
Bu fonda həmsədrlər və xarici işlər nazirlərinin oktyabrın 29-da Cenevrədə keçiriləcək görüşündən hansısa “qrafik”in çıxacağı az inandırıcıdır. İşğalçıların torpaqlarımızdan çıxarılmasına dair cədvəl verməsi Paşinyanın siyasi sonu deməkdir.
Onun açıqlama və davranışları baş naziri tam etibarsız füqur və qeyri-ciddi tərəf kimi xarakterizə edir. Bu fonda Bakı təbii ki, hərbi-siyasi yoldan əl çəkməyəcək.
4. Cəmiyyət. Ali Baş Komandan sözü (“Azərbaycanın qarşısında heç kim dura bilməz”) və əməli (cəbhədəki inanılmaz uğurlarlar) ilə vətəndaşlarımızı ruhən böyütdü, inandırdı, dəyişdirdi. İlk humanitar atəşkəsin ilk günü turbulans vəziyyəti yaransa da, cəmiyyətin bir qismindəki bədgümanlıq tezliklə aradan qalxdı. Liderin imkan daxilində strateji hədəfərini, cəbhə məlumat və müjdələrini xalqla bölüşməsi, şəffaflığı, düşmənə ironiyası cəmiyyətdə pozitiv effekt, ruh yüksəkliyi yaradır, bütünlükdə milli ovqatı yüksəldir. Liderinin simasında savaş günlərində Azərbaycan öz demiurqunu yaxından tanıdı!
5. Tarix. Savaşın bir ayı bəs etdi ki, ordu, millət və lideri tarix yaratsın. Ali Baş Komandan yaratdığı tarixi sözün müstəqim anlamında həm də yazır.
İlham Əliyevin çıxışları, xalqa müraciətləri və dünya mediasına müsahibələri faktiki olaraq savaşın günbəgün salnaməsidir. Prezident geniş təhlillər aparır, sahədə və masada sonrakı gedişatı, hədəfləri elan edir, açıq kartlarla oynayır və bundan çəkinmir. Bunun nəticəsidir ki, cəmiyyət bütünlükdə hədəfə kilidlənib.
Müzəffər Ordumuz, yüksək döyüş hazırlığı, hərbi gücümüz bu möhtəşəm savaşda digər önəmli faktor və şərtlərdir və bu, başqa yazının mövzusudur.
Bir ayın gedişatı, Ali Baş Komandanın qətiyyəti, hərbi-siyasi rəhbərliyin məharəti, Türkiyənin möhtəşəm dəstəyi bizdə əminlik yaradır ki, meydanda-masada nə qədər çətin keçsə də, sonda Zəfər bizim olacaq.

Paylaş: