29 Noyabr 2020 03:20

Kreml açarını itirib

Qəzənfər Həmidoğlu

 

Rus şairi Fyodor Tyutçevin məşhur dördlüyü var:

Rusiya ağılla anlaşılmaz,

Arşınla ölçülməz:
O özünə xasdır –

Rusiyaya yalnız inanılır.

 

Amma Rusiya heç inanılası deyil. “Valday” klubunda Putin Ərdoğanı “güvənilir tərəfdaş” adlandırmış, onunla işləməyin xoş olduğunu vurğulamışdı. Üstündən iki gün keçməmiş
Rusiyanın hərbi təyyarələri İdlibdə Türkiyəyə yaxın Suriya Milli Ordusuna bağlı ” Feylaku’ş Şam” qruplaşmasının təlim düşərgəsinə onlarla ton bomba yağdırdı. Azı 56 əsgər həlak oldu.
Və yaxud Azərbaycan lideri açıq şəkildə ittiham etdi ki, Rusiyadan Ermənistana qaçaqmalçılıq yolu ilə silah ötürülür. Dəlillər artıq Moskvaya təqdim olunub. Kremldən bir səs yoxdur, amma şübhə yoxdur ki, biabırçı vəziyyətə düşən Rusiya hansısa yolla revanş axtarır. Rusiya TV-ləri isə gecə-günduz dəlilsiz-sübutsuz bizi içlərindəki çirkaba bulaşdırmaq istəyir. Putinsə “Valday” da demişdi ki, “Azərbaycan və Ermənistan Rusiya üçün bərabər tərəfdaşdır”.
Təbii ki, inanmadlq, təbii ki, bərabər tərəfdaşlıq mifdir. Türklər demişkən, bu nə pəhriz, bu nə kələm turşusu. Erməniləri silahlandırırlar, özü də pulsuz-parasız. Sonra da bizdən dostluq umurlar.
Türkiyəli ekspertlərə görə, Ankaranın Cənubi Qafqaza girməsini əngələməyə çalışan Rusiya Qarabağ savaşında status-kvonun dəyişilməsinin qisasını İdlibdə alır.
Çörçill Rusiyaya daha yaxşı bələd idi:”Mən sizə Rusiyanın nə edəcəyini əvvəlcədən deyə bilmərəm. Bu, sirlərə bürünmüş və başsındıran bilinməzin içərisinə qoyulmuş tapmacadır, ola bilsin ki, açarı var. Bu açar rus milli maraqlarıdır”.
Rusiya ətrafını, qonşularını qatıb qarışdıra-qarışdıra artıq açarını itirib. Putin birgə tarixi keçmişimiz, mədəniyyıtimiz var deyərək MDB məkanında birliyə cağırır. Anlamır ki, bizi birləşdirən dəyərləri özünün təbliğatı və siyasi zorbalığı ilə çoxdan basdırıb.
Əvvəllər yerindən duran politoloq deyərdi ki, Qarabağ münaqişəsinin açarı Moskvadadlr. Rusiya bundan xoşnud olardı, çünki özünü bölgənin hamisi rolunda görür.
Lakin II Qarabağ savaşı başladıqda gördük ki, Kreml o açarı itirib, masadakı fərsizliyi ilə əlindən düşürüb. Düzdür, Rusiya əvvəlki rolunda qalır, amma “Qarabağın açarı” artıq onu cəbhədə tapan Azərbaycanın öz əlindədir.

 

Paylaş: