30 Noyabr 2020 14:37

Ömər Faiq Nemanzadənin yaradıcılığında milli maarifçilik: türkçülük və azərbaycançılıq

 

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

 

 

IV Yazı

 

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

Ömər Faiqə görə türklük nə dinlə, nə də dinsizliklə bağlı deyildir. Bu, bir milli kimlik, öz soyunu və kökünü tanımaqla yanaşı, eyni zamanda bir dünyagörüşdür. Türklər isə, hələ İslamdan öncə həm milli kimlkilərini – türklüklərini, həm də dini kimliklərini – Tanrıçılığı yaxşı anlamışlar. Bu mənada, türklər dünyanın köklü və inanclı millətlərindən biridir. Ancaq ötən min illiklər ərzində başqa millətlərə yurdumuzda və ürəyimizdə yer verərək türklü­yümüzdən uzaqlaşdığımız zamanlar da az olmamış­dır. Nemanzadənin  təbrincə desək: “Ey özünü itirir, unudur dərəcədə müsafirpərvərlik, özgələrə hörmət göstərən türk, yaxşı yadına sal ki, sənin ruhun, sənin qanın, sənin düşüncən, sənin varlığın hənuz sənin özündə ikən sən bugünkü kimi dilsiz, yazısız yəni milli nişanəsiz deyildin. Ey sadə ürəkli türk, dünən, bu gün öz varlığını, öz mədəniyyətini göstər bilib, indi sənə “köhnə barbar” gözü ilə baxıb bugünkü mədəniyyətlərin haqsızlıqlarına görə incimə”. [1]

100 il bundan əvvəl digər Azərbaycan mütəfəkkirləri kimi, Nemanzadə də türkləri ayılmağa, tərpənməyə və milli qüruru uğrunda mübarizəyə səsləyirdi: “Ey türk, zamanımız özgə zamandır. Əgər bundan sonra özümüzü tanımayıb qalsaq, qorxuram ki, gec ayıldığımız vaxt sağalıb yigitcə yaşamaya vücudumuzda qüvvət və taqət qalmamış ola. Ey türk, keçmiş­lərdən ibrət al, hələ vücudun   sağlam ikən, yaşamağa istedadın var ikən, fürsət əldə ikən əsil vücudunu tanı, qədrini anla. Ey türk, yaxşı bil ki, bugünkü məhşərin suri-israfili elmə, milli ittihada dəvət ediyor”. [2] Onun fikrincə, indinin siyasi fəlsəfəsi tərəqqiyi millətçilikdə görür. Bu mənada, Nemanzadə açıq şəkildə yazırdı ki, insanda dini əqidə ilə yanaşı millətəpərvərlik də mühüm yer tutur. Çünki millətpərvərlik ictimai fəlsəfənin əsas olub, özünü tanımaq fəlsəfəsi, millətini bilmək elmidir.

O, hesab edirdi ki, türklüyün əsas sütunlarından biri də dövlətdir. Bu baxımdan Ömər Faiq dövlətçilik məsələsinə xüsusi önəm verir, Azərbaycan milli hökumətinin işini pozmağa çalışan qara qüvvələri tənqid edirdi: “Mənafeyi-ümumiyyə xidmət etməyə, haqq və camaat rizası üçün çalışmağa  alışmamışız. İnanınz, çoxumuzun fikri və xəyalı xüsusi mənfəətdir. Milli hökumət düşüncəsi, xəzinə faydası birər bəhanə, birər lafdır (boş sözdür). Bütün hərəkətimiz, ümumiyyət pərdəsi altında xüsusilikdir. Hər kəs bu dərdə mübtəladır. Bu dərd isə cavan hökuməti incidiyor, sarsıdıyor. Xaricə qarşı daxili qüvvətimizi zəiflədiyor. İçəridəki mənfəətpərəstlik xaricdəki düşmən­ləri sevindiri­yor, yeni qurulan hökumət maşinasını pozuyor, həm də fəna halda pozuyor. Heç kəs ürəkdən düzəltməyə can yandırmıyor, ortalıqda bir “spekulyasiya”dır, bir xəyanətdir gediyor”.[3]

Onun fikrincə, nə olursa-olsun milli dövləti yıxmaq istəyənlərə qarşı çıxıb Cümhuriyyəti qorumaq lazımdır: “Qurduğumuz xalqçı cümhuriyyətdə hər zaddan qabaq murad və mənfəətini nəzərə almaq lazım gəlir. Cümhuriyyətimizin bünövreyi-əsasını meydana gətirən qara xalqın üzünü ağartmaq, üstlərindən cəhalət qaranlığını qaldırmaq, məişət ağırlığını atmaq xalqçılığın şah əsəri, yeganə vəzifə olur”. [4]

Ömər Faiq Türkçülüyün əsas ana sütunlarından biri olan Türk dili məsələsinə də çox önəm vermiş, bir çox məqalələrində Azərbaycan türklərinin ana dilinə sahib çıxmasının vacibliyindən bəhs etmişdir. Onun fikrincə, bir millətin varlığı ilk növbədə, onun dilinin varlığıdır, ana dili yoxdursa, millət də yoxdur. O, “Dilimiz və imlamız” məqaləsində yazırdı ki, milli dilin itirilməsi qorxusu bütün millətlərdə, xüsusilə də müstəmləkəçiliyə məruz qalanlar da vardır: “Bu qorxu, millətini sevən hər həmiyyətlini düşündürsə gərəkdir. Çünki dadlı dilimizin yavaş-yavaş aşağıya doğru düşdüyünü görürüz. Sevgili dilimizin aramızdan artıq qiyməti gedir. Halbuki bu zamanda hər millət öz dilini saxlamaq üçün varını yox, canını belə fəda edir. Nə edək?  Bizim bir çox işlərimiz kimi bu da böylə düşür: Qafqaziyalı, elmli iki türk yarım saata qədər öz ana dilləri ilə danışsalar darıxırlar. Bir kazanlı ilə bir qafqazlının beş, on dəqiqə türkcə danışa bilmələri isə çox az görünür. Yazıları da bunun kimi”. [5]

Ona görə, bir millətin övladlarının eyni bir dilin fərqli şivələrində danışması təbii olsa da, ancaq tamamilə yad dil vasitəsilə ünsiyyət qurmaları yolverilməzdir. Nemanzadəyə görə, burada əsas problem  şivə anlaşılmazlığı deyil, imla və qaydalara əməl etməməyimizdir: “Demək ki, bu gün çoxumuzun türk dili ilə danışmaq, yazmaq istəməməyimizə səbəb qayda, imla, məhəbbətimizin yoxluğudur”. [6] Nemanzadə yazırdı ki, bundan çıxış yolu son əsrlərdə təqlid etdiyimiz “gərəksiz” və “artıq” ərəb və fars qaydalarından imtina edib, türk sözlərimizi və türk adlarımızı bərpa etməyimizdir. [7]

O, eyni zamanda Ə.Hüseynzadənin, Ə.Kamalın və başqalarının Azərbaycan Türk dilini Osmanlı Türk dilinə oxşadılmasına qarşı olmuşdur. Nemanzadə hesab edirdi ki, Hüseynzadə Türk dilinin yenidən təkmilləşdirilməsii məsələsində bir qədər haqlı olsa da, əsasən onunla razılaşmaq mümkün deyil. Ona görə, vaxtilə əcdadlarımızın, xüsusilə də Səlcuqların və Osmanlıların islam dinini, müsəlmanlığı öyrənmək üçün təhsildə ərəb dilinə və ərəb əlifbasına üz tutması yanlış olduğu kimi, indi də İstanbul şivəsini ədəbi dil elan etmək Türk dili üçün uğurlu deyil. O, yazırdı: “Atalarımız müsəlmanlığı ərəb hərfləri ilə və ərəb dili ilkə öyrənmək istəyib böyük zərərlərə, fəlakətlərə düçar oldular. “Düşün, sonra iman gətir” qaydasını buraxıb, “gözünü, beynini yum, ərəb dili ilə, ərəbə müqəllidlik ilə iman gətir” – üsulunu təqib etdilər. Bu yol ilə həm özlərini, həm də bizi bədbəxt etdilər. Elə bilirəm ki, dəxi keçmişlərdən, keçmiş zərərlərimizdən, Avropanın bu gün narazı olub asanlıqla düzəldə bilmədiyi qüsurlarından ibrət almaq vaxtıdır. Bilmədiyimiz Avropanın bu gün narazı qaldığı əskikliklərdir ki, onu da oradan öyrənib hər iki qüsurun bundan sonra bizdə kökləşməməsinə dörd əl ilə çalışmalıyıq. Heç bir ağıllı türk bulunmaz ki, keşmiş qüsurlarımızı, Avropada bu gün görülən rahatsızlıqları bilə-bilə onların gələcəkdə bizdə də təkrar olunmasına razı olsun”. [8]

Onun fikrincə, Türk xalqlarında imla qarışıqlığının səbəbi isə Türk dilinin qanuna tabe olmaqdan çox son əsrlərdə ərəb və fars imlasını təqlid etmək olmuşdur. Bununla da min illərdən qalan türk adlarımızı, türk sözlərimizi bir kənara qoyub sob dövrlərdə dilcə ya ərəbləşmişik, ya da farslaşmışıq. O, hesab edirdi ki, buna son qoymaq zamanı gəlib çatmışdır: “Doğrudur, biz ərəb və farsdan minlərcə söz almışıq. Bundan sonra da ehtiyac gördükcə alacağız və almalıyıq. Lakin o aldığımız sözləri özümüzə mal edib, onları öz türk sərfimizə tabe etməliyik. Onları türk sözü kimi işlətməliyik. ərəbin, farsın hamı sərf qaydalarını dilimizdən qovmalıyıq. Öz türk dilimizin aləmində yalnız türk sərfini etməliyik”. [9]

Nemanzadə hesab edirdi ki, Azərbaycan türkləri üçün ilk növbədə, vacib olan Türk dilinin qorunub saxlanmasıdır: “Hər millətin ədəbiyyata malik dili o millətin ruhu, nişaneyi mövcudatıdır. Ondan məhrum olduğu gün mərhum olmuş, ondan uzaqlaşdığı gün qəbrinə yaxlaşmış deməkdir. Tarix bizə göstərir ki, bir millətin cahangirliyi, hökuməti hətta yeri-yurdu da əlindən alınsın, madam ki, milli ədəbiyyatı var, o millət məhv edilməz. Dili kəsilməyən millətin vücudu kəsilməz, ədəbiyyatı yaşayan millət heç vaxt ölməz”. [10] Nemanzadə hesab edir ki, Qərbdə fransız dili hansı əhəmiyyətə malikdirsə, Türk dili də Yaxın Şərqdə bir o qədər böyük əhəmiyyət daşıyır: “Türk dilinin Yaxın  Şərqdəki hakimiyyətinə şahidlər axtarmaq lazım deyil, onunla danışan 60-70 milyonluq böyük bir kütlənin şahidliyindən daha möhkəm nə ola bilər?”. [11]

Beləliklə, Sovetlər Birliyi dövründə daha çox “mollanəsrəddinçi”, hətta bəzən marksist-leninizm tərəfdarı kimi qələmə verilən Nemanzadə heç vaxt milli-dini dəyərlərdən kənara çıxmamış, Azərbaycan Cümhuriyyətinin varlığını müdafiə etmiş, milli-demokratlar bir sırada olmuşdur. Onun dünyagörüşünün əsasında yeniləşmək, islam dininin əsil mahiyyətini dərk etmək və türkün özünə dönüşü dayanmışdır. Nemanzadə çox doğru dərk etmişdir ki, ilk növbədə türkün öz fəlsəfəsinə, dünyagörüşünə dönməsi vacib şərtdir. Çünki öz milli mahiyyətindən, milli varlığından uzaq düşən bir toplum üçün yeniləşmək və dindən yapışmaq çox da fayda verməz.

Burada əsas məsələrdən birisi də, milli-dini adət-ənənələrin hər daim zəmanə ilə uzlaşdırlması, ayaqlaşdırılmasıdır. Bizcə, Nemanzadə bu məsələdə də, xeyli dərəcədə haqlı idi ki, milli-dini adətlərini hər vaxt öz zamanına uyğunlaşdıra bilən toplumlar daim diri qalır və inkişaf edirlər.

[1] Yenə orada, s.239

[2] Yenə orada, s.239-240

[3] Yenə orada, s.243

[4] Yenə orada, s.248

[5] Yenə orada, s.29

[6] Yenə orada, s.29

[7] Yenə orada, s.31

[8] Yenə orada, s.166

[9] Yenə orada, s.172

[10] Yenə orada, s.246

[11] Yenə orada, s.247

Paylaş: