30 Noyabr 2020 05:09

Ceyhun Bayramov Ruhaninin xüsusi elçisi ilə Qarabağdakı vəziyyəti müzakirə etdi

Xarici İşlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Xarici İşlər nazirinin müavini və İran İslam Respublikasının Prezidentinin xüsusi elçisi Seyid Abbas Arağçını qəbul edib.

Turkustan.info  xəbər verir k, tərəflər Azərbaycan və İran arasında mövcud yüksək səviyyəli əməkdaşlığı vurğuladılar və gələcəkdə bu münasibətlərin daha da inkişaf edəcəyi ilə bağlı əminlik ifadə etdilər.

Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun nəticələri və regionda baş verən sonuncu gərginliyi ətraflı şəkildə müzakirə etdilər.

Nazir Ceyhun Bayramov bölgədə son gərginlik, Ermənistan rəhbərliyinin hərbi təxribatları, Ermənistan Baş nazirinin bölgədə gərginliyin artması məqsədini güdən və münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirən məsuliyyətsiz bəyanatları və addımları barədə İran Prezidentinin xüsusi elçisinə məlumat verdi. Nazir Azərbaycanın Silahlı Qüvvələrinin özünü müdafiə hüququ çərçivəsində və Azərbaycanın mülki əhalisini qorumaq məqsədilə əks həmlə tədbirlərini həyata keçirdiyini bildirdi.

Nazir Ceyhun Bayramov xüsusi olaraq vurğuladı ki, Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozur və Azərbaycan əhalisini məqsədyönlü şəkildə hədəf alır. O, münaqişə zonasından uzaq məsafədə yerləşən Gəncə, Mingəçevir, Bərdə və digər şəhərlərin, uşaq və qadınlar daxil olmaqla günahsız mülki əhalinin Ermənistan silahlı qüvvələri tərəfindən xaincəsinə atəşə tutulduğunu qeyd etdi.

Nazir Azərbaycan Respublikasının Prezidenti tərəfindən dəfələrlə bildirildiyi kimi, ölkəmizin başlıca məqsədinin xarici silahlı qüvvələrin Azərbaycanın suveren torpaqlarından çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün onun beynəlxalq tanınmış sərhədləri çərçivəsində bərpa edilməsi olduğunu vurğuladı.

Xüsusi elçi Seyid Abbas Arağçı münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə dair İranın rəsmi mövqeyini bir daha vurğuladı. İran Prezidentinin xüsusi elçisi mülki şəxslərin həyatının itirilməsi ilə bağlı başsağlığını ifadə etdi.

Nazir Ceyhun Bayramov Azərbaycanın ərazi bütövlüyünə İranın dəstəyi ilə bağlı həmsöhbətinə minnətdarlığını ifadə etdi.

Görüşdə, həmçinin tərəflər qarşılıqlı maraq və narahatlıq doğuran məsələləri müzakirə etdilər.

Paylaş: