03 Dekabr 2020 17:11

Avropa Məhkəməsi: Ermənistanı hansı cəza gözləyir? – AÇIQLAMA

Azərbaycanın Baş prokuroru Kamran Əliyev bildirib ki, sentyabrın 27-dən bu günədək prokurorluq orqanları tərəfindən 45 cinayət işi başlanıb: “Hər bir işlər üzrə istintaq-əməliyyat qrupları işləyir. Dinc əhaliyə və mülki infrastruktura qarşı müharibə cinayətlərinin törədilməsi tapşırıqlarını Ermənistanın hərbi-siyasi rəhbərliyi verir. Bununla bağlı bizdə kifayət qədər sübutlar var. Biz bunları açıqlayacağıq”.

Maraqlıdır, cinayət işi Beynəlxalq qurumlara təqdim olunacaq? Hərbi cinayətlərə görə cəza mexanizmi varmı? Bu cinayətlərə görə Ermənistanı hansı cəzalar gözləyir?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan vəkil Fariz Namazlı bildirib ki, hazırda Azərbaycan Ermənistan hökumətinin törətdiyi cinayətlərə görə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib:

“Azərbaycan hökuməti Avropa İnsan Hüquqları Məhkəməsinə müraicət edərək məhkəmə qaydalarının 39-cu bəndinə əsasən, müvəqqəti xarakterli tədbirlərin görülməsini istəyib. Ermənistan tərəfinin mülki əhaliyə, mülki obyektlərə və mülki infrastrukturlara zərbə endirilməsinin qarşısının alınmasını xahiş edib. Müraciət 27 oktyabr Avropa Məhkəməsinə göndərilib. Lakin hələlik Avropa Məhkəməsi tərəfindən bununla bağlı hər hansı qərar qəbul olunmayıb. Hazırda işə baxılır”.

Vəkil qeyd edib ki, bundan əvvəl Ermənistan hökuməti də həmin məhkəməyə bir neçə dəfə Azərbaycana qarşı belə şikayətlər göndərib:

“Ermənistan hökuməti 3-4 dəfə həm Azərbaycana, həm də Türkiyəyə qarşı belə şikayətlər göndərib. Həmin şikayətlərə də baxılır. Gələcəkdə də yəqin ki, həm Azərbaycan hökumətinin adından, həm də Gəncədə, Bərdədə, Tərtərdə atəşə məruz qalan şəxslər, həmçinin evləri dağıdılan şəxslər tərəfindən də bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə davamlı şikayətlər, müraciətlər göndəriləcək. Həmin məhkəmədə mexanizm belədir ki, Avropa Məhkəməsi hər hansı bir şəxsi cəzalandırmır. Sadəcə, Ermənistan hökumətinə qarşı şikayət verilibsə, Ermənistan hökumətinin Avropa İnsan Hüquqları Konvensiyasının hansısa maddələrinin pozuntusu faktını tanıya bilər. Lakin o qərarın da icra mexanizmi çətin olacaq, sadəcə konpensasiya hissəsi icra olunacaq. İşə baxılma prosesinin həyata keçirilməsi isə demək olar ki, mümkünsüzdür. Çünki Ermənistana qarşı qərar çıxıbsa, həmin qərarı Ermənistanda icra edəcəklər. Yəni Azərbaycan o məsələyə müdaxilə edə bilmir”.

 

Paylaş: