24 Noyabr 2020 10:35

“Can Azərbaycan”ın könüllü elçiləri, yaxud Şimali Makedoniyanın Beynəlxalq Vizyon Universitetindən Azərbaycana dəstək

Şimali Makedoniya. Üsküp, Kalkandələn, Qostivar… Üsküp şəhəri. Ona “heykəllər şəhəri” də deyirlər. Makedoniyalı İsgəndərin əzəmətli heykəli. Bütün Makedoniya torpaqlarına həyat verən, türkülərdə öyülən Vardar çayı! “Vardarın boyunbağısı” adlandırılan tarixi daş körpü – Fatih Sultan Mehmet körpüsü!  Üsküp aeroportundan Qostivara gedən yolda Kalkaldələn şəhərində ziyarət etdiyimiz möhtəşəm, tarixi məscid! Qostivar şəhəri. Adına layiq bir özəlliyə sahib, olduqca qonaqsevər bir şəhərdir Qostivar. Bu torpaqlarda gəzərkən bir daha böyük türk şairi Yəhya Kamal Bayatlının  doğulduğu torpaqlarda qalan türklük qoxusu ilə bağlı qələmə aldıqlarını xatırladım: “Türklük Avropaya doğru cezrü meddi biten bir deniz gibi o dağlardan çekilmiş, lakin tuzunu bırakmış. Bütün o toprak Türklük kokuyor”…  Osmanlılardan sonra bu torpaqlarda qalan, yaşayan və həyat mücadiləsi verən türk övladları valideynlərini itirən, yetim qalan uşaq kimi hər şeydən öncə, məhz əcdadlarından qalan bu qoxuya sarılıb, onların ruhundan güc almağa çalışdılar. Makedoniyalı türk şairi Fahri Kaya “Əlbəttə, varıq” adlı şeirində söylədiyi kimi:

    “Canlı birer anıt olduğumuz için

     Bu topraklarda elbette çoktandır varız”, –

 dedilər. Yüz ildən, düz yüz ildən sonra Balkanlarda və hətta Avropada Türkiyə türkcəsi ilə təhsil vermək hüququna sahib olan bir universitet də yaratmağı bacardılar – Beynəlxalq Vizyon Universiteti!

   Şimali Makedoniya ilə bağlı gözəl təəssüratlarım çoxdur. Amma bu yazıda hələlik həmin təəssüratlardan deyil, makedoniyalı türk qardaşlarımızın Azərbaycan sevgisindən söz açmaq istəyirəm. Onların bu böyük sevgisini özündə cəmləşdirən  iki türk ziyalısının, iki gözəl insanın Azərbaycan sevdası, doğma vətənimizə olan sonsuz sevgi və heyranlığını çatdırmaq istəyirəm sizlərə. Bir il bundan əvvəl müsahibə aldığım həmin iki dəyərli insanla bu yaxınlarda yenidən həmsöhbət oldum. Müsahiblərim eyni adamlardı. Amma məkan da, zaman da, mühit də fərqli idi. Ötən ilin sentyabr ayında Şimali Makedoniyadan önəmli bir toplantıda – Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısında iştirak etmək üçün Bakıya gələn türk qardaşlarımızla  – Gostivar şəhərində fəaliyyət göstərən Beynəlxalq Vizyon Universitetinin professorları, universitetin rektoru Fadil Hoca və prorektor Abdülməcid Nurəddinlə söhbətimizi oxucularımıza çatdırmışdıq. Daha sonra makedoniyalı qardaşlarımızın təhsil nailiyyətləri ilə bağlı daha iki yazımız da dərc olunmuşdu. Bu ilin fevral ayında Beynəlxalq Vizyon Universitetinin təşkil etdiyi bir neçə əhəmiyyətli tədbirə – Usküpdə  Kiril Metodi Universitetinində  Divan ədəbiyyatına, dahi Füzuliyə, Qostivarda BVU-da türk xalqının böyük şəxsiyyətlərindən olan  Turan Yazqana həsr olunan iki konfransa və Xocalı soyqırımının anım gününə dəvət aldım. Hər üç tədbirdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu ilə bərabər iştirak edirdik. Hər iki universitetdəki məruzə və çıxışlarımız  böyük  maraqla qarşılandı. Bu unudulmaz təəssüratlarla zəngin və əhəmiyyətli səfər çərçivəsində önəmli bir sənəd – Beynəlxalq Vizyon Universiteti ilə AMEA Nəsimi adına Dilçilik İnstitutu arasında əməkdaşlıq müqaviləsi də  imzalandı. Konfranslar bitdikdən sonra mən bir müddət Şimali Makedoniya arxiv və kitabxanalarında araştırma aparmaq üçün Gostivarda qalmalı oldum. Adında qonaqsevərlik anlamı da daşıyan Qostivar şəhərində qonaq olmaq! Uzun illərdən bəri dostluq və qardaşlıq sevgisiylə bağlandığım və hal-hazırda Beynəlxalq Vizyon Universitetində çalışan, Türk dünyasının iki dəyərli insanı Sevil xanım Abbasova İrevanlı və onun həyat yoldaşı dos.dr. Atilla Jormanın ailə ocağının, eləcə də  bütün Vizyon ailəsinin qonaqpərvərliyinə heyran oldum! Amma təəssüf ki, dünyanı bürüyən pandemiya üzündən digər ölkələrdə olduğu kimi, Şimali Makedoniyada da bütün təhsil müəssisələri, eləcə də arxiv və kitabxanalar müvəqqəti olaraq bağlandı və mən araşdırmalarım üçün hələlik yalnız internet saytları, elektron kitabxanalar və əldə etdiyim azsaylı kitab və dərgilərlə kifayətlənməli oldum. Qeyd edim ki, bu çətin günlərdə bütün qüvvəsini səfərbər edərək onlayn olaraq öz fəaliyyətini davam etdirən Beynəlxalq Vizyon Universiteti öz əzmkarlığı  ilə də təhsil sahəsində əsl örnək oldu. Avropada türkcə ali təhsilin tək ünvanı olan bu universitetdə  bütün fakültələr və kurslar üzrə ardıcıl olaraq onlayn dərslər keçirildi, onlayn  seminarlar,  konfranslar təşkil edildi və təbii ki, semestr sonu imtahanlarda da uğurlu nəticələr əldə edildi. Sərhədlər açıldıqdan sonra Vətənə dönərkən ötən il Bakıda müsahibim olan iki önəmli insanla – BVU-nun rektoru prof.dr. Fadil Hoca və prorektor prof.dr. Abdulməcid Nurəddinlə yenidən görüşüb həmsöhbət oldum. Pandemiya şəraitində universitetin gördüyü işlərdən, onlayn təhsildə əldə etdikləri uğurlardan,  universitetin gələcək planlarından bəhs etdik. Qeyd edim ki, bütün bunlar barədə –  Makedoniya səfərim, Gostivar şəhəri və xüsusilə, Avropada tarix yazan Beynəlxalq Vizyon Universiteti barədə Azərbaycan oxucusu, inşallah, hazırladığım kitabda tanış olacaqlar. Amma bu yazıda əsl istəyim, makedoniyalı türk qardaşlarımızın məhz Azərbaycan sevgisini, doğma vətənimiz Azərbaycanla bağlı düşüncə və arzularını sizinlə bölüşməkdir.

    Hələ bir il öncə, bu iki dəyərli türk övladı, “evladi-fatihan”la  görüşüb söhbət edərkən, məni ən çox təsirləndirən onların, Bakıda keçirilən beynəlxalq əhəmiyyətli  bir toplantıda – Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısında məhz Azərbaycan üçün, Dağlıq Qarabağla bağlı problemində vətənimizin  haqlarını müdafiə etmək məqsədilə iştirak etməkləri olmuşdu. Xatırladım ki, bu barədə daha ətraflı “Bakı Vyanadan da gözəldir, yaxud Yolunuz açıq olsun, Fadil Hoca adlı”  portret-müsahibəmizdə tanış olmuşdunuz. Həmin  müsahibənin sonunda Fadil bəy “Azərbaycandakı qardaşlarınıza söyləmək istədiyiniz bir söz varmı?” – sualıma, “Azərbaycana yaxşı, həm də çox yaxşı sahib çıxın. Azərbaycan bizim canımız, gözümüzdür… Mən ikinci dəfədir, gəlirəm. Hər gələndə də çətinliklə ayrılıram Azərbaycandan…Azərbaycan, həqiqətən, çox önəmli bir dövlətdir. …” – deyə cavab vermişdi. Eyni sualı bu dəfə soruşmadan cavablandırdı Fadil bəy. Görüşüb vidalaşarkən  Azərbaycanda yaşanılan ağrı-acılı günlər ( Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutması, qəhrəman döyüşçülərimizin, generalımızın şəhid olması xəbərini yenicə almışdıq. Vətəndən uzaqda bu xəbəri eşitməyin nə qədər ağır və acı olduğunu isə qürbətdə yaşayanlar daha yaxşı bilər…) barədə bunları söylədi: “Biz Azərbaycanı çox sevdik. Azərbaycana “Can Azərbaycan” deyirik biz. Son vaxtlar Azərbaycanın başına gələn bu şər və müsibətlərə görə, şəhidlərə görə qardaşlarımıza başsağlığı veririk. Şəhidlərimizin məkanı cənnət olar, inşallah. Biz minlərlə kilometr uzaqlıqda olmamıza rəğmən, həmişə Azərbaycanlı qardaşlarımızın yanındayıq, hər zaman yanında olduq və daha çox olacağıq.  Erməni zülmünün, onların törətdiyi qətliamın gündəmə gətirilməsində əlimizdən gələni etməyə davam edirik. Azərbaycan bizim də dövlətimizdir. Amma lütfən, Azərbaycanı yaxşıca qoruyun. Azərbaycansız Türklük ağlasığmazdır!”  Azərbaycana bütün qəlbiylə bağlı olan bu gözəl qardaşımızın sözləri məni bir daha təsirləndirdi və ruhlandırdı. “Burda bizimlə  birlikdə  Azərbaycan üçün Vizyon Universiteti olaraq daha nələr etmək olar?” –    deyə sual verdim. “Bu pandemiya günləri bitsin, inşallah, universitetimizdə “Azərbaycan günləri”, “Azərbaycanı tanıtma günləri”, “Azərbaycan Folkloru günləri”  keçirə bilərik. Azərbaycanlı qardaşlarımızı dəvət edərik. Vizyon Universiteti olaraq biz bunu böyük məmnuniyyətlə edərik”, – dedı. Sonra da gülümsəyərək  zarafatyana “Onu da söyləmək istəyirəm ki, siz bura, Universitetimizə Azərbaycandan gələn ilk mədəniyyət elçisisiniz. Biz bir neçə dəfə Azərbaycana getdik. Amma bura indiyədək Azərbaycandan  çox az insan gəlib. Sizi isə Azərbaycanın ilk mədəniyyət elçisi elan edə bilərik”, – deyə əlavə etdi.  Fadil Hocanın bu sözləri mənə bir neçə gün öncə Abdulməcid bəylə söhbət edərkən onun söylədiklərini xatırlatdı.

    Türk dünyasına ürəkdən bağlı olan, xüsusilə Türkiyə sevdalısı olduğunu bildiyim, hətta Fahri Tunaya ünvanlandığı bir məqaləsində “Ana vətənimiz Türkiyə günəş kimi parlasın, o günəşin kölgəsi Rumelidə  bizlərə yetər…” – deyən prof. dr. Abdulməcid Nurəddinin bəy həm də Azərbaycanı çox sevir.  Hələ Bakıda olarkən onun mavi səmamızda dalğalanan üçrəngli bayrağımıza neçə sevgiylə boylanıb baxdığının, hər il universitetlərində anım gününü təşkil etdikləri Xocalı soyqırımından bəhs edərkən əsl hüquqşünas təmkinilə boğmağa çalışdığı “səssiz haray”ının şahidi olmuşdum…  Azərbaycana yola düşməzdən əvvəl onunla da Beynəlxalq Vizyon Universiteti, pandemiya və onlayn təhsil məsələsi ilə əlaqədar xeyli söhbət etdik.  Söhbətimin sonunda “Hocam, sizin Türkiyə sevdalısı olduğunuzu bilirəm, Azərbaycan sevginizdən də bizə söz açmanızı istərdim”, – dedim.  Özünəməxsus təmkinlə belə cavab verdi: ““Türkiyə sevdalısı” dedikdə, biz Azərbaycanı Türkiyədən ayrı deyil, bir bütün olaraq görürük. Fiziki, ya da coğrafi fərqliliklər könüllərin eyni düşünməsi və eyni yaşamasına mane deyil. Biz türk dünyasını bir bütün olaraq görürük. Amma Türk dünyasının Türkiyədən sonra ilk açılan qapısının Azərbaycan olması və bir də mənim hələ Qırğızstanda, universitet illərindən  azərbaycanlı qardaşlarımı yaxından tanımağım, onlarla dostluğum Azərbaycanı  daha çox sevməyimin səbəblərindəndir. Qırğızıstandaykən biz Azərbaycandan bir neçə qardaşımızla bərabər təhsil aldıq. Həyatın gerçəkləri ilə milli tarixin gerçəkləri heç zaman dəyişməz. O coğrafiyada insanların birlikdə oxumaq və yaşamaq  imkanı olmaya da bilər. Ümumiyyətlə, türk tarixinə, qədim türk tarixinə baxdığımız zaman Azərbaycanın, sadəcə Azərbaycan Respublikasının deyil, Güneyin də bizim bir parçamız olduğunu, bizim babalarımızın Qafqazdan, hətta daha irəli gedib Orta Asiyadan, şübhəsiz ki, əzəmətli bir şəkildə bura daşıdıqları o mədəniyyəti görürük. Buna görə də  istər Güney  Azərbaycanı, ya da Qarabağı  ayırmadan Yeniseydən Dunaya qədərki hövzə bizim ölkə olaraq  bir bütündür. Macarıstanı da ayırmaq olmaz… Türk dünyasını bir ev kimi düşünün. Bu evdə hər şey yerində olmasa, gözəlliyi, estetikası yoxa çıxar. Bu məsələni  mədəni miras və dini həssasiyyət olaraq iki bərabər hissəyə bölmək lazımdır. Din bir seçim məsələsidir. İnsan onu dəyişdirmək hüququna sahibdir və buna hörmətlə yanaşarıq. Amma qardaşlıq hüququ, qan bağı, soy bağı, genetik kodlarımız bir olduğu üçün biz  Türk dünyasını bir bütün olaraq  görürük. Bu səbəbdən də mən Azərbaycanı heç vaxt ayırmıram və bunu istər məqalələrimdə, istərsə də elmi konfrans və toplantılarda söyləyirəm. Belə  demək mümkünsə, Azərbaycanın könüllü və yenilməz fəxri səfiriyəm! (Hörmətli professorun  böyük qürur hissi və səmimiyyətlə, bir az da zarafatyana, gülümsəyərək söylədiyi bu son ifadədə əslində böyük həqiqət var. Elə  mən də tanıdığım ilk gündən,  vətənimizi ürəkdən sevən  Abdulməcit bəyi və Fadil Hocanı Azərbaycanın könüllü, fəxri elçiləri  hesab edirəm.- Ş.A.H.) Əlbəttə, bütün türk qardaşlarımız bizim üçün əvəzolunmazdır. Amma Azərbaycanın yeri tamamilə başqadır! Türkiyədən də həm insanların həyat tərzi, milli kimlikdəki həssasiyyətləri məsələsində də heç bir fərqi yoxdur. Və unutmayaq ki, Azərbaycanın, ümumiyyətlə, insanlığa, xüsusilə də Türk dünyasına istər ədəbiyyat, istərsə də siyasət sahəsində   qazandırdığı çox böyük şəxsiyyətləri var. Yeri gəlmişkən,  hörmətli Elçibəyi də  rəhmətlə yad edirik. Çünki o da Türk dünyası üçün dəyərli bir insandır. Şairlərinizi sadalamıram, çünki onsuz da Azərbaycan şairlər diyarıdır!”

    Makedoniyadan vətənə qayıtdıqdan sonra ordakı gözəl insanlar – makedoniyalı türk qardaşlarımız barədə təəssüratlarımı qələmə almağa, götürdüyüm müsahibələri yazıya köçürməyə başlasam da, daha geniş şəkildə, kitab olaraq nəşr etdirmək arzusundayam. Bu sətirləri isə yaziya köçürməklə, daha öncə də qeyd etdiyim kimi, bu ağır, qanlı-qadalı, eyni zamanda şərəfli və zəfər müjdəli günlərimizdə –  torpaqlarımızın azadlığı uğrundakı vətən müharibəsində dəyərli türk qardaşlarımızın Azərbaycan sevgisini,  bizə bütün varlıqları ilə dəstək olmaq arzusunu çatdırmaq istədim. Vətən müharibəsinin elə ilk günündə – 27 sentyabrda ilk mesajı Fadil Hocadan aldım. Salamsız-kəlamsız, ikicə cümləyə sığışan ilahi  bir dua, ülvi bir istək vardı bu mesajda: “Azərbaycan ordusunu, Allahım, müzəffər eylə. İnşallah, düşmanlarımızı pərişan eylə.” Sonra zəfərlərimizin xəbəri gəldikcə, hörmətli rektordan yeni mesajlar, Türk dünyasının birliyini tərənnüm edən gözəl türkülərlə zəngin videolar da gəldi. “Bütün qardaş Azərbaycan xalqına salam olsun. Ordumuzu Allah müzəffər eyləsin, inşallah”, – deyə xeyir-dualarını əsirgəmədi dəyərli Fadil qardaşımız. Abdulməcid bəy də həmçinin unutmadı bizləri; “Can Azərbaycanın qəzası mübarək olsun. Qarabağ azad olsun. Turan elləri var olsun”, “Dualarımız can Azərbaycanla, Allah qardaşlarımızı müzəffər etsin. Türk yurduna salam olsun”, “Can Azərbaycanı Rəbbim müzəffər etsin, şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa, Can Azərbaycana qüdrət və zəfər diləyirəm, bu haqlı müharibənizdə yanınızdayıq. Dualarımız Azərbaycanla, Allah qardaşlarımızı müzəffər etsin. Qarabağ azad olsun. Türk yurduna salam olsun!” – deyə bir-birinin ardınca mənəvi qardaşlıq və dəstək mesajları göndərdi. Var olsunlar! Bu günlərdə isə Fadil bəyin Beynəlxalq Vizyon Universiteti adından Azərbaycana, illərdir əməkdaşlıq etdiyi bir universitetə, Azərbaycan İqtisad Universitetinin rektoru hörmətli prof. dr. Ədalət Muradova ünvanlandığı dəstək məktubu isə xüsusilə dəyərlidir. “Vizyondan Azərbaycan dövlətinin apardığı ədalətli mübarizəyə dəstək məktubu” adlandırdığı  bu məktubda  Azərbaycan torpağı olan Dağlıq Qarabağı 30 ilə yaxındır, beynəlxalq hüquqa zidd bir şəkildə işğal altında saxlayan Ermənistanın ölkəmizin mülki yaşayış yerlərində müdafiəsiz və məsum insanlara qarşı ağır silahlarla törətdiyi hücumu qətiyyətlə pislənərək qınanılır. “Azərbaycan Respublikasının torpaqlarını  işğal edən Ermənistana qarşı Azərbaycan dövlətinin  beynəlxalq və qanuni özünümüdafiə hüququ çərçivəsində Azərbaycan dövlətinin öz ərazi bütövlüyü uğrunda apardığı müdafiə hərəkatını sonunadək dəstəkləyirik”, – yazan prof.dr. Fadil Hoca Beynəlxalq Vizyon Universiteti adından tezliklə haqq-ədalətin bərpa olunacağına, Dağlıq Qarabağın  işğaldan azad ediləcəyinə əminliyini ifadə edərək şəhidlərimizə Uca Allahdan rəhmət, yaralı qardaşlarımıza şəfalar diləyib. Rəhbərlik etdiyi universitet və şəxsən öz adından bütün azərbaycanlı qardaşlarını ürəkdən  dəstəklədiyiklərini, salam və dualarıyla həmişə yanımızda olduqlarını bildirib.

    Şimali Makedoniyanın Qostivar şəhərində yerləşən Beynəlxalq Vizyon Universiteti – yaradılması ilə  “Bir əsrə atılan imza”! Şüarları  da “Bir əsrə atılan imza” oldu. Bu, bir əsr sonra yenə türkcənin akademik səviyyədə Balkanlarda təsis edilməsi deməkdir. Bir neçə il öncə Türkiyənin Qaziantep Universitetində “Balkanlarda türklər” mövzusunda verdiyi konfransda  bir önəmli məsələni xüsusi vurğulamışdı Fadil Hoca: “Biz bu Balkanlar adlanan dalğalı dənizdə yaxşı üzməyi öyrəndik. Bu dənizdə yaxşı üzməyi bacarmayan, təəssüf ki, dalğalara qərq olar, assimilyasiya olar.”  Bu gün  artıq yeddi ildir ki, Balkanlar adlı dənizdə dayanmadan irəliləyən bir “gəmi” var – Beynəlxalq Vizyon Universiteti! O nəhəng gəminin “kapitan”ı  da, onunla birgə yola çıxan insanlar da dalğalı, təlatümlü dənizdə yaxşı üzməyi bacaran, fırtınalardan qorxub-çəkinməyən insanlardır. Ürəklərində Allah sevgisi, dillərində doğma türkcəmiz, aldıqları hər nəfəsdə  Türklük qoxuyan torpaqların ətrini duyan bu  evladi – fatihan da  günümüzün könül fatehləri, qəhrəmanlarıdır. Balkanlarda Türk-İslam mədəniyyətini, şanlı türk varlığımızı dünyaya tanıdaraq yaşadan  makedoniyalı türk qardaşlarımızın yaratdığı möhtəşəm bir təhsil ocağıdır Beynəlxalq Vizyon Universiteti! Türklük qoxuyan torpaqlarda yenidən tarix yazır! Bu universitetin  hörmətli professorları,  qurucu rektoru Fadil Hoca və prorektor Abdulməcid Nurəddin – onlar  Avropada elmin bayrağını ucaltmaqla türklüyümüzü, milli və mənəvi dəyərlərimizi  yaşadırlar. Eyni zamanda, Türk dünyamızın hər bir tərəfində yaşayan qardaşlarına mənəvi dəstəyə həmişə hazırdırlar. Bu insanlar Azərbaycana xüsusi sevgiləri ilə də seçilirlər. “Can Azərbaycan”  deyə adlandırdıqları vətənimizin könüllü və yenilməz fəxri elçiləri, var olun!

 P.S. Bu məqamda, sanki makedoniyalı türk şairinin – Fahri Kayanın və bütün   evladi-fatihanın uzaqlardan gələn səsini eşidirəm: “Əlbəttə, varıq!”

Dos.dr. Şəlalə Ana Hümmətli

Paylaş: