29 Noyabr 2020 02:25

Bakı artıq “5 rayon” məsələsini gündəmdən çıxardı

Altı saatlıq Cenevrə görüşü 27 ildir davam edən sözdə danışıqlar prosesi çərçivəsində bu günə qədər keçirilən görüşlərdən heç bir cəhətdən fərqlənmədi. Real nəticənin əldə olunacağı da gözlənilmirdi.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, bu görüş, sadəcə, həmsədrlərin fəallığını göstərmək məqsədi ilə keçirildi:

“Görüş plansız və məzmunsuz idi. Çünki yenə Ermənistan Azərbaycanın irəli sürdüyü konstruktiv və daha məqbul təkliflə heç bir halda razı olmaq istəmir. Cenevrə görüşündə qəbul edilən bəyanat da tam arzuolunan bəyanat deyil. Belə ki, bəyanatda BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vurğulanmadı. Digər tərəfdən, atəşkəsin davamı və danışıqlar prosesinin əhəmiyyəti vurğulandı. Bu sözlər də yeni deyil. Ənənəvi olaraq 27 ildir davam edən danışıqlar prosesində eşitdiyimiz sözlərdir.

Bəyanatda vurğulanan “danışıqların davam etdirilməsi” məsələsində lazımi zəmin yoxdur. Ermənistan məğlub olduğu halda iddialarından və ambisiyalarından əl çəkmirsə, demək, proses hərbi müstəvidə davam edəcək. Artıq danışıqlarda Azərbaycan BMT qətnamələrinin icrası ilə bağlı tələblərinin bir çoxunu özü hərbi yolla həyata keçirib. Bu gün Kəlbəcər və Laçın xaric ətraf rayonlar azad edilib. Yəni “5+2” formatı artıq aktual deyil. Bu mənada Ermənistan istənilən halda danışıqlara gəlməli və Azərbaycanın haqlı tələbləri ilə razılaşmalıdır. Həmsədrlər bu gün bu istiqamətdə səyləri gücləndirməlidir. Əks təqdirdə, regionda baş verəcək istənilən gərginlikdən Azərbaycan məsuliyyət daşımır”.

Paylaş: