29 Noyabr 2020 01:49

Qida məhsullarını necə saxlamaq lazımdır? – MƏSLƏHƏT

İstehlak bazarında baş verən neqativ halların başlıca səbəblərindən biri də qida məhsullarının saxlanması ilə bağlıdır. Bu yazıda istehlakçıların qeyd olunan sahədə bilməsi zəruri olan məsələlərdən bəhs edəcəyik.

Bu məsələlərlə bağlı İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin məsləhətlərinə istinad olunub.

Qida məhsullarının saxlanılmasının düzgün təşkili, onların istehsaldan istehlakçıya çatdırılmasının bütün mərhələlərində itkilərin azaldılması, keyfiyyətin və təhlükəsizliyinin qorunması mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir.

Saxlanılma qabiliyyətinə görə, bütün ərzaq malları tez xarab olan və uzun müddət saxlanılmağa davamlı mallar qrupuna bölünür. Tez xarab olan mallara ət, balıq, süd, yumurta, təzə meyvə, giləmeyvə və tərəvəzlər aid edilir. Uzun muddət saxlanılmağa davamlı mallar qrupuna isə un, yarma, makaron, şəkər, nişasta, qurudulmuş meyvə-tərəvəzlər, konservlər, alma, kartof, kələm və s. aiddir.

Saxlanılma zamanı qida məhsullarında fiziki, kimyəvi, biokimyəvi və mikrobioloji dəyişikliklər baş verir. Bu da onların qidalılıq dəyərinin aşağı düşməsinə, dadına, iyinə, rənginə, görünüşünə, bir sözlə keyfiyyətinə təsirsiz ötüşmür. Bu dəyişikliklərin xarakteri, sürəti malın tərkibindən və xassələrindən asılıdır. Havanın tərkibi, temperaturu, rütubəti, şüa enerjisi, mikroorqanizmlər və s. baş verən dəyişikliklərə təsir gostərən amillərdəndir.

Ərzaq mallarının saxlanılmasında fiziki və fiziki-kimyəvi dəyişikliklər başlıca olaraq xarici mühit amillərinin təsiri altında baş verir. Fiziki və fiziki-kimyəvi dəyişikliklər nəticəsində məhsulun görünüşündə dəyişikliklər baş verir. Eyni zamanda kimyəvi və biokimyəvi proseslər sürətlənir. Bu zaman həmin məhsulların tərkibindəki stafilakok bakteriyaları aktivləşir və istehlak zamanı insan orqanizmi üçün zəhərlənmə təhlükəsi artır. Bütün bu sadalananları nəzərə alaraq, istehlakçılar qida məhsullarını alarkən onların üzərində qeyd olunan temperatur rejimlərinə uyğun şəraitdə və müddətdə saxlanmasına xüsusi diqqət yetirməlidir.

Qida mallarının saxlanılmasında ən vacib şərtlərdən biri temperatur rejiminə əməl etməkdir. Temperatur, məhsulun saxlanılması zamanı gedən bütün proseslərin intensivliyinə təsir gostərir. Temperaturun artması ilə suyun buxarlanması, fermentlərin, mikroorqanizmlərin və zərərvericilərin fəallığı güclənir. Bunlar isə saxlanılan məhsulda itkilərin artmasına və keyfiyyətin aşağı düşməsinə səbəb olur. Birinci növbədə növündən və tərkibindən asılı olaraq ərzaq mallarının optimal saxlanma temperaturu mənfi 180C-dən müsbət 250C arasında dəyişir. Dondurulan məhsullar (ət, balıq, tərəvəz) üçün optimal temperatur -180C hesab edilir. Belə şəraitdə mikrobioloji, biokimyəvi və kimyəvi proseslər dayanır. Ət məhsullarının bir dəfədən artıq dondurulması onun keyfiyyətinə mənfi təsir göstərir.

Yeyinti məhsullarının əksəriyyətinin saxlanılması ücün 0-40C qədər temperatur lazımdır. Belə şəraitdə süd məhsulları, meyvə-tərəvəzin çoxu, yumurta, bitki yağları və s. yaxşı qalır.

Tərkibində duz, şəkər, turşular olan ərzaq mallarını mənfi 2-50C-də saxlamaq məsləhət görülür. Belə məhsullara duzlu, qaxac edilən, soyuq hislənmiş balıqlar, pendirlər, yarımhislənmiş və çiy hislənmiş kolbasalar, meyvə-tərəvəzlərin bəzi növləri (alma, kələm, soğan, sarımsaq) aiddir. Nəmliyi az olan ərzaq mallarını (un, yarma, şəkər, nişasta, ədviyyatlar) mənfi 20C-dən müsbət 250C arasında olan temperaturda saxlamaq mümkündur. Konservləşdirilən ərzaq mallarını da 0-dan 250C arasında saxlamaq mümkündur.

Diqqətli istehlakçılar temperaturun dəyişməsi nəticəsində qida məhsullarında baş verən dəyişikləri aydın müşahidə edə bilər. Temperaturun aşağı düşməsilə əlaqədar məhsullarda bulanıqlaşma (şərab, pivə, mineral sular), qatılaşma (bitki yağlarında), həmçinin çox sulu məhsullarda suyun donması baş verir. Temperaturun artması nəticəsində isə duru məhsulların həcmi artır, yağ əriyir, məhsullarda kimyəvi və biokimyəvi proseslər sürətlənir.

Havanın temperaturu ilə bağlı olan rütubət də ərzaq mallarının saxlanılmasında böyük əhəmiyyətə malikdir. Rütubətin artması zamanı məhsulların kütləsi artır. Bununla əlaqədar peçenye, vafli və suxarı məmulatları yumşalır. Duz, toz-şəkər, un səpilmə qabiliyyətini itirir, karamellər isə əvvəlcə yapışqanlaşır. Sonra isə formasını itirir. Saxlanılma zamanı optimal nisbi rütubətin muəyyənləşdirilməsi yeyinti məhsullarının nəmliyilə əlaqədardır. Tərkibində su çox olan məhsulları 85-95% nisbi rütübətdə saxlamaq lazımdır. Orta sulu məhsulları (şokolad, karamel, kakao, kolbasa məmulatı, kəsmik məmulatı, əridilmiş yağı, pendirləri, yumurta və melanjı) 75-85% nisbi rütubətdə saxlamaq olar. Az sulu məhsulları (şəkər, cay, duz və b.) 65-70% nisbi rütubətdə saxlamaq məqsədəuyğundur.

Məhsulların saxlandığı anbar və ticarət zalları da təmiz və havası yaxşı dəyişilən olmalıdır. Sahibkarlıq subyektləri saxlanılan məhsulların keyfiyyətinə gündəlik nəzarət edilməsinə, xarab olan məhsulların vaxtında satışdan çıxarılmasına borcludur. Obyekt sahibləri hər gün işə başlamazdan əvvəl vitrində və anbarda olan ərzaq məhsullarının saxlanma və yaralılıq müddətlərinin ötüb-ötmədiyini yoxlamalıdır. Yararlılıq müddəti ötmüş və saxlanma tələbləri, o cümlədən temperatur rejiminin pozulması səbəbindən aşkar keyfiyyətsizlik əlamətləri müşahidə edilən malları satışdan çıxararaq müvafiq qaydada məhv edilməsi və ya zərərsizləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilməlidir. Bundan sonra malların anbarda və ticarət zalında mal qonşuluğu prinsipinə əsasən yerləşdirilməsi təmin edilməlidir. Ərzaq mallarının saxlanılmasının düzgün təşkilində tara və qablaşdırıcı materialların da rolu böyükdür. Qida məhsullarının saxlandığı qabların sanitar və digər tələblərə cavab vermədiyini müşahidə etsəniz, onda bu cür malları almaqdan imtina etmək lazımdır.

P.S. Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İB-nin QHT-lərə Dövlət Dəstəyi Şurası ilə Qida Təhlükəsizliyi Agentliyinin birgə müsabiqəsi çərçivəsindəhəyata həyata keçirdiyi ““Sağlam yaşamaq üçün düzgün qidalan!” – Qida zəhərlənmələrinə qarşı maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində təqdim olunur.

Paylaş: