30 Noyabr 2020 15:39

Abdulla Şaiqin yaradıcılığında Azərbaycançılıq, Turançılıq və İnsanlıq

 

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

 

I Yazı

 

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

Tiflisdə anadan olan Abdulla Şaiq (1881-1959) əvvəlcə altısinifli Ruhani məktəbdə oxumuş, daha sonra Xorasanda təhsil almışdır. 1900-cü illərin əvvəllərin­də  Bakıya köçən Şaiq N.Nərimanovun məsləhətindən sonra Türk dilinin qramma­tikasını, metodikasını öyrənmiş və 1901-ci ildə “Türk dili” müəllimi statusunu qazanmışdır. O, 1901-1906-cı illərdə H.Mahmudbəyovun müdiri olduğu altısinifli şəhər məktəbində, Sabunçuda altıillik mək­təbdə, Progimnaziyada işləmişdir. 1906-cı ilin sentyabrından yeddinci Rus-Tatar, 1908-cı ildən Bakı Realnı məktəblərində dərs deyən Şaiq, 1906-cı ilin avqustunda və daha sonra 1907-ci ildə keçirilən Türk müəllimlərinin müvafiq olaraq I və II qurultaylarında iştirak etmişdir.

Azərbaycan Cümhuriyyətinin qurulmasını sevinclə qarşılayan Şaiq dövlət qəzeti olan “Azərbaycan”ın səhifələrində məktəblərin milliləşdirilməsi haqqında çıxış etmişdir. O, 1919-cu ildə Bakı Dövlət Universitetinin yaranması ilə bağlı “Tələbə həyatı” pyesini yazıb, yarımçıq “Əsrimizin qəhrəmanları” romanını tamamlamışdır.

27 Aprel işğalından sonra da ədəbi-pedaqoji fəaliyyətini davam etdirən Şaiq pedaqoji kurslarda, texnikumlarda və başqa məktəblərdə dərs demiş, mədəni-maarif işlərinə yardım etmişdir. 1923-cü ildə onun ədəbi-pedaqoji fəaliyyətinin 20 illiyi təntənə ilə qeyd edilmiş, çalışdığı gimnaziya “Şaiq nümunə məktəbi” adlandırılmışdır. O, Sovet dövründə “Vəzifə”, “Əsəbi adam” kimi hekayələr, eləcə də  “Eloğlu”, “Vətən”, “Fitnə”, “Qaraca qız” kimi pyeslər yazmış və maarifmədəniyyət haqqında bir sıra məqalələri ədəbi mühitdə maraqla qarşılanmışdır. Onun sufizm, təsəvvüf, hürufilik haqqındakı araşdırma və axtarışları da maraqlıdır. O, 1959-cu ildə Bakıda vəfat etmişdir.

Şaiqin sosial-fəlsəfi görüşlərində dünyaya, cəmiyyətə və insana münasibət mühüm yer tutmuşdur. Onun bu görüşlərində cəmiyyətin və insanların gələcəyinə utopik ümidlər var. Şaiq inanırdı ki, ancaq gələcəyə bəslənilən ümidlərlə insan ayaqüstə durub inkişaf edə bilər. O, yazırdı:

 

Oynatmaqdadır qəlbimi atəşli bir ahəng,

Vulkan kimi püskürmədə ətrafə şəraərə.

Nolmuş ki, yaxırsan məni sən, ey dil-parə?

Etmişmi həyatı bu mühitin sənə də təng?

 

Müzlim gecə, ətrafı bulud, çən bürüyərkən,

Göz yaşlarımızın bəslədiyi ey gözəl ümid,

Qarşımda təcəssüm edərək ver mənə təyid,

Bu zülmət ilə sübhə qədər ta vuruşum mən. [1]

 

Şaiq 20-ci əsrə xitab etdiyi şeirində də daha çox utopik düşüncələrə dalır, ondan çox şeylər gözlədiyini etiraf edir. Doğrudur, onun gəlişi ilə ilk illərdə böyük bir qorxu və xof hökm sürmüşdür. Ancaq Şaiq ümid edir ki, artıq bütün bunlar geridə qalacaq və 20-ci əsr bütün bəşəriyyətin ümidini doğruldacaqdır. O, yazırdı:

 

Qaldır buludlu pərdələri, anlasın cəhan

Sönməz günəşmi, ya qara bir kölgədir doğan?

Varmı ümid bir daha feyzü səadətə?

Ya çəkmədə bizi yenə girdabi-zillətə?

Bu qırmızı şəfəqlər içində nihan-nihan

Doğmazmı nur, mehr, məhəbbət cəhan, cəhan?! [2]

 

Onun “Yad et!” şeirində də romantik düşüncələri yənə də öz əksini tapmışdır. Şaiq yazırdı:

 

Vəqta ki gülər bahari-amal,

Hər yerdə yaşıllanır çəmənlər,

Vəqta ki, olar müsaid iqbal

Bülbüllər ötər, susar zəğənlər,

 Parlaq bir işıq alar fəzanı,

Dünyanın üzü dönər cinanə,

Gəzdikcə o aləmi-ziyanı,

Baxdıqca o gülşəni-cəhanə,

Yad et məni – Şaiqanə yad et! [3]

 

“Bir ulduza” şeirində isə şairin fikri kimi sevdaları da içində uyuyarkən bir ulduz diqətini cəlb edir:

 

Nifrətlə çevirdim üzümü göylərə nagah,

Cəlb etdi mənim ruhumu tez seyri-kəvakib.

Minlərcə səmadə uçuşurlardı o dəm, gah

Titrər kimi birdən sönərək olmadı qaib.

 

Ulduzlar içində gözümə dəydi bir əxtər,

Məftun olaraq sevdim onu, heyrətə daldım.

Aydan daha parlaq, daha incə, daha dilbər,

Fərsiz gözümü dikdim ona, həm baxa qaldım.

 

Zülmət gecələrdə saçaraq nurini, sansız,

Azmışlara hey gəsətərir o doğru  siratı.

Dinlə məni, ol rəhbərim, ey sevgili ulduz,

Olmazmı mənə göstərəsən rahi-nicatı? [4]

 

Onun diqqəti cəlb edən şeirlərindən biri də “Hamımız bir Günəşin zərrəsiyik”dir. Əslində bütün insanların bir Günəşin zərrəsi olması İnsanlıq fəlsəfəsinin təzahürüdür. İnsanlar tək bir Günəşin zərrəsi olub, müxtəlif dillərə və dinlərə bölünüb ayrı-ayrı yerlərdə məskən salqıdlarını bilməli, bir-birləri ilə savaşmağı dayandırmalı­dırlar. O, yazırdı:

 

Hamımız bir günəşin zərrəsiyik!

Hamımız bir yuva pərvərdəsiyik!

Ayıramaz bizləri təğyiri-lisan,

Ayıramaz bizləri təbdili-məkan.

Ayıramaz bizləri İncil, Quran,

Ayıramaz bizləri sərhəddi-şəhan,

Ayıramaz bizləri ümmanü-mühit,

Ayıramaz bizləri səhratyi-bəsit,

Ayıramaz bizləri həşmətli-cibal,

Ayıramaz: şərq, cənub, qərb, şimal.

Yetər kimü-ədavət daşımaq,

Qoxumuş məzhəblərdə yaşamaq,

Uzadın dəsti-üxüvvət sıqalım,

Qəlbimizdə yaşasın mehrü vəfa

Verəlim bir-birinə dəsti-vəfa. [5]

 

Başqa bir şeirində də Şaiq əsas diqqəti Günəşin üzərinə salıb, bütün insanları onun ətrafında birləşib qaranlığı, şəri dəf etməyə çağırır. O, yazırdı:

 

Günəş həp doğsun da həqq eşqinə, heç sönməsin!

Şən-şən yurtlar bir qaranlıq məzarlığa dönməsin!

Bən istərim ki, şu Günəş yıldızları dinlətsin!

Üfüqlərə çökən qara bulutları inlətsin!

Bən istərim şu Günəşə bütün yer, göy tapınsın!

Qurd-quzu həp bir otlasın, bir yatağa sığınsın!

Şu  Günəşdən vulkan kibi həyat coşsun, qaynasın!

Dört yanımda həp yıldırım çaksın, şimşək oynasın!

O Günəşdir iştə bənim taleymin ülkəri! [6]

 

Mütəfəkkir “Həyat-sevməkdir” şeirində isə yazırdı ki, insanlar öz düşüncələrindəki xəyallarını real həyatı anlayıb onu sevməklə gerçəkləşdirə bilər. O, yazırdı:

 

Həyat – sevmək, pəriciyim, sənin üçün yaşamaq,

Gecə-gündüz çalışaraq sənə qovuşmaq ancaq.

Bax, bu dadlı həqiqəti həp sən mənə anlatdın,

Acı, sönük həyatıma işıq saçdın, bal qatdın.

Sən sevdirdin o iyrənib çeynədiyim həyatı,

Gözümdə sən şirinlətdin bu isli kainatı.

Mənə yeni həyat verən, günəş verən sənsən, sən!

Sevmək – iştə yaşamaqdır, yaşamayır sevməyən! [7]

 

Bizcə, Şaiq “İdeal və insanlıq” pyesində də insanlıq məsələsinin mahiyyətini açmağa çalışır. Burada “İnsanlıq” üçün problem oğlu “İdeal”ın “xəstə” və ümidsiz olmasıdır. Üstəlik, “İnsanlığ”ın davamçısı olan “İdeal”ın belə bir vəziyyətdə olması üçün ana rolundakı “İnsanlıq” günahkardır. Bir nurani “Qadın”ın dilindən Şaiq “İnsanlığ”a belə deyir:

 

O sağalmaz səndəki xəstəliklə

Ürəyini, vicdanını təmizlə!

Hər tərəfin daş-qayadır, uçurum,

Sənə hakim olmuş həsəd, kin zulum.

Bunlar qidasını nəfsindən alır,

İdeal, İnsanlıq bundan alçalır.

Öz nəfsindən doğar fitnə, kin, qürur,

Sarıldığı hər çiçəyi soldurur. [8]

 

Şaiqə görə mübarizənin bir tərəfində Ədalət, Səadət, Mərhəmət, Vicdan, digər tərəfində isə Şeytan, Fəlakət və Zülm durmuşdur. Şeytan üzünü “İdeal”a tutaraq deyir ki, ona hər şey: mal-dövlət, məmləkətlər, şan-şöhrət vermişdi. Ancaq bütün bunların müqabilində “İdeal” könlünü başqasına vermişdir. Zülm və Fəlakət də Şeytanın sözlərini təsdiq edirlər. “İdeal”ı müdafiə etmək istəyən “İnsanlığ”ı susmağa səsləyən “Zülm” deyir:

 

Sus, ey qarı, insanlıqdan mənə nə?

Sən ey miskin insanlığın anası,

Mənə yaddır bu sözlərin mənası.

Mənə şəxsi mənfətimdən danış,

Beşikdəykən oldum onunla tanış.

Mən tək onun ruhuyla bəslənmişəm,

Öz xeyrimi güdmək olmuşdur, peşəm.

Mən yaşayım, aləm məhv olsun, batsın,

Kaş, istəyim mənim vaxtında çatsın. [9]

 

“Bu aləmdə insan insan gəmirir. Yer, göy bütün qandır, ana, qandır, qan!” deyən, İdeal İnsanlığa sarılaraq onlardan uzaqlaşmaq istəyir. İnsanlıqda Ədalət, Səadət, Mərhəmət və Vicdandan yardım istəyir. Vicdan İdeala diqqətlə baxaraq deyir:

 

Dəhşətlidir bu xəstənin əhvalı,

İnsanlığın ölgün, solğun idealı!

Milyon illik tarix alnında zahir,

Gələcək də dumanlıdır kim bilir?!

Halın isə acınacaq bir haldır. [10]

 

Ədalət, Səadət, Mərhəmət və Vicdan birləşərək Şeytan, Fəlakət və Zülm üzərində qalib gəlirlər. İnsanlıq bundan sevinib İdealı bunu görməyə səsləsə də, anca İdeal onu tələsməməyə çağırır. Şaiq yazırdı:

 

Hay, hay, ana, bu işığa aldanma!

Bir gül açılmaqla bahardır, sanma.

Barmağımın ucundan diqqətlə bax!

Qan içində üzür sərasər afaq,

Yer, göy bütün atəş, dumandır, qandır,

Zülmün dəmir pəncəsi hökmrandır.

Vuran, boğan, ölən, əzən, əzilən,

Qovan, qaçan, düşən,  kəsən, kəsilən.

Bunlar deyilmidir sənin övladın?

Hamısı da vəhşi, zalım və azğın.

Hər yerdə bax insan insan gəmirir. [11]

 

İdeala görə, bunun çarəsi yalnız odur ki, hər bir insan özü özünü islah etməlidir:

 

Var, ana, bu dərdə yalqız dərman,

İslah etsin özünü hər bir insan.

Uymasın öz içindki iblisə,

Bir yamanlıq eyləməsin heç kəsə.

İnsanlığın mənasını öyrənsin,

Sağlam əqlə, təmiz qəlbə güvənsin.

Sarılsın bu sevimli qüvvətlərə,

Zülmətlərdən uzaqlaşsın bir kərə. [12]

 

Bunu dedikdən sonra İdeal İnsanlıqdan ayrılmaq istəyir və deyir ki, onu da Ədalətə, Mərhəmətə və Vicdana tapşırır, onlardan bir an olsun ayrılmamağı, əmr və hökmlərinə itaət etməyə çağırır. İnsanlıq isə sonda deyir:

 

Baxdıqca, ah, gözlərimə nur gəlir.

Uf, mələyim, sevgili idealım!

Sənsiz necə keçər həyatım, halım?!

Ey səadət, ey dostum, ey parlaq nur!

Anasına oğlunu tez qovuşdur! [13]

 

[1] Şaiq Abdulla. Seçilmiş əsərləri. Üç cilddə. II cild. Bakı, AVRASİYA PRESS, 2005, s.13

[2] Yenə orada, s.13

[3] Yenə orada, s.14

[4] Yenə orada, s.23

[5] Yenə orada, s.29

[6] Yenə orada, s.29

[7] Yenə orada, s.66

[8] Yenə orada, s.305

[9] Yenə orada, s.308

[10] Yenə orada, s.311

[11] Yenə orada, s.314

[12] Yenə orada, s.314

[13] Yenə orada, s.316

Paylaş: