27 Noyabr 2020 20:20

“Tuşenka Manvel”in işgəncə etirafları: “Əsiri 4 il həyətimdə işlətdim”

Ötən gün Ermənistan müdafiə nazirinin sabiq müavini (2000-2008), ehtiyatda olan general-leytenant, Respublika Partiyasından keçmiş deputat Manvel Qriqoryanın öldüyü açıqlanıb. Onun ölümü birinci Qarabağ müharibəsi zamanı törətmiş olduğu bir sıra cinayətləri yenidən gündəmə gətirib. Belə ki, M.Qriqoryan “Yerkpar” könüllü batalyonunun komandiri kimi Qarabağda hərbi əməliyyatlar zamanı xüsusi qəddarlıqlar törətməsi ilə məşhur olub. O, Xocalı soyqırımının törədilməsi, Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı əhalinin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncə verilməsi, onların kütləvi şəkildə qətlə yetirilməsi, həmçinin mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində bilavasitə iştirak edib. Özü də M.Qriqoryan bunu heç vaxt gizlətməyib. O, 2014-cü ilin noyabrında “Azadlıq” radiosunun erməni bürosuna müsahibəsində müharibə cinayətləri törətdiyini etiraf edib.

Turkustan.info Teleqraf.com-a istinadən həmin müsahibənin azərbaycanlı əsirlərlə bağlı hissəsini təqdim edir.

M.Qriqoryan müsahibə zamanı qeyd edir ki, döyüşlərdən sonra Ermənistana onlarla əsirlə dönüb:

“Bəli. Niyə tutmurdum, tuturdum. Özü də onlarla. Simon adı verdiyim əsiri evimdə 4 il saxladım: 2 il Mardakertdə (Ağdərə), 2 il Ermənistanda. Sonra onu “Qırmızı Xaç”a verdim. Onu apardılar və təhvil verdilər. Ona görə ki, onun anası, bacısı, nişanlısı vardı. O, qayıtmağı çox istəyirdi və mən onu buraxdım”.

Radionun əməkdaşı şərti olaraq Simon adlandırılan şəxsin 15-16 yaşının olduğunu irad bildirdikdə, M.Qriqoryan bu irada etiraz etmişdi:

“O, xüsusi təyinatlı, təlim keçmiş döyüşçü idi. Hə, 15 yaşı vardı. Ancaq, xüsusi təlim keçmiş dəstədən idi. Onu əsir götürmək bizə bir az çətin başa gəldi”.

Əsiri nə üçün məhz Simon adlandırdığını soruşan jurnalistə “Tuşenka Manvel”in cavabı belə olmuşdu:

“Hə, Simonyan Simon. Bəs hansı adı verməli idik?”

Qeyd edək ki, bu etirafına görə hətta bəzi erməni hüquq müdafiəçiləri tərəfindən tənqid olunan və bu kimi əməlləri ilə Cenevə konvensiyalarının pozulmasında ittiham olunan M.Qriqoryan həqarətlə Cenevrə konvensiyası-filan tanımadığını bəyan etmiş, erməni olması ilə fəxr etdiyini demişdi. Həmin şəxs bu kimi açıqlamalarından sonra da Ermənistanın Respublika Partiyasının imtiyazlı üzvü kimi fəaliyyətini davam etdirmişdi.

O, 2018-ci ilin iyununda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs olunmuşdu. Ona məxsus evlərdə silah-sursat, hərbi və xüsusi texnika ilə yanaşı cəbhə bölgəsi üçün yığılmış tibbi ləvazimat, ərzaq aşkarlanmışdı. Xüsusilə hərbçilər üçün nəzərdə tutulmuş külli miqdarda pörtlədilmiş mal əti konservləri (tuşenka) üzə çıxarılmışdı.

M.Qriqoryan, qanunsuz silah-sursat saxlama ilə yanaşı 100 milyon dramdan (200 min dollardan çox) dəyərində əmlakı mənimsəməkdə, vergidən yayınma və dövlət əmlakını talamaqda (1 milyard dramdan çox) günahlandırılmışdı. Onun həyat yoldaşı Nazik Əmiryan da ittiham olunmuşdu. M.Qriqoryan həbsə atılmış, lakin 2020-ci ilin yanvarında məhkəmə onu sağlamlıq səbəbilə və ölkəni tərk etməmək şərti ilə azadlığa buraxmışdı.

Paylaş: