30 Noyabr 2020 23:50

Kremldəki pasiyent

Qəzənfər Həmidoğlu

 

Böyük Britaniyanın məşhur tabloidləri noyabrın əvvəlində Rusiya prezidenti Vladimir Putinin xəstə olduğunu iddia edərək belə versiya ilə çıxış etdilər ki, Kremlin sahibi tezliklə istefa verə bilər.
Öncə “Sun” qəzeti 68 yaşlı Putin sağlamlığına artan təhlükə fonunda “gələn ilin əvvəlində Rusiya prezidenti postundan gedəcək” başlığı ilə çıxdı.
Qəzet xəbərini Moskva mənbələri və Kreml müşahidəçilərinə istinadən yaydığını bildirdi. Həmin müşahidəçilər Putinlə bağlı xronikaların videokadrlarını izləyərək (oturuşu, yerişi, bədən, əl-qol hərəkəti və s.) belə qənaətə gəliblər ki, RF prezidentində mümkün Parkinson xəstəliyinin simptomları var.
Putinin xəstəliyi ilə bağlı şayiələrə Dövlət Dumasının Konstitusiyaya dəyişiklik edərək keçmiş prezidentlərə ömürlük senator, başqa sözlə toxunulmazlıq qarantiyası verməsi də zəmin yaradır.
“Sun” tanınmış politoloq Valeri Soloveyə istinad edərək proqnoz verir ki, Putin tezliklə yeni baş nazir təyin edəcək və o, Kremlin gələcək sahibi olacaq. Qeyd edək ki, Solevey Kremlə müxalif mövqeyi ilə seçilir və qalmaqallı iddiaları ilə məşhurdur.
“Sun”un ardınca Britaniyanın digər tabloidi ” Daily Mail” də oxşar məzmunlu məqalə dərc etdi və videokadrlara istinadən Putinin Parkinson azarından əziyyət çəkdiyini bildirdi.
Qeyd edilir ki, hələ 5 il əvvəl Niderland nevroloqları Putində Parkinsonun baş qaldırması ilə bağlı xəbərdarlıq ediblərmiş.
RF prezidentinin mətbuat katibi Peskov “Блумберq”ə yazılanların “tam cəfəngiyyat” olduğunu dedi.
Noyabrın 20-də “Dojd” telekanalı “Кремлевский пациент” mövzusunu yenidən gündəmə gətirdi. Səbəb Putinin hökumət üzvləri ilə online-konfransda dəfələrlə aramsız öskürməsi oldu.
Putini öskürək tutması xəbəri təbii ki, qlobal informasiya ağentlikləri tərəfindən dərhal yayıldı və həmin gün Peskovun işi təkzib verməkdən ibarət oldu.
Son illərdə Putinin tibbi kartı ciddi maraq obyektidir, RF liderinə cürbəcür diaqnozlar qoyulur. Ötən il dünya mediası təkidlə yazırdı ki, Kremlin sahibi onurğasından, kürəyindəki ağrılardan şikayətçidir: ayaqüstə dura və uzun müddət gəzə bilmir.
Bəzi müşahidəçilər Putinin aşağı hissəsinin azhərəkətli olmasına və ortopedik korsetlə gəzməsinə diqqəti cəlb edir.
Son vaxtlar Putin hərəkət halında az-az görünür. İddialara görə, koronovirus epidemiyası başlayandan bunkerə girib və oradan çıxmaq niyyəti yoxdur.
İstanbula son səfəri zamanı Putinlə Ərdoğanın oturan yerdə görüntüləri yayınlanmışdı. O zaman Rusiya liderinin kreslonun sağ küncünə sıxılaraq çətinliklə oturduğu diqqəti cəlb edirdi.
Belə versiya da var ki, Putin atdan yıxılıb və ya deltaplanda durna qatarının başında uçaraq onların köçünə rəhbərlik edəndə köhnə zədəsi kəskinləşib.
“Şefin vəziyyəti yaxşı deyil”, – deyə o vaxt Kremldəki bir mənbə “Röyters”ə bildirmişdi.
Putinin xəstəlıyi ilə bağlı xəbərlər 2012-ci ildən yayılır. Həmin ilin payızında ATES-in (Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı) Vladivostok sammitində Putinin axsayaraq gəzməsi ətrafında böyük hay-küy qopmuşdu.
Yaponiyanın “Kyoda” agentliyi daha sonra belə xəbər yaymışdı ki, “Gündoğar” ölkənin baş naziri Rusiyaya səfərini ertələyib və səbəbi Putinin özünü yaxşı hiss etməməsidir.
Bir qədər sonra RF liderinin Kremlin önündə- Qırmızı meydanda patriarx Kiril və keşişlərə doğru üç-dörd addım atarkən necə əziyyət çəkdiyinə bütün dünya şahid oldu. Putinə “axsaq ördək” adı qoyanlar da tapıldı.
Kreml sonradan bəzi etiraflar etdi: Putin zədələnib, amma bu, idman zədəsidir.
Peskov şefinin məşq zamanı əzələsinin dartıldığını, Belarus prezidenti Lukaşenko isə rusiyalı həmkarının sambo fəndi işlədərkən onurğasını zədələdiyini dedi.
2015-ci ildə “USA Today” xəbər yaydı ki, Pentaqon ekspertləri Putinin “Asperger sindromu”na tutulmasından şübhələnirlər və bu azar onun qərarlarına öz təsirini göstərir.
Həmin il amerikan tabloidi “New York Polos” almaniyalı doktora istinadən iddia etdi ki, Putində mədəaltı vəzi xərçəngi tapılıb. Bir il əvvəlsə, ABŞ-ın “The Week” jurnalı Kremlin sahibinə onurğa beyninin xərçəngi diaqnozunu qoymuşdu.
Həkimlərin zədələri ilə bağlı Putinə uçuşları qadağan etdiyi də iddialar sırasındadır.
Aydındır ki, liderin tibbi kartı supergüclərin informasiya savaşının bir elementidir. Digər versiyaya əsasən, Putin xəstəliyi barədə özü dezinformasiya yayır və bununla da komanda üzvlərinin davranışlarını test edir – yəni, kim şayiələrə inanaraq yolunu azacaq. Kremlin sahibi bir müsahibəsində açıq xəbərdarlıq etmişdi: “Mən öz təcrübəmdən bilirəm ki, bir-iki ildən sonra hakimiyyətin çox yüksək səviyyələrində normal, ritmik işləmək yerinə, mümkün varis axtarışında gözlər o tərəf-bu tərəfə baxacaq. Varis axtarmaq yox, işləmək lazımdır”.
Bu dünyada hər şey mümkündür, heç nə istisna deyil. Kadrlardan gördüyümüz qədər Putin elə də sağlam adam təsiri bağışlamır.
Rusiya isə elə bir dövlətdir ki, lideri asqıranda az sonra bütün ölkə asqırır…

 

Paylaş: