30 Noyabr 2020 23:37

Rusiyalı ekspert: “Türklərin gəlişi ilə rus sülhməramlılarının işi çətinləşəcək”

“Türkiyə sözünün üstündə durdu. Türklər Azərbaycana əsgər göndərəcək. Və rəsmi Ankara bunu yaxın gələcəkdə edəcəyi ilə bağlı açıqlama verdi”.

Turkustan.info xəbər verir ki, bu sözləri hərbi ekspert Aleksey Leonkov “Komsomolskaya pravda” nəşrinə açıqlamasında bildirib. O deyib ki, türk sülhməramlılarının Azərbaycana yaxın vaxtlarda gələcəyi haqqında Türkiyənin müdafiə naziri Hulusi Akar danışsa da, türk kontingentinin tam olaraq hara gedəcəyi barədə bir söz deməyib.

“Sülhməramlılar üçün asan olmayacaq”

Şərhçi vurğulayıb ki, Türkiyə Dağlıq Qarabağdakı münaqişənin ilk günlərindən Azərbaycana texnika, hərbi-siyasi və mənəvi cəhətdən yaxından kömək edib. Amma noyabrın 10-da atəşkəs imzalanandan sonra Türkiyə özünü kənarda hiss etdi. Rus sülhməramlıları olan ilk təyyarələr Dağlıq Qarabağa yola düşən kimi Ankara getdikcə daha israrla elan etməyə başladı: “Biz də orada olacağıq”.

Əvvəlcə Moskva buna belə reaksiya verdi: “Özümüz bacararıq”. Ancaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən israrlı açıqlamasını gördük. Azərbaycan da öz növbəsində buna qarşı deyildi. Nəticədə Qarabağdakı atəşkəsə nəzarət mərkəzinə dair bir memorandum imzalandı.

Beləliklə, Rusiya və Türkiyə monitorinq mərkəzi vasitəsilə birlikdə çalışmaq məcburiyyətində olacaq. Razılaşmalarda və memorandumda ortaq sülhməramlılardan danışılmasa da, Ərdoğan Qarabağa qoşun göndərilməsi barədə tələsik bir fərman imzaladı. Noyabrın 17-də Türkiyə parlamenti də bu fərmanı sürətlə təsdiqlədi. Son sənəddə deyilir: Türk sülhməramlı kontingenti bir il müddətinə Qarabağda ola bilər”.

Hərbi ekspert Aleksey Leonkov onu da bildirib ki, türklər çox güman ki, Şuşa şəhərinə girəcəklər: “Türk ordusunun hissələrinin bu şəhərdə olması gözlənilir. Sayı rus sülhməramlıları ilə müqayisə edilə bilər – iki min nəfər. Bəlkə də iki dəfə çoxdur. Silah məsələsinə gəldikdə isə onu unutmayaq ki, Azərbaycan çox sayda türk texnikasına sahibdir: tanklar, zirehli texnika və hətta raket sistemləri. Beləliklə, qoşunların Qarabağa gətirilməsi sürətlə aparılacaq, sadəcə Qarabağda onsuz da gizli olanları qanuniləşdirəcəklər”.

Ekspert əlavə edib ki, “Türklər həqiqətən Şuşaya qoşun gətirirsə, Suriyada birgə patrul xidməti dövründə olduğu kimi, təxminən eyni format əldə olunacaq”.

Onun sözlərinə görə, “Türkiyə və Qərb qüvvələri Rusiyanın vasitəçiliyi ilə sülh sazişinin bağlanmasını bəyənməyiblər. Bu səbəbdən mütəxəssisin fikrincə, bu atəşkəsi gözdən salmaq üçün hər cür cəhd ediləcək”.

Aleksey Leonkov ərazidə təxribatların olması ehtimalından da danışıb: “Bəzi mənbələrə görə, Azərbaycan Ordusu tərəfində vuruşan 2500 muzdlunun taleyi hələ də məlum deyil. Bəli, təxminən 500 nəfərin öldüyü barədə informasiyalar var. Bəzilərinin isə Türkiyəyə döndüyü deyilir. Təxminən 1500 nəfərin isə bölgədə qalacağı barədə məlumatlar da var. İkincisi, Qarabağdakı müharibənin nəticələri ilə barışmayan erməni qüvvələri də var. Onlar partizan müharibəsi vəd ediblər. Beləliklə, sülhməramlılarımızı çətin anlar gözləyir”.   /konkret.az/

Paylaş: