25 Noyabr 2020 06:00

Qələbədən sonra savaş…

Qəzənfər Həmidoğlu
Azərbaycan Vətən müharibəsində 44 günə 26 illik status-kvodan yaxa qurtardı və dünyanı yaratdığı yeni hərbi-siyasi paradiqmanın şahidi etdi.
Bəlli oldu ki, Azərbaycan sonadək gedəcək və işğalçıları torpaqlarından tam qovacaq. Amma noyabrın 9-da ənənəvi rus əngəlinə ilişdik və umduğumuz deyil, mümkün, amma müvəqqəti dözüləsi status-kvo ilə barışmalı olduq. Bu yeni reallıq nə qədər davam edəcək?
Əvvəla, meqalomaniyanı bir kənara buraxaq, praqmatik olaq: gedə bildiyimiz yerə qədər getdik və daha irəli getməyin Azərbaycana nə vəd etdiyi qaranlıq idi. Gücümüz yetsəydi, üçtərəfli sənədə imza atmaz, Xankəndidə oturardıq.
Əvəzində şəhid vermədən siyasi yolla bir rayonumuza qovuşduq, dekabrın 1-də daha ikisinə qovuşacağlq. Həmçinin Qərbin etnik təmizləmə iddiaları dəf edildi.
Azərbaycan son hədəfə yetişməsə də, 30 illik bir dövrü qapatdı və gerçəkdən epoxal Qələbə qazandı.
Rusiya bu Qələbəni yarımçıq etdi və ya oğurladımı? Belə deyək, Moskva tam Zəfərimizə çomaq soxdu. Bunda Azərbaycanın hərbi-siyasi rəhbərliyini günahlandırmaq ədalətsizlikdir. Məgər biz Birinci Cumhuriyyətin süqutunda Azərbaycan dövlətini yoxdan var edənləri suçlamağı ağlımızın ucundan keçiririkmi?
Rusiyanın de-yure Qarabağa qayıtmasına gəlincə, de-fakto Moskva heç hara getməmişdi, ermənilərin arxasından Azərbaycana qarşı Qarabağda hibrid savaş aparırdı. 30 il ərzində demədikmi ki, Qarabağın açarı Kremldədir.
İşğal altındakı torpaqlarının 90 faizini əvvəlcə (44 günə) hərbi yolla, sonra (20 günə) siyasi yolla qaytarmağa başlayan Azərbaycanı Qələbədən sonra masada, informasiya cəbhəsində qızğın mücadilə, savaş gözləyir. Bu mücadilədən qalib ayrılmaq üçün yenə və daha güclü birlik və həmrəyliyə ehtiyacımız var.
Yeni reallığın bir yığın risk və təhdidləri var: 200 ildə iki dəfə Rusiyanın işğalına məruz qalmışıq, rus “sülhməramlıları” girdikləri yerdə pərçim olub qalırlar. Putin Rusiyası postsovet məkanı dövlətlərinin suverenliyinə real təhdiddir. Moskvanın nüfuz dairəsi saydığı yerləri təsirində saxlamaq üçün pulu, ideyası, texnologiyası yoxdur, yalnız zor metodu var – qoşun yeritmək.
Rusiyanı çöldən, hərb gücünə yıxmaq mümkün deyil, odur ki, Qərb onu içdən eşmək istəyir.
Belə qənaət var ki, Rusiya enişdədir, Bayden Ağ Evdə oturduqdan sonra Putinin qol-qanadını budayacaq. Amma Rusiya nə zaman dibə vuracaq? Yaxın və ortamüddətli perspektiv üçün bu sualın cavabı yoxdur.
Digər yandan, Qərbin indiki mövqeyini də Azərbaycan üçün təhdid saymaq olar. Onlar Rusiyaya qarşıdırlar, amma bizim yanımızda deyillər. Həm də o səbəbdən ki, Qərb Rusiyaya qarşı Gürcüstan və Ermənistanı platsdarm kimi görür.
Bundan başqa, Rusiyanın əlimizdən aldığı Ermənistan nəfəs dərmək, şokdan çıxmaq üçün vaxt qazandı.
Düzdür, erməni diasporu artıq parçalanıb. Dünya ermənilərini uydurma soyqırım iddiası birləşdirir və güclü edirdi. Lakin Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiyadakı erməni diasporu ABŞ və Fransadakı erməni lobbisi ilə yola getmir.
İndiki hərbi-siyasi konyunkturada Rusiyaya sərt qarşı çıxmaq effekt verməyəcək. Yeni reallıq yeni strategiya və taktiki gedişlər tələb edir. Regionda Türkiyənin ciddi geosiyasi faktor olması üçün əlimizdən gələni etməli, Rusiya ilə balans yaratmaq üçün Qərbin rolu və sülhməramlı kontingentin beynəlmiləlləşdirilməsinin effektivliyi ciddi təhlil edilməlidir.
Masada oyun fərqlidir. 28 illik Qarabağ danışıqlarından aldığımız dərslərdən biri manevr etmək və ikili oynamaqdır. Hər situasiya reallığı, hər söz də gerçəyi əks etdirmir. Azərbaycan rəhbərliyinin deyə bilmədiyini cəmiyyət, siyasi partiyalar və KİV ifadə edə bilər. Öyrənmək lazımdır: Şoyqu və Lavrov Bakıda başqa söz deyir, Putinin TV-ləri isə ünvanımıza döşəməkdə davam edir. Və ya Fransa Minsk qrupunda həmsədrlik edir, Parisdəki Karapet (Makron) Paşinyanı əldən qoymur və Fransa Senatı qondarma rejimi tanımaq istəyir. Həmçinin informasiya savaşında ermənilər obyektiv səbəblərdən öndədirlər.
30 il səbr etmişik, 5 il də dözərik. Üstəlik, işğaldakı torpaqlarımızın böyük qismini yurisdiksiyamıza qaytarmışıq, indi güvən və ruh yüksəkliyi bizim tərəfdədir, daha ummayacaq, tələb edəcəyik, təzyiqlərə rəğmən Rusiya qüvvələrinin çıxmasını tələb etmək hüququmuz var, status məsələsi Domokl qılıncı kimi əvvəlki tək başımızın üstündə sallanmır. Türkiyə ilə birgə oynaya, Rusiyanı masada birgə sıxışdıra bilərik. Bizim daha güclü olmaq üçün resurslarımız yetərincədir.
Və ağlımızın bir tərəfinə yazmalıyıq: Tam Zəfər siyasi yolla alınmırsa, III Qarabağ savaşı ilə mütləq alınar…

Paylaş: