25 Noyabr 2020 06:08

Qənirə Paşayeva 2 Xalq artistinin nəvəsi olan qəhrəman şəhidimizdən yazdı: Yaş: 19, rütbə: Şəhid…

Yeni zəfər tarixini yazan Azərbaycan əsgərlərindən biri də İlqar Vüqar oğlu Bürcəliyevdir.
Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə şanlı Ordumuz tərəfindən aparılan 44 günlük Azərbaycan Böyük Vətən Müharibəsi zəfərlə başa çatdı. Bu şanlı müharibənin sonunda Ermənistanın işğalı altında olan 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəklik düşməndən azad edildi. Hər bir kəndin, şəhər və qəsəbəmizin işğaldan azad edilməsi xəbərini Müzəffər Ali Baş Komandandan eşidirdik, hər gün bu xəbərləri səbirsizliklə gözləyirdik. Xalq bu şad xəbərlərin arxasında hansı əziyyətlərin, necə böyük zəhmətin, fədakarlığın dayandığının fərqində idi. Düşmənin uzun illər işğal altında saxladığı torpaqlar uğrunda aparılan müharibənin Zəfər sonluğu hər bir vətəndaşımızı, dünya szərbaycanlılarını, Azərbaycansevərləri hədsiz dərəcədə sevindirirdi. Bu xəlqi sevinci, milli fərəhi və qüruru bizə öz canı, qanı bahasına qazandıran mübariz Azərbaycan əsgərinin haqq-sayı unudulmazdı.
Bu gün haqqında ürək sözü yazacağım şəhidin ailəsi doğma Azərbaycanımızda yetərincə tanınan, sevilən, mədəniyyət tariximizdə özünəxas xidmətləri olan ailədir. Azərbaycan Respublikasının Xalq artistləri – teatr və kino aktyorları Məhəmməd Burcəliyev, Sədayə Mustafayevanın ailəsi. Şəhid İlqar Burcəliyev hər iki ustad səhnə ustasının nəvəsi, tanınmış teatrşünas-tənqidçi Anar Burcəliyevin isə qardaşı oğludur.
19 yaşlı İlqar Burcəliyev mənsub olduğu ailənin sənət uğurlarını, necə deyərlər, gerçək müharibə səhnəsində, hərb teatrında davam etdirdi…
İlqar artıq 1 il 3 ay idi ki, müsəlləh Azərbaycan əsgəri idi. O, Vətən üçün öz Konstitusiya borcunu, hərbi xidmətini keçirdi.
O, 11 mart 2001-ci ildə doğulub. Hələ orta məktəb illərindən hər zaman Vətəninə bağlı bir övlad olması ilə seçilib. Azərbaycan və Türkiyə bayraqlarına sarılmağı sevib- bayraq tutqusu olub. Çox zaman əlinin üstünə, üzünə Azərbaycan və Türkiyə bayraqlarının şəkillərini çəkərmis.
Şəhidimiz futbola da böyük maraq göstərib. Bu maraq, onu 13 yaşındaykən “Vətən” Futbol Klubuna gətirib. Bir müddət burada yaşıl meydançada öz bacarığını göstərdikdən sonra, 16 yaşında “Kəpəz” Futbol Klubunda fəaliyyətini davam etdirib. Hətta U-17 Milli Komandamızın sıralarına da buradan dəvət alıb. Sonra, Gəncə futbol məktəbini Milli Komandamızda uğurla təmsil edib. Daha sonra uğurlu nəticələri nəzərə alınaraq “Zirə” Futbol Klubuna transfer olunub. 2019-cu il iyul ayının 22-də həqiqi hərbi xidmətə yollandığı üçün futbol karyerasını müvəqqəti olaraq dondurmalı olub. Beləcə qəhrəman Vətən övladının Vətən sevdası praktik hərb müstəvisinə keçib.
İlqar Burcəliyev Azərbaycan Böyük Vətən Müharibəsində öz mərdliyi, rəşadəti ilə fərqlənən əsgərlərimizdən biri olub. Döyüşlərin gərgin vaxtında o, gözünü qırpmadan yaralı hərbçi yoldaşlarını döyüş meydanından bir-bir çıxarmağa başlayıb və yenidən döyüş meydanına geri dönüb. Bu zaman isə namərd düşmənin snayper gülləsinə tuş gələrək, müharibənin ikinci günü – 28 sentyabr 2020-ci il tarixində Tərtərin Talış kəndi və Talış yüksəkliyi uğrunda gedən qızğın döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Bu gün Hərbi Hospitalda müalicə alan bir sıra əsgər dostları onları döyüş meydanından çiynində çıxardığı üçün məhz İlqar Burcəliyevin əziz xatirəsinə duaçıdır. Vətənpərvər, mərd və cəsur İlqar Burcəliyev kimi oğullar heç zaman unudulmayacaq. Bürcəliyevlər ailəsi XX yüzil Azərbaycan mədəniyyəti tarixində yer almısdısa, İlqar hələ 19 yaşında Burcəliyev soyadını könüllərə Şəhid altun titulu ilə nəqş etdi.
ŞƏHİDLƏRİMİZİ UNUTMADIQ, UNUTMAYACAĞIQ!
QARABAĞ AZƏRBAYCANDIR! DÖVLƏTİMİZ VAR OLSUN!
Şəkildə bunlar ola bilər: 1 nəfər

Paylaş: