27 Yanvar 2021 16:45

Azərbaycanın Ukraynadakı səfirliyi bu yazıyla bağlı açıqlama yaydı – FOTO/VİDEO

“Musavat.com” internet-nəşrinin Elşən Məmmədəliyevin müəllifi olduğu “Ukraynadakı səfirimiz “hansısa Türkiyə bizə kömək etməyib” – deyib, Rusiyaya təşəkkür etdi. İLGİNC AÇIQLAMA” yazısında 13 noyabr tarixində “Ukrayna” telekanalında Savik Şusterin “Azad Söz” verilişində çıxış etmiş səfir Elmira Axundovanın müsahibəsinin ümumi kontekstindən çıxarılmış cümlənin tərcüməsinin təhrif olunmuş formada oxuculara təqdim etməsini qəti şəkildə pisləyirik.

Səfirlikdən verilən məlumata görə, səfir E.Axundova aparıcı Şusterin “Türkiyə Azərbaycanın hazırda əsas müttəfiqidir və beləliklə də, Türkiyə ən azı Zaqafqaziyada ciddi faktordur, belədirmi?” sualına “Yəgin ki, belədir… Türkiyə Rusiya ilə birlikdə mütləq bu münaqişənin həllinin nizamlanmasında iştirak edəcəkdir, buna da heç də təəcüblənmək lazım deyil. Çünki Türkiyə 1991-ci ildən ölkəmizin ən yaxın müttəfiqidir… həmişə bizə dəstək olub. Biz qardaş dövlət və qardaş xalqlarıq…” fikirlərini söyləyib. Səfir E.Axundova çıxışını müəllif E.Məmmədəliyevin yazdığı “hansısa Türkiyə bizə kömək etməyib” kimi yox, məhz “heç də nə Rusiya, nə Türkiyə! Biz özümüz bunu etdik – bizim əsgərlərimiz, bizim zabitlərimiz!” ifadəsi ilə yekunlaşdırıb.

Səfir E.Axundovanın Şusterin 13 noyabr tarixli bu verilişindəki nitqinin tam videosu səfirliyin sosial şəbəkələrində yerləşdirilmiş və yalnız facebook səhifəsində bu videonun 100 minə yaxın izləyicisi olub və əsasən də ermənilər tərəfindən həmin videoya nəlayiq sözlərlə şərhlərin verilməsi davam edir. Eyni zamanda, bu şərhlər arasında E.Məmmədəliyevin yazısına qədər həmyerlilərimizin yalnız müsbət şərhləri qeydə alınmışdır.

Səfirliyin facebook səhifəsinə keçid: https://www.facebook.com/AzEmbUkraine/videos/1019617831854282

Onu da qeyd etmək istərdik ki, bu verilişə səfir E.Axundova ilə eyni zamanda Ermənistanın Ukraynadakı səfiri də dəvət olunmuş, nəticədə isə erməni səfiri bunun “yaxşı ideya” olmadığını veriliş təşkilatçılarına bildirərək qəti şəkildə çıxış etməkdən imtina edib.

Əziz oxucularımızın diqqətinə çatdırmaq istərdik ki, səfir E.Axundova Ukraynaya təyinatının ilk günlərindən məhz Türkiyə səfirliyi ilə sıx və isti münasibətlər qurmuşdur. Belə ki, səfirliyimizin təşəbbüsü ilə Türkiyə Respublikasının qurucusu, dahi Atatürkün 10 Noyabr – Anma Günündə Ukraynanın xalq rəssamı, azərbaycanlı heykəltəraş Katib Məmmədovun yaratdığı büst-əsərin hədiyyə şəklində təqdim edilməsi Türkiyə səfirliyi və türk mətbuatı tərəfindən yüksək qiymətləndirilib.

 

Eləcə də, səfirliyimizin təşkilatçılığı ilə 18 oktyabr – Müstəqilliyimiz Günü münasibətilə Kiyev şəhərinin mərkəzində yerləşən nüfuzlu “UNİAN” informasiya agentliyində Azərbaycan və Türkiyə səfirlərinin birgə brifinqində bəyan etdikləri fikirləri Ukraynanın aparıcı KİV-ləri və geniş ictimaiyyəti arasında ciddi marağa səbəb olmuşdur. Belə misalları yenə də gətirmək olardı.

8 Noyabr tarixində Şuşa şəhərimizin işğaldan azad olunması ilə bağlı Ali Baş Komandanımız cənab İlham Əliyevin xalqına müraciəti zamanı zəfər dolu nitqində səsləndirdiyi “Bizim torpaqlarımızı yalnız Azərbaycan əsgərləri, Azərbaycan zabitləri azad edirlər. Məhz əsgərlər, müdafiəyə sinəsi ilə dayanmış, heçnədən qorxmayaraq, əllərində bayraq, əllərində silahla düşməni qovurlar və məhv edirlər. Bizim əsgərlərimizə eşq olsun!” bəyanatını səfir E.Axundova uyğun şəkildə Ukraynanın geniş tamaşaçı auditoriyasına növbəti efir vaxtlarında dəfələrlə çatdırıb.

“Musavat.com” internet-nəşri E.Məmmədəliyevin qərəzli yazısı ilə səfir E.Axundova və səfirliyimiz haqqında oxuculara təhrif olunmuş məlumatları çatdırmaqla və bəzi KİV-lər bu yazını paylaşım etməklə, Şanlı Zəfər Yolumuzda birgə apardığımız fəaliyyətimizə mənfi təsir göstərir. Hesab edirik, xaricdəki diplomatik korpusumuzun nüfuzuna xələl gətirən bu cür qərəzli yazılardan hər kəs çəkinməli və baş verdiyi halda üzr istənilməlidir.

Fürsətdən istifadə edərək, Ukraynadakı həmvətənlərimiz və diaspor təşkilatlarımız, eləcə də ölkə vətəndaşlarımız tərəfindən bu günlərdə söylənilən çoxsaylı müsbət şərhlərə və dəstək sözlərə görə səfirliyimizin heyəti adından öz dərin minnətdarlığımızı bildiririk.

Paylaş: