25 Yanvar 2021 14:28

Birliyimiz “Dəmir Yumruğumuzdur” – Millət vəkilinin yazısı

“Mən, İlham Əliyevə özüm qədər inanıram” – Heydər Əliyev

Aqil Məmmədov

Azərbaycan Respublikası Milli Məclisinin  deputatı

Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan dövləti son 17 ildə dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanaraq dünya dövlətləri içərisində öz layiqli yerini tutmuşdur. Ölkə daxilində güclü iqtisadiyyat və güclü ordu yaradan Prezidentimiz mümkün olmayanları bu 17 ildə öz yüksək düşüncəsi  ilə mümkün edə bildi. O,  ötən dövrdə xalqın və dövlətin sarsılmaz birliyini yaratmaq üçün çox böyük işlər gördü, verdiyi bütün vədlərə və bütün sözlərə daima əməl etdi. Bu dövrdə vətəndaş və dövlət mənafeyi Prezidentimizin fəaliyyətində  hər zaman mərkəzdə dayandı.

Azərbaycan ordusu Ermənistanın növbəti təxribatının qarşısını almaq və davam edən işğala son qoymaq məqsədi ilə 27 sentyabr 2020-ci il tarixindən rəşadətli mübarizəyə başlamışdır. Cənab Prezidentin “Qarabağ Azərbaycandır” ifadəsi son hadisələr fonunda şanlı mübarizəmizin devizinə çevrildi və məhz bu inanc ilə müzəffər ordumuz, hər günü və hər saatı tarixə qızıl hərflərlə həkk edilmiş Vətən müharibəsində qələbə qazandı. Bu ağır mübarizə zamanı istər döyüş bölgəsində istərsə də, diplomatik cəphədə cənab prezident İlham Əliyev öz qətiyyətli mövqeyindən geri çəkilmədi və bu polad iradə qələbəni şərtləndirən ən əsas amil oldu.

Bu müddət ərzində Şanlı Azərbaycan ordusunun xüsusi qəhrəmanlığı sayəsində 300-dən çox yaşayış məntəqəsi işğaldan azad edildi. Ələxsusda 8 noyabr tarixində Şuşa şəhərinin işğaldan azad olunması ordumuzun qəhramanlıq səlnaməsinin kulminasiya nöqtəsinə çevrildi.  İnsanı heyrətə salan bu qəhraman döyüşlər, dünya hərb tarixinə həmçinin, tarix kitablarına yazılacaq yeni bir döyüş strategiyası və döyüş taktikası idi. Məhz bu qələbənin nəticəsində düşmən nəhayətki öz məğlubiyyətini anladı və 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanata (kapitulasiya sənədinə) imza atmağa məcbur edildi.

Bəyənnamənin şərtələrinə görə məğlub Ermənistan öz qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarının ərazisindən, tələb olunmuş vaxt daxilində, qeyd-şərtsiz çıxarmalıdır. Hal-hazırda, bu işlər nəzərdə tutulmuş qaydada davam etdirilir. Son otuz ildə işğal etdikləri bütün ərazilərimizi, şəhər və kəndlərimizi xarabalığa çevirən,bütün infrasturukturu məhv edən, mədəni irsimizi dağıdan ermənistanın terrorçu mahiyyəti, artıq bütün dünyaya bir daha əyani sübut olaraq çatdırılır və çatdırılmalıdır.

Cənab Prezident işğaldan azad edilmiş ərazilərlə bağlı yeni xoş xəbərlərdə vermişdir. O xalqa müraciətində: “İşğaldan azad edilmiş bütün torpaqlarımızı, şəhərlərimizi, kəndlərimizi ən qısa müddətdə, ən müasir qaydada yenidən tikib quracağıq” – deyərək sevincimizə sevinc, inancımıza inanc qatmışdır. Necə ki, qələbəmizin təməli olan xalq ordu və iqtidar birliyi bizim gücümüzü düşmənin başına “dəmir yumruq” kimi endirmişdir. Bundan sonrada bu birlik, bu inam ölkəmizi daha gözəl gələcəyə aparacaqdır. Heç şübhəmiz yoxdur ki, bütün vədlərinə sadiq olan ölkə başcısı, işğaldan azad edilmiş ərazilərdə təşkil ediləcək quruculuq işləri ilədə xalqımızı sevindirəcəktir.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə, şəhid olmuş bütün qardaşlarımızın əziz ruhları qarşısında baş əyir, ailələrinə başsağılığı diləyir, yaralilara şəfa arzu edirəm.

Bununla bərabər döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş və döyüşdə qəhramanlıq göstərərək fərqlənmiş, eyni zamana şəhadətə qovuşmuş əsgər və zabitlərimizin təltif olunması üçün “Vətən müharibəsində qələbə münasibəti ilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar qanun lahiyəsinə dəyişikliklər ediləcək və layiqli qəhramanlar ən yüksək səviyyədə təltif ediləcəkdir.

Biz bir xalq olaraq cənab Prezidentin bütün vədlərinə hər zaman inanmışıq və inanırıq. Bütün bu qələbələr, inamımızın əsaslı səbəbidir. Bütün məcburi köçkünlər  öz doğma yurduna qayıdacağı o müqəddəs günün sevinci ilə yaşayırdı. Təəssüflər olsun ki, xalqımızın bu ali hissini, vətən yurd sevgisini siyasi dividend qazanmaq üçün istifadə etməyə çalışan bəzi mənfur quvvələrdə baş qaldırmağa başlamışdı. Lakin, qədirbilən xalqımız kimin nəyə qadir olduğunu çox yaxşı analiz edib dəyər qiymət verməyi bacarır. Ölkə rəhbərinin dəfələrlə “mən bilərəm nəyi necə və nə vaxt etmək lazımdır” ifadəsi bu siyasi kursun müdrikliyinin göstəricisidir. Və mən bu siyasi kursda təmsil olunduğum üçün özümü xoşbəxt hiss edirəm. Ona görə ki, xalqımızın gözündəki o sevinci görə bilirik, otuz illik həsrətə son qoyan qələbə xəbəri ilə xalqımızın qarşısına çıxırıq, xoşbəxtik ona görə ki, hər bir kəlbəcərli kimi biz öz dədə baba yurdumuza, elimizə obamıza qayıdacaq, yenidən Şair Qurbanın, Dədə Şəmşirin ocağının ışığına yığışa biləcəyik. Heç şübhə yoxdur ki, bundan sonrada cənab Prezident, Ali baş komandan İlham Əliyevin və onun siyasi kursunun ətrafında sıx birləşəcəyik. Bu dəyəri, bu qiyməti, bizi torpaqlarımıza qovuşduran O sərkərdəyə verəcəyik. Bu, ən azından bizim mənəvi borcumuzdur.

Ulu Tanrı xalqımızı, ordumuzu və cənab Prezidentimizi qorusun!

Paylaş: