21 Yanvar 2021 16:28

Ərdoğan Putinlə danışdı: “Ermənistanın öhdəliklərdən yayınmasına icazə verilməməlidir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.

Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsindən yayılan açıqlamada bildirilib.

Liderlər Türkiyə-Rusiya arasında ticarət əlaqələrinin artırılması, Dağlıq Qarabağ və Suriya mövzuları başda olmaqla bir sıra regional məsələləri müzakirə ediblər.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin Rusiya ilə birlikdə Dağlıq Qarabağda quracağı Birgə Nəzarət Mərkəzinin fəaliyyətə başlamasını gözlədiklərini deyib.

Azərbaycan torpaqlarının tamamilə geri qaytarılmasına həssaslıqla yanaşdığını bildirən Türkiyə Prezidenti bu müddət ərzində Ermənistan tərəfinə qalıcı həlli çətinləşdirməsinə və razılaşma ilə bağlı məsuliyyətlərindən qaçmasına icazə verilməməli olduğunu vurğulayıb.

Telefon söhbətində Ərdoğan ATƏT-in Minsk Qrupunun digər həmsədrləri tərəfindən bölgədə sülhü kölgə altına almağa yönəlmiş cəhdləri anlamağın mümkünsüzlüyünü də vurğulayıb (APA).

Paylaş: