27 Yanvar 2021 16:52

Dərsliklər dəyişiləcək: üzü də, məzmunu da

“11-ci sinif Azərbaycan Tarixi dərsliyinin üz qabığında 44 gündə qəhrəmanlıq göstərən igidlərimiz haqda məlumat yer alacaq. Sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan məşhur topçunun duruşunu özündə əks etdirən bir foto təklif olunur” – Təhsil eksperti.

 Sentyabrın 27-də başlayan və 44 gün davam edən II Qarabağ savaşı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu qələbə, demək olar ki, bir sıra sahələrdə köklü dəyişikliklərin olacağından xəbər verdi. Eyni zamanda da dərsliklərlə bağlı bir sıra dəyişikliklərin olacağı gündəmə gəldi.

Maraqlıdır, qazandığımız möhtəşəm zəfər tariximizlə əlaqədar olaraq dərsliklərdə nə kimi dəyişikliklər olacaq?

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: “Zəfər tariximizlə əlaqədar olaraq dərsliklərdə dəyişikliklərin edilməsi vacibdir. Artıq bununla bağlı olaraq tərəfimizdən nazirliyə müvafiq tövsiyələr verilib. Ötən həftə nazirlikdə baş tutan görüşümüzdə də bu haqda danışdıq”.

“10 Noyabr Azərbaycan hərb tarixində ən böyük zəfərlərdən biridir. Bu səbəbdən yeni dərsliklərin yazılmasına ehtiyac var. Bu dərsliklərdə qəhrəmanlarımızın həyatı, onların keçdikləri keşməkeşli həyat yolundan bəhs edilməldir. Təkliflərimiz nəzərə alınıb, bu təkliflərlə bağlı müvafiq dərsliklər hazırlanacaq”, – deyə İ.Orucov əlavə edib.

Dərsliyin hazırlanmasının elə də asan prosedur olmadığını deyən ekspert bu işin müəyyən qədər zaman alacağını bildirir: “Ümid edirəm ki, növbəti tədris ilinin dərsliklərində bu məsələlər yer alacaq. Lakin dərsliklərin dəyişdirilməsi məsələsi növbəti tədris ilinədək çatdırılmazsa, bununla əlaqədar olaraq əlavə vəsaitlər hazırlanması gündəmdədir. Bununla bağlı müvafiq addımlar atılacaq”.

“Artıq nazirlik faktların toplanması, onların təqdim olunması istiqamətində işlər görür. Toplanan bütün materiallar da faktlara əsaslanacaq”, – deyə o əlavə edib.

Təhsil eksperti Kamran Əsədov bildirir ki, orta ümumtəhsil məktəbləri üçün ayrılan dərsliklərdə əsas məqsədlərdən biri də şəxsiyyət yetişdirməkdir: “Azərbaycan müstəqilliyinin ilk illərindən Ermənistanla müharibə şəraitində idi. 90-cı illərdə baş verən hadisələr tarix dərsliklərində də əksini tapmışdı. I Qarabağ müharibəsi ilə bağlı faktları oxuduqda müəyyən qədər bədbin olurdular. Lakin 44 günlük müharibə ilə Azərbaycan özünün zəfər tarixini yazdı, beləcə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Təbii ki, bu müharibədə igidlərimizin göstərdikləri qəhrəmanlıq, zəfər gənc nəslin yetişməsində, bir şəxsiyyət kimi formalaşmasında müstəsna rola malik olacaq və bir mənbə kimi istifadə olunacaq”.

“Qeyd edim ki, 2021-ci ildə istifadəsi nəzərdə tutulan orta ümumtəhsil məktəblərinin, demək olar ki, hamısında dəyişiklik olacaq. Bu dəyişikliklər bir neçə formatda olacaq. Birincisi, dərsliklərin üz qabığında, yəni dizaynında dəyişikliklər olacaq. Tarix dərsliklərinin, xüsusən də 11-ci sinif Azərbaycan Tarixi dərsliyinin üz qabığında 44 gündə qəhrəmanlıq göstərən igidlərimiz haqda məlumat yer alacaq. Sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan məşhur topçunun (Vüsal Şahkərimov – red.) duruşunu özündə əks etdirən bir foto təklif olunur”, – deyə o əlavə edib. 

Digər dəyişiklik isə məzmunla bağlı olacaq. İndiyədək biz dərsliklərdə bu torpaqların işğal tarixi haqda məlumatlara yer verirdiksə, artıq bu məzmun tamamilə dəyişəcək, yeni tarix yazılacaq: “Dərsliklərdə, gündəliklərin əvvəlində işğal edilmiş ərazilər haqda məlumat verilirdisə, artıq onlar hamısı silinəcək və azad edilmiş ərazilərin tarixləri yazılacaq, şanlı tariximiz haqda məlumat veriləcək. Bununla yanaşı, azad edilmiş torpaqlarla bağlı atılacaq addımlar, eyni zamanda da hüquqi baxımdan atılacaq addımlar haqda da məlumat veriləcək. Bundan sonra dərsliklərimizin bədbin deyil, mübariz ruhda yazılması gündəmdə olacaq”.

“Bununla yanaşı, ibtidai sinif dərsliklərinin məzmununda da dəyişikliklər ediləcək. Bir sıra yeni hekayələr əlavə olunacaq. Bu hekayələr Azərbaycanın zəfər tarixini özündə əks etdirəcək formatda olacaq. Yəni biz hansısa xarici ədəbiyyatdan götürülən qəhrəmanlıq mövzusunda yazılan hekayələrə deyil, Azərbaycanın özünün 44 günlük şanlı tarixində göstərdiyi qəhrəmanlığı işıqlandıracağıq. Burada II Qarabağ savaşında baş tutan qələbələrdən bəhs ediləcək. Bu baxımdan birmənalı olaraq ibtidai siniflərdə şeirlərin, hekayələrin də məzmunu dəyişəcək”, – deyə o əlavə edib. 

 

Paylaş: