25 Yanvar 2021 14:59

Qənirə Paşayeva qardaş Türkiyədən gəlmiş həkimlərlə görüşüb

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ötən həftə respublikamızda səfərdə olan, qardaş Türkiyədən gəlmiş həkimlərlə görüşüb.
Ünlü cərrah, “Türk Ocaqları”nın Baş katibi, prof.dr. Emrah Şenelin başçılıq etdiyi qardaş ölkə həkim heyətini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirən Komitə sədri, hər iki qardaş ölkənin hər zaman bir-birinin yanında olduğunu, gələcəkdə də belə olacağını deyib. Qardaşlıq bağlarının möhkəmlənməsində aydınların müstəsna roluna vurğu edən Q.Paşayeva, qardaş ölkə aydınlarının istər 44 günlük müharibə günlərində, istərsə, tarixi zəfəri qeyd etdiyimiz günlərdə Azərbaycana əvəzsiz mənəvi dəstəyinin unudulmayacağını deyib.
Prof.dr. E.Şenel deyib ki, “Dünyanın harasında bir türk varsa, onun dərdi ilə dərdlənirik, əlimizdən gələn yardımı edirik. Yüz il öncə olduğu kimi, bugünlərdə də ölkəmizin bütün imkanları ilə işğalçı Ermənistana qarşı savaşan can Azərbaycanın yanında dik durduq, durmağa davam edəcəyik”!
Qardaş ölkə nümayəndə heyətinin başçısı bildirib ki, Türkiyə Cümhuriyyəti dövlətinin təlimatı ilə Azərbaycanda yaralı əsgərlərə xidmət göstərmək üçün 30 nəfərlik xüsusi həkim briqadası göndərilib: “Azərbaycan xəstəxanalarında yaralı əsgərlərimizin sağalması üçün əlimizdən gələni edirik. Eyni zamanda, Tərtər, Gəncə və başqa şəhərlərdə erməni quldurlarının təxribatı, terroru sonucunda ev-eşiksiz qalmış mülki əhaliyə ərzaq və geyim yardımı göstəririk. Bugün Azərbaycanlı qardaşlarımızın yanında olmağımız icab edir, burdayıq, gələcəkdə başqa yerlərdə gərək olacaqsa, oraya gedəcəyik. Əslində, söhbət bizim yardımların maddi dəyərindən getmir, bu simvolik anlam daşıyır; bununla göstəririk ki, hər zaman, hər ortamda qardaşlarımızın yanındayıq”.
Q.Paşayeva bu nəcib duyğular və dərinmənalı dəstək üçün təşəkükr edib.

Paylaş: