22 Yanvar 2021 01:39

Türkiyə hərbçiləri nə vaxt gələcək? – Açıqlama

Türkiyə Böyük Millət Məclisinin türk hərbçilərinin Azərbaycana göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləməsindən bir həftə ötür. 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək qardaş ölkənin hərbçilərinin gəlişi hələ ki baş tutmayıb.

Doğrudur, ekspertlərin əksəriyyəti bu narahatlığa əsas görmür və yaxın günlərdə bu gəlişin reallaşacağını qeyd edirlər. Rəsmi Ankaranın dekabrın ilk on günlüyündə Azərbaycana Silahlı Qüvvələr göndərəcəyi deyilir. Bununla belə, sosial şəbəkələrdə insanlar suallar ünvanlayırlar.

Məlumat üçün onu da bildirək ki, artıq Rusiya sülhməramlıları Qarabağda tam yerləşiblər. Azərbaycan cəmiyyətində narahatlıq doğuran məsələlərdən biri də budur ki, bəs türk hərbçilərinin gəlişi niyə ləngiyir?

Turkustan.info  xəbər verir ki, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Musavat.com-a açıqlamasında narahatlığa əsas olmadığını bildirib:

“Birincisi, bir məsələni aydınlaşdırmalıyıq: Belə fikir formalaşıb ki, sülhməramlı missiyada Rusiya erməni tərəfdədir, Türkiyə qoşunları isə bizim tərəfimizdədir. Hesab edirəm ki, bu məsələyə başqa bir baxış bucağından baxmaq lazımdır. Onlar oraya hansısa vəzifələri icra etmək üçün cəlb olunublar, tərəf kimi deyil. Bu baxımdan Türkiyə tərəfin bir gün gec və ya tez gəlməsi, yaxud sayların fərqi heç bir əhəmiyyət kəsb etmir. Rusiya sülhməramlarının əsas vəzifələri ondan ibarətdir ki, bəyanatda nəzərdə tutulmuş şərtləri həyata keçirsinlər. Biz görürük ki, bu şərtlər ardıcıl şəkildə icra olunur. Rayonların azad olunmasından sonra yeni mərhələ başlayacaq. Hesab edirəm ki, orada tərk-silah mərhələsi başlayacaq. Çünki ermənilərin həmişə iddia etdiyi və mövqeyi ondan ibarət idi ki, onlar guya orada yaşayan erməniləri müdafiə edirlər.

İndi bu funksiya sülhməramlılara keçir. Deməli, onların orada hərbi strukturlarının qalması mənasızdır. Biz bunun təsdiqini bəyanatlarda görürük ki, hamı burada olan əraziləri Azərbaycanın tərkib hissəsi kimi qəbul edir. Məsələni başqa istiqamətlərdən də şərh etməkdə məqsədim var. Biz başa düşməliyik ki, türk qoşunlarının gəlməsində məqsəd nədir. Digər strukturların cəlb olunmasına gəlincə, xatırladım ki, Azərbaycanda Türkiyənin müdafiə mütəxəssisləri var. Onlar çoxdan buradadırlar. Həm də onların zəhməti nəticəsində birgə təlimlərdə qazanılan təcrübə ilə Azərbaycan Ordusu yüksək səviyyəli hərbi hazırlıq nümayiş etdirib. Təbii ki, bölgədə müşahidə missiyası olacaq. Bunun icrası müxtəlif vasitələrlə, o cümlədən texniki vasitələrlə çox asanlıqla həyata keçiriləcək. “Əsgər gəlib postda dursun” filan kimi düşüncələr keçmişdə qalıb. Texniki vasitələrlə çox işləri görmək mümkündür və müharibə vaxtı biz bunları gördük. Türkiyəli müşahidəçilər gələcək, müşahidəçilər isə o deməkdir ki, hansısa prosesə nəzarət edib, onu kontrol altında saxlayacaqlar. Çünki Türkiyə bu proseslərin tərkib hissəsidir. Yenə deyirəm, bəzi şeyləri dəqiq bilmədiyimiz üçün hesab edirik ki, bura hansısa bir hərbi hissələr gələcək. Məsələlərə mən başqa baxış bucağından yanaşıram”.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev bu ləngimənin bəzi səbəblərini sadalayıb:

“Türkiyə hərbçilərinin Azərbaycana gəlişinin ləngiməsi hazırda gedən proseslər üçün heç bir təhlükə yaratmır. Xüsusilə Azərbaycan üçün ciddi təhlükə görmürəm. Çünki əvvəlcədən üçtərəfli bəyanatda səsləndirilən müddəalar həyata keçirilməkdədir. Amma təbii ki, bizim üçün türk hərbçilərinin Qarabağda, öz tarixi ərazilərimizdə olması çox yaxşı olardı. Eyni zamanda bu, Azərbaycan dövlətinin və vətəndaşlarının narahatlığını aradan qaldırmış olardı. Düşünürəm ki, türk hərbçilərinin ölkəmizə gəlmələrinin yubanmasına səbəb olan budur ki, Türkiyə-Rusiya arasında danışıqlar gedir, bu iki ölkə arasında müəyyən fikir ayrılıqları var. Azərbaycana gələcək türkiyəli hərbçilərin həm sayı, həm onların harada yerləşdirilməsi, həm də hansı vəzifələri daşıyacaqları barədə məsələlərlə bağlı tam aydın mövqe yoxdur. Türkiyənin mövqeyi ondan ibarətdir ki, rus sülhməramlılarının sayı qədər Qarabağda türk hərbçiləri olmalıdır, eyni zamanda o qədər də hərbi texnika olmalıdır. Birgə Monitorinq Mərkəzində isə eyni sayda rus və türk hərbçiləri işləməlidir. Bu məsələlərdə Rusiyanın fikirləri fərqlidir. Onlar düşünürlər ki, ermənilər türk hərbçiləri Qarabağda qəbul etmək istəməyəcəklər, bu prosesin bir qədər ləngiməsinə gətirib çıxara və nəticədə sonrakı danışıqların effekti azala bilər. Mülahizə edirəm ki, bu cür səsləndirmələr var. Amma bütün bunlara baxmayaraq Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və Azərbaycan türk hərbçilərinin burada olmasında maraqlıdır. Ermənilərin xoşlarına gəlmirsə, o zaman burada yaşamasınlar. Hər halda, Azərbaycan öz maraqlarına cavab verən müddəaların həyata keçirilməsinə çalışır və bu da türk hərbçilərinin ölkəmizin ərazilərində olmasından keçir”.

Paylaş: