27 Yanvar 2021 16:19

Arayik Arutyunyanın gizli səfəri yarımçıq qaldı: Moskvadan da qovuldu

Rusiyaya gizli səfərə gedən “DQR” “prezidenti” Arayik Arutyunyan dünən İrəvana qayıdıb.

Arayik Harutyunyanın Moskva səfəri ilk andan uğursuzluqla başlayıb. Bildirildiyinə görə, onu müşayiət edən təhlükəsizlik əməkdaşının Rusiya sərhədindən keçməsinə ümumiyyətlə icazə verilməyib.

Portalın iddia edir ki, Harutyunyan noyabrın 25-dək Moskvada qalmalı imiş. Lakin bilinməyən səbəblərdən səfərini yarıda kəsən “prezident” dünən axşam təcili geri qayıtmalı olub.

Maraqlıdır ki, Harutyunyanın Moskva səfəri tam məxfi tutulub. Hətta onun mətbuat katibi ağzından “quş buraxmasın” deyə telefonunu söndürüb və heç kimin sorğularına cavab verməyib.

Gizli səfərin təfsilatı açıqlanmasa da, bunun Kəlbəcərin Azərbaycana təhvil verilməsi ilə bağlı ola biləcəyi təxmin olunur. Ehtimallara görə, “DQR” “Müdafiə ordusu”nun “könüllüləri” Kəlbəcəri boşaltmamaq üçün “dirənir” və son damla qanlarına qədər mübarizə aparacaqlarını bildirirdilər. Onların gətirdiyi müxtəlif bəhanələr üzündən Moskva rəsmi Bakıdan daha 10 gün möhlət istəmiş, Azərbaycan da humanism nümayiş etdirib bu xahişi yerə salmamışdı. Bu gün Azərbaycanın verdiyi möhlət sona çatırdı. Erməni separatçıları isə ayaqlarını yerlə sürütləyərək yenidən vaxt tələb edir və bu möhləti sonsuzadək davam etdirmək niyyətində idilər. Arayikin bir neçə gün əvvəl Moskvaya gizli səfəri də Kremllə bunu razılaşdırmaq məqsədi güdürdü.

Bildirildiyinə görə, rəsmi Bakının və Ankaranın bu məsələdə ağzını arayan Moskva “humanizmimizdən sui-istifadə olunur” cavabını aldıqdan sonra Harutyunyana dərhal İrəvana dönməyi və tör-töküntülərini Kəlbəcərdən çıxarmağı məsləhət görüb. Rədd cavabı alan Harutyunyan dünən axşam saat 21.44-də suyu süzülə-süzülə Moskvada təyyarəyə minib bu gecə saat 01.44-də əliboş İrəvana enməli olub.

Qeyd edək ki, Harutyunyan Moskvaya getməmişdən əvvəl Putinə “Artsaxın prezidenti” statusu ilə müraciət etməyi də unutmayıb. Moskvada isə bu separatçı özbaşınalığı səbəbindən onun xeyli danlandığı və Dağlıq Qarabağın Azərbaycanın ərazi olduğunun xatırladıldığı iddia olunur.

Görünür, Arayikə onu da izah ediblər ki, Moskvanın Dağlıq Qarabağı sülhməramlı tərəf statusunun fövqündə müdafiə etmək imkanı yoxdur. Əks təqdirdə, Moskvanın bu mövqeyi beynəlxalq narazılığa səbəb olar və bu da rus qoşunlarının tamamilə bölgəni tərk etməsiylə nəticələnə bilər. Yenidən bərpa olunan münaqişə nəticəsində isə nəinki Dağlıq Qarabağ erməniləri, hətta Ermənistan belə, göydə Allahın ümidinə, yerdə Azərbaycanın insafına buraxılmış olar. Odur ki, mümkün olduğu qədər Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan bəyanatlardan yayınmaq ermənilər üçün daha məqsədəuyğundur.

Arayik Harutyunyanın yarımçıq kəsib İrəvana qayıtdığı Moskva səfərindən dərhal sonra ermənilərin Kəlbəcərdən daha “həvəs”lə çıxdıqları xəbər verilir. Məlumata görə, Kəlbəcərdəki son erməni silahlıları da artıq rayon ərazisini tərk ediblər.   /Ovqat.com/

Paylaş: