26 Yanvar 2021 20:06

Ermənilərin Xankəndinə qayıtma səbəbi… – Zülfüqarov

Ermənilər ciddi şəkildə düşünməlidirlər ki, gələcək siyasətləri necə olacaq, hansı şəkildə qurulacaq. Ermənilər indi başa düşüb ki, hərbi yolla bizim torpaqlarımızı anneksiya etmək mümkün olmadı. Onların, dediyindən fəqli olaraq, indi Azərbaycan ərazilərində ermənilərin “təhlükəsizliyini təmin etmələri”nin hərbi elementləri dağıdılıb və aradan qaldırılıb. Onlar hərbi vasitələrlə məqsədlərinə çatmaq niyyətindən əl çəkməsələr, bu, onlar üçün daha pis olacaq. Yox, əgər konstruktiv xətt seçsələr, bu, imkan yaradacaq ki, öz iqtisadi problemlərini həll etsinlər.

Turkustan.info  xəbər verir ki, bu fikirləri Teleqraf.com-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın bundan sonra atacağı addımlar və bu ölkədə müşahidə olunan siyasi proseslər haqda ehtimallarını dilə gətirərkən deyib.

Sabiq nazir qeyd edib ki, ermənilər indi böyük təhlükə qarşısındadır:

“Ermənilər Xankəndiyə qayıdırlar. Amma sual olunur: niyə qayıdırlar? Çünki çoxu qohum-əqrabasını müharibədə itirib. Ola bilsin ki, onları axtarmağa, barələrində məlumat almağa qayıdıblar. Bəlkə sabah əşyalarını toplayıb gedəcəklər? Belə müharibədən sonra orada yaşamaq arzuları insani baxımdan azdır. Bəzən bizdə qeyd edirlər ki, onlara Rusiya vətəndaşlığı veriləcək.

Sizi əmin edirəm ki, onlar vətəndaşlıq alan kimi qaçıb Rusiyaya gedəcəklər. Yəni nə Ermənistanda, nə də Xankəndidə yaşayacaqlar. Çünki ermənilərin problemləri çoxdur. Düşünürəm ki, Baş nazir Nikol Paşinyan indi daha çox bu problemlərlə məşğul olacaq”.

T.Zülfüqarov Nikol Paşinyanın erməni ictimaiyyəti tərəfindən ciddi tənqid atəşinə tutulmasına da diqqət çəkib:

“Ona xain də deyiblər. Amma biz görürük ki, Paşinyanın erməni cəmiyyəti daxilində dəstəyi qalıb. Bu baxımdan Paşinyan özü bəyan etdiyi kimi, azı 6 ay hakimiyyətdə qalmaq niyyətindədir. İstisna etmirəm ki, bundan sonra da hakimiyyətini qoruyub saxlaya bilər. Son hadisələr də göstərdi ki, Ermənistanda ruspərəst müxalifəti heç kəs dəstəkləmədi. Bu da real faktdır. Deməli, Paşinyan ola bilsin ki, bir müddət hakimiyyətdə qalacaq”.

Paylaş: