17 Yanvar 2021 19:15

Fransa ilə diplomatik əlaqələr kəsilməli, səfir geri çağırılmalıdır – Azay Quliyev

Fransa Senatı tərəfindən Dağlıq Qarabağda mövcud olmayan rejimin tanınması beynəlxaq hüquqa təcavüz aktı və siyasi korrupsiyanın bariz nümunəsidir. Bu qətnamə Azərbaycana və Türkiyəyə qarşı təkcə əsassız ittiham, nifrət və böhtandan ibarət deyil. Bu kağız parçası həmçinin ziddiyətli və bir çox hallarda rişxənd doğuran maddələrlə doludur. Dünyada bəlkə də indiyə kimi belə bir absurd və qərəzli qətnamə qəbul olunmayıb.

Bu fikirləri Telerqaf.com-a açıqlamasında Azərbaycanın ATƏT PA-da Nümayəndə Heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev bilidirib.

Deputat qeyd edib ki, Fransa Senatı Azərbaycanı öz ərazisinə hücum etməkdə qınayır, işğaldan azad olunmuş torpaqlarımızın işğalçıya geri qaytarılmasını tələb edir:

“Türkiyəni Fransanı hədələməkdə ittiham edir. Eyni zamanda onu Orta Şərq, Cənubi Qafqaz və Şərqi Aralıq dənizindəki fəaliyyətindən çəkindirməyə çalışır. Senatorlar Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş çoxsaylı beynəlxalq cinayətlərə, dinc azərbaycanlılara qarşı dəfələrlə həyata keçirilmiş terror və vandalizm aktlarına göz yumur. Bu bədnam qətnamə ilə özlərinin siyasi riyakarlığını və ikiüzlülüyünü bütün dünyaya nümayiş etdirirlər. Qətnamədə əks olunan bütün müddəalar Ermənistanla Azərbaycan arasında noyabrın 10-da əldə edilmiş sülh razılaşmasına qarşı olmaqla yanaşı, regionda münaqişənin yenidən alovlanmasına və düşmənçiliyin daha da artmasına yönəlib”.

Millət vəkili hesab edir ki, bu addımla Fransa Senatı BMT nizamnaməsinin tələblərini, BMT Təhlükəsizlik Şurası qətnamələrini, Helsinki Yekun Aktını, Paris Xartiyasını və bütün nüfuzlu beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi qərar və qətnamələri heçə sayıb:

“Fransanın beynəlxalq nüfuzunu və öhdəliklərini bir qrup erməni lobbisinin maraqlarına qurban verib. Qətnamə müəllifləri bir tərəfdən Fransanın həmsədr və vasitəçi kimi rolunun artırılmasının vacibliyindın bəhs edir. Digər tərəfdən isə bu mandatı tamamilə məhv edən təklf irəli sürərək Ermənistanın belə tanımadığı qondarma qurumun tanınması zərurətindən danışır. Bu baxımdan senatın qəbul etdiyi bu qətnamə BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa adına böyük bir rüsvayçılıq və ləkədir”.

Azay Quliyev bildirib ki, Azərbaycan ictimaiyyəti bu qətnaməni ölkəmizin BMT tərəfindən tanınan ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə müdafiə olunan sərhədlərinin toxunulmazlığına qəsd hesab edir və onu qətiyyətlə pisləyir:

“Bununla yanaşı hesab edirəm ki, Fransanın səlahiyyətli məhkəmə orqanları yerli bələdiyyələrin Dağlıq Qarabağdakı qondarma rejimin qeyri-leqal bələdiyyələri ilə əvvəlki illərdə imzaladağı dostluq xartriyaları qanunsuz hesab olunmalıdır. Bu təcrübəyə istinad edərək senatın bu qətnaməsi Fransanın beynəlxalq öhdəliklərinə və BMT Təhlükəsizlik Şurasının müfaviq sənədlərinə zidd olduğuna görə ləğv edilməlidir. Senatın bədnam qətnaməsi ləğv olunana kimi biz Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrlik mandatından və vasitəçilik missiyasından imtina etməliyik. Eyni zamanda Azərbaycanın Fransa ilə diplomatik əlaqələri kəsilməlidir. Parisdəki səfirimiz geri çağırımalıdır. Fransa ilə bütün iqtisadi, təhsil və humanitar sahədə olan əməkdaşlıq dayandırılmalıdır. Əlavə olaraq da, Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun fəaliyyətini dayandırmalıyıq. Fransa Prezidenti Makrondan və xarici işlər nazirindən senatın qəbul etdiyi bu biabırçı qətnaməyə münasibət bildirməsini və onu pisləməsini gözləyirik”.

Paylaş: