25 Yanvar 2021 04:05

Rusiya girdiyi yerdən çıxmır?- nə etməli…

Qəzənfər Həmidoğlu

Rus faktoru Qələbəmizin dadını bir qədər qaçırdı, amma üzərinə kölgə sala bilmədi. Düzdür, əks iddiada olanlar da az deyil…
Hər halda, bu məsələ cəmiyyəti ortadan iki yerə bölmədi, amma müəyyən cəbhələşmə, narahatlıq, sərt polemikalar və ittihamlar var.

Üçtərəfli bəyanata ümumi pozitiv (optimist) yanaşma fonunda proseslərin neqativ cəryan edəcəyini düşünən pessimistlərin də səsləri eşidilir. Onların bəziləri gerçəkdən narahatdır, digərləri anadangəlmə bədbindir, üçüncülərdə neqativ münasibət, bədgümanlıq müxalif və ya hansısa qaranlıq mövqelərdən rişət edir. Və sosial şəbəkələrdə fəal olduqları üçün səsləri politoloq-təbliğatçılardan və qeyri-orijinal deputatlardan daha “gur” çıxır.

Pozitivə gəldikdəsə, hər iş yalnız müsbət yanaşma ilə sonda xeyrə calanmaz. İndi dəbdədir, “pozitiv düşünsək, işimiz əla gedər” deyirik. Danimarka psixoloqu Sven Brinkman isə hesab edir ki, daim “pozitiv düşünmə”yə cəhd etmək insanları depressiya epidemiyasına qərq edir.

Hər halda, başı dərdə olan, yasa düşən adama “buna sadəcə pozitiv bax!”- demək abdallıqdır.

Həyatımız boyu problemlər və çətinliklərlə əlləşirik, bir çoxunu da özümüz yaradırıq. Həyatımızda əgər neqativ varsa, görməli, diqqət ayırmalı və çarə tapmalıyıq. Sadəcə pozitivə dalsaq, dananı qurda verərik.

Cəmiyyət, ölkə həyatı da elədir: işlər yolunda getmir, problemlər ortaya çıxır, qəfil risklər təhdid edir və s. Hər kəsi, hər şeyi söymək də olar, vəziyyətlə barışmaq da və ya çıxış yolu, çarə axtarmaq da.

Çarə üçün sadəcə pozitiv, optimist və ya praqmatik olmaq yetməz (çünki bu keyfiyyətlər “nə etməli” sualını qoymur və cavab axtarmır), konstruktiv düşüncə və yanaşma lazımdır.

II Qarabağ savaşı günlərində pozitiv ruh halı bizə bəs edirdi, çünki konstruktiv işi hərb meydanında Azərbaycan Ordusu görürdü. Hərbçilər işlərini Qələbə ilə bitirdilər.

Amma mücadilə bitmədi, hərbdənkənar savaş müxtəlif səviyyələrdə indi-indi başlayır. İndi gərək “level”i yüksəldək, pozitivdən konstruktivə keçək.

Vətən müharibəsindən sonra regionun geosiyasi mənzərəsi cizgi halındadır, həssas dönəmdən keçirik. Belə qəliz dönəmdə destruktiv yanaşma (qərəzli təftişçilik, yersiz şübhəçilik, siyasi vendetta, beyinyuma ritorikası, “Qarabağ satıldı” siyasi iddia- həzzi) tərzi Azərbaycana yaxşı heç nə vəd etmir. Destruktivlik əslində keçmişindən qopa bilməmək, status-kvo əsiri olmaqdır.

Kimsəyə yol göstərmək həddim deyil, sadəcə, ümumu əhvali-ruhiyyənin laübalı cəhətlərini anlamağa çalışıram.

44 möhtəşəm gün bizə yalnız hərbi Qələbə deyil, həm də ruhumuzu yüksəldərək mənəvi Zəfər qazandırdı: Biz Qalib xalqıq!

Bu, pafos deyil, Şuşanı qaytaran millətin təntənəsidir. Amma o tarixi günün üstündən 20 gün keçməmiş içdə didişmə və didilmələrin qızışmasında milli əhvali-ruhiyyəmiz üçün təlx riski var.

Birlik və həmrəyliyə yenə ehtiyacımız var.

Qarşıda yeni vəzifələr, hədəflər var: Ordu yaralarını sarımalı və daha çox güclənməlidir; bütün resurslarımızı səfərbər etməklə azad edilmiş torpaqlarımıza “Böyük qayıdış”a başlamalıyıq;

şəhid və qazilərimizə əbədi minnətdarıq: onların ad və xatirələrini əbədiləşdirilməli, sosial yardımlarla bağlı proqramlar hazırlanmalıdır; bütün bu işlər pandemiya ilə bağlı kritik durumun dərinləşdiyi dövrdə aparılmalıdır və s.

Bu fonda başlıca hədəfimiz təbii ki, bir daha status-kvonu pozmaq, Xankəndiyə bayrağımızı sancmaqdır – bunun üçün hərbdəki Qələbəni masaya daşımalı, rus faktoru riskini neytrallaşdırmağın yolunu tapmalıyıq. Hazırda ilk çarə işgaldan azad edilmiş yerlərdə NATO ölkəsi Türkiyənin hərbi bazasının açılmasıdır.

Danışıqlarda isə səhv etməyə, özümüzü aldatmağa, konspiroloji uydurmaların dalınca düşməyə və bədgüman olmağa haqqımız yoxdur. Cəmiyyətdə, siyasi həyatda konstruktiv mühit olarsa , dövlət daxili və xarici problem və riskləri daha effektiv dəf edər…

Sonda “Rusiya girdiyi yerdən çıxmır” təcrübəsinə istinad edənlərə iki tarixi təcrübəni xatırladaq: Azərbaycan iki rus bazasını (Gəncə və Qəbələdən) çıxarıb; SSRİ-nin süqutu Qarabağdan başlamışdı. Rusiyanın postsovet məkanından çəkilməsi də Qarabağdan başlar…

Sentyabrın 24-də yazdığım “Savaş qoxusu” adlı kiçik təhlili belə bitirmişdim: “XXI əsrin 3-cü onilliyinin ilk ili çox şeyi şəkilləndirəcək. Tale hamımıza yar olsun!”

Tale 44 gündə bizə yar oldu, yolumuzu açdı. İndi onu küsdürsək, gorbagor edərik…

Paylaş: