18 Yanvar 2021 14:46

Əgər Ordumuz Xankəndiyə girsəydi… – Zülfüqarov

Bunun üçün Ermənistan ilk növbədə hərbi qüvvələrini Azərbaycan ərazisindən tamamilə çıxarmalıdır. Bu mütləq şərt olmalıdır. Eyni zamanda, rəsmi şəkildə ərazi iddialarından imtina etməli, bizə dəyən ziyanı ödəməlidir.

Turkustan.info xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanla Azərbaycan və Türkiyə arasında sərhədlərin açılması şərtləri barədə Musavat.com-a danışarkən deyib.

Politoloq bildirib ki, əslində İrəvanın etməli olduğu çox işlər var:

“Sülh sazişinin imzalanması şərtdir. Bu saziş çərçivəsində dediyim məsələlər öz həllini tapmalıdır. Ermənilərlə yanaşı dinc şəkildə necə yaşaya bilərik, sualına gəlincə, unutmayaq ki, ən azından iki erməni var, biri Ermənistan ermənisi, biri də ərazimizdə yaşayan erməni. Doğrudur, Azərbaycanda hər iki erməniyə münasibət eynidir. Bunun da əsasları çoxdur. Təəssüflər olsun ki, münaqişənin əvvəlində ermənilər belə bir üslub təqlid ediblər ki, erməni olan yerdə azərbaycanlı yaşamamalıdır. Biz də buna cavab olaraq, haqlı şəkildə bunu təqlid etməli idik. Amma hesab edirəm ki, biz daha düzgün yol seçdik. Çünki hərbi cəhətdən bizdən qat-qat zəif olan Ermənistan əminəm ki, bizə qarşı təxribatlar törədəcəkdi. Xankəndidə döyüşlər başlayandan sonra dünyada II soyqırım təbliğat kampaniyasına start veriləcəkdi. Ondan qabaq beynəlxalq ictimaiyyətin rəyi bizim tərəfdə idi. Bundan sonra ermənilər öz məqsədlərinə qismən çata bilərdilər. Bu baxımdan real təhlükə idi. Təbii ki, bunlar baş verdikdə biz çətinlik qarşısında qalacaqdıq. Çünki erməni əsgərlərindən başqa kim deyə bilər ki, digər ölkələrin əsgərlərini qarşımızda görməyəcəkdik? İtkilərimiz daha da çox ola bilərdi. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, biz beynəlxalq qanunlara uyğun davranış sərgiləməyə davam etməli idik. Bu ilk növbədə, bizim xeyrimizədir. Emosiyalar başa düşüləndir. Onların vəhşilikləri heç zaman yadımızdan çıxmayacaq. Etdikləri cinayətlər, vəhşiliklər qarşısında qisas almağımız bəlkə də düzgün olardı. Amma ortada real təhlükələr mövcud idi. Problemlərimizi artırmamaq üçün hesab edirəm ki, biz düzgün addım atdıq”.

Sabiq nazir Azərbaycan və Türkiyənin Ermənistanda sərhədləri açmaq məsələsində eyni mövqedən çıxış edib-etməyəcəyi sualına belə cavab verib:

“Təbii ki, belə bir qərar vermək Türkiyə dövlətinin səlahiyyətindədir. Bizim əməkdaşlıq səviyyəsi nəzərə alaraq, hesab edirəm ki, bu məsələdə də birgə fikir mübadiləsi aparılacaq. Əminəm ki, bizim əlaqələrimizə xas olan əməkdaşlıq əhval-ruhiyyəsi atmosferində bu qərar qəbul ediləcək”.

Paylaş: