26 Yanvar 2021 18:47

Ordumuza Rusiyadan yardım gəldi – Foto

Rusiya-Türkiyə humanitar konvoyu Beyləqan rayonunun Daşburun kəndinə çatıb. Azərbaycan Ordusuna veriləcək yardımın tərkibində ayaqqabı, isti yorğan, əlcək və digər fərdi ləvazimatlar mövcuddur.

Turkustan.info xəbər verir ki, humanitar yardımın təşkilatçıları tanınmış iqtisadçı Şəmistan Əliyev və rusiyalı politoloq və qafqazşünas Oleq Kuznetsovdur.

Bundan əlavə, humanitar konvoyun göndərilməsi zamanı Azərbaycan əsilli rusiyalı biznesmen İlqar Məmmədov böyük təşkilati və logistika yardımı göstərib. Prosesə Əli Kılıç başda olmaqla, Türkiyənin Maltəpə bələdiyyəsi administrasiyası da cəlb edilib.

Sözügedən humanitar yardım hazırda Azərbaycan hərbi komandanlığının nümayəndələrinə təhvil verilir, lazım olan qəbul-təhvil sənədləri rəsmiləşdirilir.

“Şəmistan Əliyevin qeyd etdiyi kimi, biz çox gözəl başa düşürük ki, Azərbaycan Ordusunun heç nəyə ehtiyacı yoxdur, ordu siyasi rəhbərliyin və hərbi komandanlığın daimi himayəsi, qayğısı altındadır. Bununla belə, biz bu addımı Rusiya ərazisində Azərbaycanın taleyinə laqeyd yanaşmayan insanların olduğunu göstərmək üçün atmışıq. Azərbaycanda formalaşan “Rusiya vətəndaşları erməniləri dəstəkləyir” stereotipini qırmaq niyyətindəyik. Rusiya, Türkiyə və Azərbaycanın Qafqaz regionunda siyasi və hərbi-siyasi yaxınlaşmasına son dərəcə mənfi yanaşan müasir Rusiya KİV-inin açıqlamadığı bu üç ölkənin vətəndaşlarının ortaq cəhətlərinin nə qədər çox olduğunu göstərməyə yönələn jestimiz bizim üçün prinsipial mənəvi və psixoloji əhəmiyyətə malikdir”, – deyə Oleq Kuznetsov bildirib.  /Axar.az/

Paylaş: