17 Yanvar 2021 16:02

Rusiyanın Qafqazda rolu necə olacaq? – ŞƏRH

Sentyabrın 27-də Ordumuzun əks-hücum əməliyyatı ilə başlayan 44 günlük müharibə nəticəsində Azərbaycanın işğal altında olan torpaqları azad edildi. Bununla bərabər ermənilərin Qarabağa gediş-gəlişini təmin etmək üçün Rusiya sülhməramlıları Laçın dəhlizinə yerləşdirildi.

Maraqlıdır, müharibə dövründə məsələyə xüsusi canfəşanlıqla yanaşan Rusiyanın siyasi və iqtisadi cəhətdən buradakı maraqları nə idi? Bundan sonrakı prosesdə Rusiyanın Qafqazda rolu necə olacaq?

Bu barədə Modern.az-a danışan politoloq Zərdüşt Əlizadə xatırladıb ki, 1991-ci ildən Rusiyanın Qafqaza nəzarəti zəiflədiyindən bölgəyə başqa “oyunçular” daxil olur:

“Amerika, İngiltərə, Fransa, Türkiyə, Avropa İttifaqı, İran, Ərəb dövlətləri və Rusiya demək olar ki, sıxışdırılır. Lakin digər münaqişələr sayəsində Qarabağ münaqişəsində də Rusiya həlledici nəzarəti əlində saxlamışdı. Rəsmi Moskva İkinci Qarabağ Müharibəsi nəticəsində Dağlıq Qarabağa öz sülhməramlı qoşunlarını yerləşdirib nəzarəti əlində saxlayıb. Lakin tarixin səmtini nəzərə alaraq deyə bilərik ki, 5-10 ildən sonra Rusiya sülhməramlıları yenidən buranı tərk edəcəklər”. 

Z.Əlizadə bildirib ki, iqtisadi cəhətdən Rusiya Azərbaycan üçün çox əlverişli bazardır:

“Təbii ki, iri tutumlu məhsullar sayəsində Rusiyanın xeyli zəifləməsinə baxmayaraq, metal, taxta, dəmir  kimi yerli məhsullar istehsal edir və bizim üçün bazar olaraq qalacaq”.

Ermənistanın siyasətinin bundan sonrakı istiqamətinə də toxunan Z.Əlizadə bu dövlətin inkişaf üçün şansı olduğunu diqqətə çatdırıb:

“Məğlubiyyət nəticəsində Ermənistan öz xarici siyasətini çox çeşidli etməyə qadir oldu. Bundan sonra Ermənistan Azərbaycan, Türkiyə ilə daha sıx münasibətlər yarada biləcək”.

Paylaş: