25 Yanvar 2021 05:02

TƏBİB-dən koronavirus xəbərdarlığı – Yoluxma sürətlə artacaq

Azərbaycanda son 15 gündə koronavirusa rekord sayda, 3-4 min nəfərin üzərində yoluxma qeydə alınır. Tendensiya göstərir ki, bu rəqəm daha da arta bilər. Bu isə onsuz da gücləndirilmiş rejimdə işləyən səhiyyə sisteminin imkanlarını aşır.
TƏBİB-in infeksion xətəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyir ki, koronavirusdan ona qarşı tədbirlər almadan qurtulmaq mümkün deyil. Hətta bir dəfə yoluxan şəxslər də arxayın olmasınlar ki, artıq COVID-19 onlardan yan keçdi. Təkrar yoluxma halları artıq bütün dünyada təsdiqlənib.
Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artır. Əvvəlki aylara nisbətən yoluxma sayı 4 min nəfərin üzərində qeydə qalınır. Rəqəmlərin gələcək həftələrdə daha pik həddə çatacağı gözlənilir. Bu vəziyyət isə səhiyyə sisteminin imkanlarını üstələyə bilər.
Yoluxma sayı onu göstərir ki, bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da insanlar vəziyyətin ciddiliyini və mövcud qaydaları qulaq ardına vurur. Koronavirusla savaşmağın yeganə yolu birlikdə, hamılıqla bu mübarizədə dövlətin tələblərinə riayət etməkdir.
Yoluxmanın artmasına səbəb mövsümi respirator xəstəliklərin çoxalması, həmçinin insanların qapalı məkanlarda daha çox olmalarıdır. Yayılma riski daha çox olduğundan virusdan qorunmaq tədbirləri daha da gücləndirilməlidir.
Vasif Əliyev koronavirusa yoluxub sağalanların da təkrar yoluxa biləcəyinə diqqət çəkərək bildirib ki, təkrar, dəfələrlə yoluxma halları artıq təsdiqlənib. Ona görə də bu, virusdan sağalan insanları arxayın salmamalıdır.

Paylaş: