18 Yanvar 2021 07:47

Tibb Universitetindən tələbələrin öldüyü qəza ilə bağlı AÇIQLAMA

Bakının Xətai rayonunda ağır yol-nəqliyyatı hadisəsi zamanı ölən və yaralanan tələbələr koronavirusla mübarizədə könüllü olaraq çalışırmışlar.

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat katibi Günel Aslanova bildirib.

O qeyd edib ki, bu gecə Bakıda baş verən qəza nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi – Tuncay Məmmədov, Sahil Əlirzayev və Yeganə Məmmədova həlak olublar. Digər tələbə İlkin Ağamirzəyev isə ağır yaralanıb:

“Onların hamısı koronaviruslu xəstələr üçün olan modul tipli klinikada könüllü kimi çalışıblar. COVİD-19-la mübarizədə digərlərinə kömək olan gələcək həkimlərimiz özləri dəhşətli qəzanın qurbanı olublar.

Allahdan ölənlərə rəhmət, yaralı tələbəmizə isə şəfa diləyirik”

Qeyd edək ki, yağışlı hava şəraiti zamanı yolun sürüşkən olması səbəbində avtomobil marketin ikinci mərtəbəsinin üst divarına çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər Tahir Əlirzayev və Yeganə Məmmədova hadisə yerində ölüb. Əraziyə cəlb olunan təcili tibbi yardım vasitəsi ilə sürücü T.Məmmədov və digər sərnişin 1999-cu il təvəllüdlü İlkin Ağamirzəyev 3 nömrəli şəhər xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Tuncay Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. İ.Ağamirzəyevin vəziyyəti isə ağırdır.

Paylaş: