21 Yanvar 2021 14:47

Revanş olmayacaq – 30 illik SAVAŞIN SONU: ermənidə nə şans qaldı, nə resurs…

Qəzənfər Həmidoğlu

“Hər hansı müharibə ilk 30 günü ərzində populyar olur”. Amerikanın görkəmli tarixçi-intellektualı Artur Meyer Şlezinger belə hesab edirdi.
Müharibə fəlsəfi və siyasi aspektləri ilə əcaib fenomendir. Salvador Dalinin “Hərbin üzü” (isp. La Cara de la Guerra) adlı məşhur rəsmi var. Dəhşətin tablosudur: ölü kəlləsi, kəllənin göz və ağız boşluqlarında kəllələr, onlarında içində də kəllələr…
Artur Nevill Çemberlen insan faktoru baxımdan hesab edirdi ki, “müharibədə qaliblər yox, yalnız məğlublar olur”. Maraqlıdır ki, İkinci Dünya müharibəsi Çemberlen Böyük Britaniyanın baş naziri (1937-1940) olarkən başlamışdı, tarixin ən qanlı hərbinə aparan yolun Hitler və Stalinlə yanaşı, London da iştirakçısı idi…
Səngərin, cəbhənin hansı tərəfində – udan, yoxsa uduzan tərəfdə olmaq təbii ki, önəmlidir, daha vacib və güclü şərt isə qan-can itkisində ruhən ölməməkdir. Ruhun qırıldısa, savaş bitdi.
Corc Oruellin qəribə tezisi var: “Müharibəni daha tez bitirməyin yolu – onu uduzmaqdır”…
30 il əvvəl hərbi biz başlatmadıq, 26 il sülhə ümid bağladıq. Amma milli düşüncədə müharibəni bitirmədik. Biz ədalət naminə savaş apardıq, tökülən qanın məsuliyyəti birbaşa Ermənistanın, havadarlarının, beynəlxalq vasitəçilərin üzərindədir.
Şlezingerin tezisinə rəğmən, İkinci Qarabağ müharibəsi 44 günə populyarlığını tükətmədi. Azərbaycan insanı və əsgəri dünyaya əzmini-gücünü göstərdi.
2020-ci il müharibəsi və 44 günlük hərb ilk gündən ümummilli anlam daşıdi: Vətənin bir parçasını xilas etməli, milli-mənəvi dəyərimizi – qürurumuzu dirçətməli idik.
Bu fonda İkinci Qarabağ savaşı Vətən müharibəsinə çevrildi. Belə yüksək statusu xalq verir, siyasətə-ideologiyaya ehtiyac hiss etmədən…
Müharibə nəticəsi baxımından elədir ki, ya sən (cəmiyyət) ondan keçirsən, ya da o, səndən keçir. 1991-1993-cü illərdə müharibə bizdən keçdi, çox şeyimizi aldı-apardı, viran qoydu.
2020-ci ilin payızında bu dəfə biz müharibədən keçdik, itirdiklərimizi qaytardıq, düşməni viran etdik…
Amma Birinci Qarabağ müharibəsinin fəlakətində ruhumuz ölmədi, inamımız qırılmadı. Dedik ki, “döyüşü uduzduq, müharibəni mütləq udarıq”.
Və udduq, 30 illik savaşı bitirdik. Bəzi detallar qaldı, amma onlar artıq siyasətin problemidir, gec-tez Xankəndi, Xocalı və s. məsələlər yerbəyer olacaq, rus faktoruna da çarə tapılacaq.
Ermənini tanıyırıq, revanşa cəhd və ümidləri davam edəcək. Amma Azərbaycan XX əsrin 20-ci və 90-cı illərdəki Azərbaycan deyil, tarixdən dərslərini alıb, revanşa imkan verməməlidir. Geosiyasi güclərin maşa kimi istifadə etdikləri İrəvanın indilik revanş üçün resursları yoxdur.
Regiondakı geosiyasi tendensiyalar ondan xəbər verir ki, Rusiya Cənubi Qafqazdan sıxışdırılsa, Ermənistan qonşularından asılı dövlətə çevriləcək.
Ermənistan prezidentinin keçmiş baş müşaviri Jirayr Liparityan öz xalqının taleyinə, şansına belə diaqnoz qoyur: “Nə deyilməsindən asılı olmayaraq, biz tarixən məğlub olmağa öyrəşmişik və qələbələrə həsrətik”.
Təbii ki, erməni yenə peşmandır: “Hətta Birinci Qarabağ müharibəsindəki qələbəmizi də məğlubiyyətə çevirə bildik. Biz arzularımız, mümkünsüz olan istəklərin ardınca getdik və əldə saxlaya biləcəyimiz şeyləri də itirdik”.
Ermənilərin bu ruh halı ilə nəinki yaxın, ortamüddətli perspektiv üçün də revanş şansı sıfıra yaxın görünür. Amma tale bizə elə “xortlanan və xortladılan” qonşu bəxş edib ki, başımızın çarəsi üçün uzaq perspektivi də proqnozlaşdırmalı, plan-proqram hazırlamalıylq.

Paylaş: