22 Yanvar 2021 01:15

Hərbi qüvvə sayı ruslarla eyni olacaq – Türk ordusu Qarabağa gəlməyə hazırlaşır

“Türkiyə və Rusiya işğaldan azad edilən Qarabağda atəşkəsə nəzarət etmək üçün birgə mərkəzin qurulması məsələsində razılaşdı. Artıq qarşıdakı günlərdə fəaliyyətə başlaması gözlənilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin vəzifə ölçüsü də dəqiqləşir. Bu çərçivədə aparıcı ekspedisiya qruplarının bölgəyə göndəriləcəyi bildirilib. Türkiyə Silahlı Qüvvələri atəşkəsi yoxlamaq üçün Azərbaycana getməyə hazırlaşır”.

Turkustan.info xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, bundan sonrakı müddətdə Azərbaycanın müəyyən edəcəyi yerdə qurulacaq Birgə Mərkəzdə xidmət edəcək Türkiyə Silahlı Qüvvələri burada atəşkəsin pozulması hallarının qeydə alınması, təsbit və müşahidə fəaliyyətlərini həyata keçirəcək:

“Türk qüvvələri atəşkəsin pozulmasının qarşısının alınması tədbirləri görəcək, şikayət və pozuntular olacağı halda araşdırmalar aparacaq. Türkiyə Silahlı Qüvvələri bu çərçivədə Pilotsuz Uçan Aparatlardan (PUA) istifadə edəcək.

Mərkəzdə xidmət edəcək hərbi qüvvə sayı və qüvvələrin harada yerləşdiriləcəyi Rusiya və Türkiyə tərəfindən gizli saxlanılır. Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov verdiyi açıqlamada Dağlıq Qarabağda atəşkəsi müşahidə etmək üçün qurulacaq Rusiya-Türkiyə Birgə Mərkəzində xidmət edəcək hərbi qulluqçuların sayının bərabər səviyyədə olacağını deyib.

Təhlükəsizlik mənbələrindən əldə olunan məlumata görə, atəşkəsə nəzarət və müşahidə üçün Gəncə və Bərdə rayonlarında pilot qoruma hissələrinin qurulması planlaşdırılır. Türk və rus birliklərinin atəşkəsi təsbit və müşahidə fəaliyyətlərində koordinasiyanı təmin etmək üçün isə müxtəlif bölgələrdə çox sayda atəşkəsi izləmə rabitə bürolarının qurulması gözlənilir”.

Qəzet Türkiyə Müdafiə naziri Hulusi Akarın öncəki gün Türkiyə-Rusiya Birgə Mərkəzi ilə əlaqədar verdiyi açıqlamaya da diqqət çəkib:

“Hazırda mərkəz inşa olunur. Çox qısa müddətdə dostlarımız orada xidmətə başlayacaq. Türk və rus generalları birgə çalışacaqlar. Orada türk və rus zabitləri bərabər sayda olacaq və atəşkəsin müşahidə olunmasını həyata keçirəcək, atəşkəsin qalıcı olmasına səy göstərəcəklər”. (teleqraf.com)

Paylaş: