25 Yanvar 2021 14:59

Bayden komandasinda Türkiyə müzakirələri – TƏHLİL

Yeni ABŞ hakimiyyəti ilə Türkiyə arasındakı potensial gərginlik nöqtələrinin və mümkün diplomatik münaqişə sahələrinin öncəliklərinin sırasını müəyyən etmək üçün bəzi qaynaqlarımla yazışıram, danışıram. Hər kəs kimi, mən də ABŞ-la qarşı-qarşıya gələcəyimiz bölgənin Suriyanın şimalı olacağını düşündüyüm halda, mütəxəssislərin danışıqlarında Türkiyə ilə bağlı sıx-sıx Somalinin adı keçməyə başladığından, ümumiyyətlə, çox diqqət etmədiyimiz Afrika qitəsində ABŞ-la Türkiyənin maraqlarının necə toqquşa, münaqişəsi yarana biləcəyinə baxmağa başladım.

Strateji baxış

ABŞ-ın Suriyanın şimalı və PYD ilə əlaqələri Türkiyənin ən öndə gələn milli təhlükəsizlik problemi olmağa, təbii ki, davam edəcək, lakin Amerikanı idarə etməyə hazırlaşan yeni adamların ABŞ-ın Türkiyə ilə münasibətlərinə geniş və qlobal bir perspektivdən baxmalı olduqlarını bilməliyik.

Baydenin Tramp dövründə ABŞ-ın öz qlobal gücü və nüfuzunu çox itirdiyini düşündüyünü söyləyən, ümumiyyətlə yeni prezidentin necə düşündüyünü bilən dairələr onun administrasiyasının ABŞ-a qlobal hakimiyyət imkanlarını yenidən açmaq üçün çalışacağını söyləyirlər.

Bu mütəxəssislərə görə, ABŞ-ın qlobal güc yarışı və hakimiyyət savaşında Afrika qitəsinin önəmli bir yeri vardır. ABŞ dövlətinin müvafiq qurumlarında Çinin Afrikada artan gücü və bunun ABŞ baxımından orta və uzun müddətdə anlamı üzərində çalışırlar və bu bölgədə aparılacaq hakimiyyət davasında Türkiyənin mövqeyinin necə ola biləcəyini də düşünürlər.

Türkiyənin strateji baxışı

Bu yerdə, qısamüddətli olsa da, xarici siyasətdən çıxıb daxili siyasətə dönməyə məcburam. Uzun müddətdr ki, müxalifət dairələri Türkiyə hakimiyyətindən xüsusilə bəzi ölkələrə qoyulan iqtisadi və hərbi sərmayələrin səbəbini soruşub dururlar. Müxalifət dairələri Türkiyənin Qətər və Somali kimi ölkələrdə nə işi olduğunu soruşurlar və bu ölkələrlə qurulan əlaqələrin təməlində gizli saxlanan məqsədlərin olmasına eyham vururlar.

Həqiqətən də Türkiyə uzun müddətdir, məsələn, Somaliyə həm iqtisadi, həm də hərbi sərmayə qoyur. Türkiyə Hava Yolları (THY) bu ölkəyə müntəzəm uçuşlar başladıb və ölkəmizin dünyadakı ən böyük səfirliklərindən biri burada açılıb. Orada qurulan hərbi bazada türk hərbçiləri təlim keçir və hətta Somali ordusunda türkcə danışan bir birlik belə yaradılıb.

Bu cür məsələlərlə bağlı iqtidarla müxalifət arasında anlamlı dialoq yoxdur və bəlkə də bu səbəblə, müxalifət Türkiyənin bu addımlarına heç cür anlam verə bilmir.

İndi ABŞ-dakı qaynaqlarımdan aldığım məlumatlar Türkiyədə müxalifətin anlaya bilmədiyini yeni amerikan administrasiyasının anlamağa başladığını göstərir. Bayden administrasiyası ABŞ-ın yenidən qlobal gücə çevrilməsi yolunda Türkiyənin də önəmli bir rolunun ola biləcəyini düşünür.

“Strateji türk üçbucağı” – Sudan-Qətər-Somali üçbucağı

Yaxında Ağ Evi təhvil alacaq yeni administrasiya hazırda Afrika və Orta Şərqdə etdiyi həmlələrlə Qırmızı dəniz, Bəsrə körfəzi və Hind okeanında bir strateji üçbucaq yaratmış olan Türkiyə ilə bağlı aparılacaq strategiyanı müzakirə edir. Bu strateji üçbucaq Sudan, Qətər və Somali arasında qurulduğundan, məncə, hakimiyyətin Qətərlə əlaqəsinin anlamını sorğu-sual edənlərin məsələyə bir də bu prizmadan baxmalarında fayda vardır.

Bu üçbucaq bir strateji kozur olacaq

Təbii ki, Türkiyənin öz milli təhlükəsizliyinə yönəlik təhdidi Suriyanın şimalından gözləməsi dəyişməyəcək, çünki yeni ABŞ administrasiyası bu bölgədə bir kürd dövləti yaratma layihəsindən vaz keçməyib, üstəlik, neokonların gücünün artdığı Bayden iqtidarı bu yöndə yeni addımlar da atacaq.

Bu mərhələyə gəlindiyi zaman Türkiyənin bugünədək bəzi Afrika və Orta Şərq ölkələrində atmış olduğu diplomatik və hərbi addımları gələcəkdə strateji kozır kimi istifadə etmə ehtimalının olduğu düşünülür. Yeni administrasiyada belə düşüncə var ki, ABŞ-ın Somali və digər ölkələrdə hədəflədiyi strateji məqsədlərinə daha rahat çata bilməsi Türkiyə ilə əməkdaşlığa bağlı ola bilər. Yeni administrasiyanın keçirdiyi “beyin fırtınaları”nda işin o nöqtəyə gəldiyi halda, Türkiyənin şimali Suriyada addım atacaq ABŞ-a qarşı əlində olan Qırmızı dənizə və Bəsrə körfəzinə təsirli nəzarət kartını dövrəyə soxmasının növbəsinin gələ biləcəyi də düşünülür.

ABŞ-ın Türkiyəyə qlobal baxışı

Anlayacağınız odur ki, ABŞ-ın yeni administrasiyası Türkiyəni müzakirə edərkən onun haqqında yalnız Suriya ilə bağlı olaraq təktərəfli deyil, qlobal səviyyədə çoxtərəfli strategiya çərçivəsində düşündüyünün siqnallarını verir. Türkiyənin də bunu görərək, qlobal düşünərək öz maraqlarına cavab verən strategiyanı uyğun şəkildə formalaşdırması lazımdır. (Strateq.az)

Sərdar Turqut

“Habertürk”, Türkiyə

Paylaş: