25 Yanvar 2021 14:27

İrəvanın Bakıya “4 şərti” – Politoloq darmadağın etdi

İstər Ayvazyan, istər Paşinyan, istərsə də Mnatsakanyan anlamalıdır ki, Ermənistanın Azərbaycana qarşı heç bir təzyiq imkanı, diktə etmək üçün hərbi-siyasi diplomatik gücü yoxdur. Ayvazyanın 4 şərti masaya çatmamış “cırılmağa” məhkumdur. Çünki bundan öncəki açıqlamasında Ayvazyan Azərbaycanı “Bəyanatın mətnini tam anlamamaqda” günahlandırmağa çalışmışdı. Biz Bəyanatın mətnini tam anlayırıq, bəs Ermənistan anlayırmı?

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Ermənistan XİN-in yeni rəhbəri Ara Ayvazyanın ATƏT XİN başçıları şurasının iclasındakı çıxışında Qarabağ konfliktinin həlli və regional sülh üçün səsləndirdiyi 4 şərti şərh edərkən deyib.

O bildirib ki, Ayvazyanın irəli sürdüyü 4 şərt həm əsassız, həm də Ermənistan baş nazirinin, yəni erməni xalqının iradəsini təmsil edən adamın razılığı ilə imzalanan üçtərəfli bəyanata hörmətsizlikdir:

“1. Qarabağ konfliktinin həlli yalnız xalqların öz müqəddəratını müəyyənləşdirməsi prinsipi və “artsax xalqının” təhlükəsizliyi ilə mümkündür.

Ayvazyanın bu müddəanı irəli sürməsi bir daha ondan xəbər verir ki, o da özündən əvvəlki erməni siyasi elitasının bir nümayəndəsidir və rəsmi İrəvan hələ də öz bədnam siyasətindən əl çəkməyib. Birincisi, işğaldan azad edilən torpaqlarımızda “artsax xalqı” deyə bir xalq yoxdur. Orada yaşayan insanlar Azərbaycan Respublikasının erməni əsilli vətəndaşlarıdır. Yəni ortada öz müqəddəratını həll edəcək xalq yoxdur. Digər bir nüans isə odur ki, ölkə başçısının da dəfələrlə dediyi kimi, erməni xalqı tarixdə bir dəfə artıq öz müqəddəratını təyin edib. Dünyanın heç bir yerində bir xalqın iki dəfə öz müqəddəratını təyin etməsi halı yoxdur. Əgər Ayvazyan və digər erməni siyasilər düşünürlərsə ki, nə vaxtsa ikinci dəfə öz müqəddaratlarını həll edəcəklər, deməli, yanılırlar.

Digər tərəfdən, Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın təhlükəsizliyi heç bir ölkəni maraqlandırmamalıdır. Müharibənin ən qızğın anında belə Azərbaycanda ermənilər yaşayıb və onların canına, malına xələl gətirən olmayıb.

2. Ərazinin işğaldan “azad edilməsi”, erməni qaçqınların təhlükəsiz halda geri qayıtması təmin edilməlidir.

Ayvazyanın bu iddiası onsuz da bu gün yerinə yetirilir. Ölkə başçısı bu məsələ ilə bağlı açıq şəkildə bildirdi ki, Qarabağın dağlıq hissəsinə maksimum 65 min erməni qayıdacaq, daha sonra isə bu əraziyə azərbaycanlı sakinlərin qayıdışına başlanacaq. O ki qaldı ətraf rayonlara, burada heç bir ermənidən söz gedə bilməz.

3. Azərbaycanın nəzarətində olan erməni mədəni-dini abidələrinin qorunması vacib şərtdir.

Ayvazyanın 4 təklifinin ən gülməlisi bəlkə də bu oldu. Azərbaycan işğaldan azad edilən ərazilərindəki mədəni-dini abidələr qədim erməni yox, alban abidələridir. Bu abidələr ermənilər tərəfindən oğurlanıb və saxtalaşdırılıb. Azərbaycan öz tarixi-dini irsini, şübhəsiz ki, qoruyacaq. O ki qaldı erməni mədəni-dini abidələrinin qorunmasına, bunu Ayvazyan deməsə belə, Azərbaycan edir. Şübhəsi olan varsa, Bakıdakı erməni qriqorian kilsəsinə və içərisindəki 5000 erməni kitabına baxa bilər.

4. Danışıqlar yalnız Minsk Qrupu formatında aparılmalıdır. Çünki yalnız bu format münaqişənin tənzimlənməsi ilə bağlı beynəlxalq mandata sahibdir.

Biz Ermənistanın niyə danışıqları yalnız Minsk Qrupu formatında aparmaq istədiyini bilirik. Minsk Qrupunun 27 ildə gördüyü işlər, münaqişənin həllindəki “müstəsna xidmətləri” bizə də, müttəfiqlərimizə də bəllidir. Münaqişənin bundan sonrakı siyasi danışıqlarının necə və kimlərlə olacağını Ermənistan deyil, Rusiya, Azərbaycan və Türkiyə müəyyən edəcək. Ermənistan danışıqların subyekti yox, obyektidir”.

Paylaş: