25 Yanvar 2021 13:46

Kəlbəcər ictimaiyyəti Şəhidlərimizin xatirəsini yad edib

Kəlbəcər Rayon İcra Hakmiyyətinin başçısı, rayon ictimayyəti və rayon sakinləri Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

04 dekabr 2020-ci il tarixdə, saat 12:00-da canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ölkənin bütün ərazisində olduğu kimi, kəlbəcərlilərin sıx məskunlaşdığı Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə də, bir dəqiqəlik sükutla yad edilib. Anım mərasimində Rayon İcra Hakmiyyətinin başçısı, rayon ictimayyəti və rayon sakinləri iştirak ediblər. Sükut zamanı rayon sakinləri şəhidlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər. Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən Şəhidlərin abidə komlpleksində baş tutan anım mərasimində əvvəlcə şəhidlərin ruhuna dualar oxunub, sükut dəqiqəsində isə dövlət bayrağı endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq, Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatları həyata keçirib. 44 gün davam edən müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb və 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlar azad edilib. Beləliklə, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralı hərbçilərimizə şəfa versin!

Paylaş: