25 Yanvar 2021 05:30

Paşinyan xalqa müraciət etdi və Köçəryanı yıxıb-sürüdü

Qarabağ müharibəsindəki uğursuzluğun məsuliyyətini üzərimə götürən kimi maraqlı proses başlayıb: hamı son 25-30 ildəki səhvləri mənə və hazırki hakimiyyətə yükləməyə çalışır.

 Turkustan.info xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.

“O səviyyətə çatıb ki, Dağlıq Qarabağı danışıqlar prosesindən çıxaran və danışıqları Ermənistan-Azərbaycan müstəvisində aparan şəxs (Robert Köçəryan nəzərdə tutulur – red.) Qarabağın ərazi bütövlüyü kontekstində mübahisələndirilməsinə görə bizi günahlandırır. Bu məsələ ərazi bütövlüyü çərçivəsinə o vaxt gəlib ki, Ermənistan danışıqları Qarabağın əvəzinə aparıb və bu, 20 il əvvəl olub”, – Paşinyan deyib.

Nikol Paşinyan eyni zamanda bu savaşla dünyanın Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini qəbul etməsində də onu günahlandıran Köçəryana bu cür cavab verib:

“Bu ittihamı o adam səsləndirir ki, öz hakimiyyəti dövründə erməni cəmiyyətinə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi haqda qəbul edilən beynəlxalq sənədlərin “heç bir təhlükə yaratmadığını” deyirdi. O deyirdi ki, təyyarədə tualetə girərkən və qapını bağlayarkən də “occupated” yazılır. Yəni “işğal edilmiş” sözündə dəhşətli heç nə yoxdur”.

Qeyd edək ki, ötən gün “5-ci kanal”a müsahibəsində Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Nikol Paşinyanın ünvanına sərt ittihamlar səsləndirib. (axar.az)

Paylaş: