18 Yanvar 2021 08:25

Vətən müharibəsində dünyasını dəyişmiş mülki şəxslərə şəhid statusu verildi

Ümumilikdə, 206 nəfərdən 196 nəfərinə Prezidentin təqaüdü, 151 nəfərinə müavinət, 40 nəfərinə pensiya təyin edilib.

Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib. Bu barədə Turkustan.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən onların ailə üzvlərinin şəhid ailə üzvləri üçün nəzərdə tutulan hüquqları təmin olunub.

Belə ki, erməni terroru nəticəsində şəhid olan mülki şəxslərin ailələrinin 206 üzvünə müvafiq sosial təminat növləri üzrə aylıq ödənişlər təyin olunub. Onların böyük əksəriyyətinə hüquqlarına uyğun olaraq həm Prezidentin təqaüdü, həm də pensiya (və ya müavinət) təyinatı aparılıb. Ümumilikdə, 206 nəfərdən 196 nəfərinə Prezidentin təqaüdü, 151 nəfərinə müavinət, 40 nəfərinə pensiya təyin edilib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb, kəndlərin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüb.

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) isə Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Paylaş: