19 Yanvar 2021 06:23

Ərdoğandan XƏBƏRDARLIQ: “Azərbaycana dəstəyimizi davam etdirəcəyik”

“Azərbaycanla əzəli və əbədi qardaşlığımızı çəkə bilməyənlərin inadına can qardaşlarımıza dəstəyimizi davam etdirəcəyik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün nazirlərlə birgə keçirdiyi növbəti iclasından sonrakı çıxışında səsləndirib.

Türkiyə Prezidenti Azərbaycanın rəşadətlə əldə etdiyi zəfərdən narahat olan bəzi region dövlətlərini 30 illik bir zülmün başa çatmasının sevincini yaşayan xalqla bu sevinci bölüşməyə dəvət edib.

R.T.Ərdoğan deyib ki, Türkiyə dost ölkələrlə əməkdaşlığını genişləndirdikcə bəzi hallarda haqsız hücumlara məruz qalır: “Dostlarımıza hüzurlu bir gələcək qurmaq üçün dəstək göstərərkən, təəssüf ki, haqsız ittihamlara məruz qalırıq. Biz nə qonşuları ilə, nə də hər hansı bir dövlətlə gərginlik yaşanmasını əsla istəyən bir ölkə deyilik. Öz ölkəmizlə birlikdə bütün bölgəmizin və dünyamızın rifahının tərəfindəyik. Amma bu durum ölkə və millət olaraq haqqımızın, hüququmuzun, suverenliyimizin pozulması anlamına gəlməməlidir. Kimsənin haqqına toxunmadığımız kimi, kimsənin də bizim haqqımıza toxunmasına yol vermədik, verməyəcəyik. Bu çərçivədə Liviyadan Şərqi Aralıq dənizinə Suriyadan Qafqazadək çoxşaxəli fəaliyyətlərimiz var. Bu çalışmalarımız öz mənafeyimizlə yanaşı, bizdən dəstək gözləyən dostlarımızla da davam edir. Harada bir haqsızlıq, hüquqsuzluq varsa, ədalətsizliyin təsisi üçün cəhdlər edirik. Necə bir əsr öncə qurtuluş savaşımızda hüququ pozulanlara da ilham mənbəyi olubsa, bu, yenə də davam edir. Ay-ulduzlu al bayrağımız Qəzzadan Arakana, Balkanlardan Qarabağadək dünyanın dörd-bir tərəfində dalğalanır. Dağlıq Qarabağda yaşananlar ölkəmizin bu qərarlı müqavimətinin nə qədər önəmli olduğunu göstərib”.

“Türkiyə bir əsr öncə Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunda olduğu kimi tarixi bir dönüm nöqtəsində azərbaycanlı qardaşlarının yanında yer alıb”.

Azərbaycan himninin müəllifi Əhməd Cavadın 100 il əvvəl Qafqaz İslam Ordusuna ithaf etdiyi şeiri səsləndirən R.T.Ərdoğan bildirib ki, keçmişdə olduğu kimi yenə də Azərbaycanda Türkiyəyə qarşı olan sevgi və ehtiramın Bakıya son səfəri müddətində bir daha şahidi olub: “Dəyərli qardaşım İlham Əliyevin kübar dəvətilə Azərbaycana səfərimizə çox önəmli mesajlar daxildir. Azadlıq meydanındakı Zəfər Paradında mərhum Heydər Əliyevin “bir millət, iki dövlət” şüarının yendən təsdiqinin şahidi olduq. Bakı küçələrində, əllərdə, avtomobillərdə, eyvanlarda, pəncərələrdə dalğalanan Türkiyə və Azərbaycan bayraqlarını gördük, insanların zəfər sevincinə heyətimizlə birgə biz də qoşulduq. Vətən Müharibəsində Azərbaycan Ordusundan şəhid olan 2783 hərbçimizi və 100 məsum şəhidimizi ehtiramla yad etdik. Beləcə, Türkiyə və Azərbaycanın sevincinin də, kədərinin də bərabər olduğunu bütün dünyaya sübut etdik”.

Türkiyə Prezidenti deyib ki, Dağlıq Qarabağın qurtuluşu ilə Qafqazda yeni bir dönəmin qapıları açılıb: “Türkiyə-Azərbaycan keçmişdən gələcəyə sarsılmaz bir körpü inşa edib. Azərbaycanlı qardaşlarımız ölkəmizin də dəstəyilə 44 günlük qətiyyətli bir mübarizə ilə zəfər qazanıb. Hər anı qəhrəmanlıqlarla dolu 44 günlük zəfər hərbi, diplomatik və siyasi baxımdan çox böyük anlamlar daşıyır. Qarabağ artıq donmuş bir münaqişənin həlli ilə haqqın batilə qalib gəlməsinin bir rəmzini daşıyır. Laçından  Şuşaya, Füzulidən-Kəlbəcərə həmd olsun əzanlar səslənir, Azərbaycan bayrağı dalğalanır. Dağlıq Qarabağın qurtuluşu ilə Qafqazda yeni bir dönəmin qapıları açılıb. İnşallah bundan sonra Qarabağda münaqişə yerinə sülhün, gərginlik yerinə əməkdaşlığın, kin-küdurət yerinə yaxşı bir qonşuluğun əsası qoyulacaq”. (APA)

Paylaş: