19 Yanvar 2021 07:07

Putin Qarabağ, Naxçıvan və status haqqında: “Rusiya hər zaman…”

Rusiya Prezidenti Vladimir Putinə keçirdiyi geniş mətbuat konfransında Dağlıq Qarabağdakı durumla bağlı sual verilib.

Rusiya dövlət başçısına sualı TASS-ın müxbiri ünvanlayıb.

Vladimir Putin əvvəlcə müharibənin başlanma səbəblərindən danışıb:

“Dağlıq Qarabağda situasiya nəzarətdən çıxmışdı. Bu gərginlik uzun illərdir davam edirdi. Mən müharibənin hansısa xarici müdaxilə nəticəsində baş verdiyini düşünmürəm. Münasibətlər gərginləşdi və sonda münaqişə baş verdi. Rusiya hər zaman qan tökülməsinin əleyhinə olub.

Biz uzun illər bu mövqedən çıxış etmişik ki, Qarabağ ətrafındakı 7 rayon Azərbaycana qaytarılmalıdır, Qarabağın hazırkı status-kvosu saxlanılmalıdır. Bəlkə də bu statusu gələcək nəsillər həll etməlidir”.

Vladimir Putin Türkiyənin mövqeyi barədə də söz açıb: “Türkiyənin mövqeyi onların özlərinin dediyi kimi Azərbaycanın haqq işini müdafiə etməkdən ibarətdir. Beynəlxalq hüquq nöqteyi-nəzərindən bu ərazilər Azərbaycanındır. Dağlıq Qarabağ özü də Azərbaycan ərazisidir”.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladıqları üçtərəfli razılaşmaya toxunan Vladimir Putin deyib: “İnsan ölümlərinin dayandırılması fövqəladə dərəcədə vacib məsələdir. Üçtərəfli razılaşma bunun üçün bütün əsaslar yaradır.

Sənəddə qeyd olunduğu kimi sülhə nail olunduqdan sonra növbəti mərhələdə regionda münasibətlər tam normallaşdırılmalıdır. İqtisadi və infrastruktur potensialı tam açılmalıdır. Bu, avtomobil, dəmiryolu və sair kommunikasiyalara aiddir. Bu, Naxçıvana da, Ermənistanın şimalı ilə cənubu arasında əlaqələrə da aiddir”. (teleqraf.com)

Paylaş: