17 Yanvar 2021 19:11

Cavid Qurbanov şəhid Xudayara şeir həsr etdi: “Şəhid balam…”-VİDEO

44 günlük Vətən Müharibəsinin Zəfərlə başa çatması yolunda canını fəda etmiş şəhidlərimizin xatirəsi xalqımız tərəfindən əziz tutulur. Müqəddəs şəhidlik yolunu seçmiş oğullarımıza vəfa borcu olaraq onlara artıq ən müxtəlif formalarda ithaflar həsr olunur.

Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov Vətən Müharibəsinin heykəlləşmiş simalarından biri Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Şəhid Xudayar Yusifzadənin əziz xatirəsinə şeir həsr edib.

Turkustan.info həmin şeiri və şeirə hazırlanmış videonu təqdim edir:

Duman gəldi, dağ dumanda əridi,

Yağı düşmən ətrafları bürüdü,

Ana yurdun bülbül səsli igidi,

Nəğmələrin səndən qaldı yadigar,

Şəhid balam, şəhid oğlum Xudayar.

 

Sən daşıydın, torpağıydın vətənin,

Ağacıydın, budağıydın vətənin,

Nəğməli bir qonağıydın vətənin,

Sən gedəli o dağlara yağdı qar,

Şəhid balam, şəhid oğlum Xudayar.

 

Unudarmı oba səni, el səni,

Unudarmı çəmən, çiçək, gül səni,

Unudarmı duman səni, çən səni,

Hər ürəkdə sənin üçün xeymə var,

Şəhid oğlum, şəhid balam Xudayar.

 

Dastan deyib dastan olan igidim,

Döyüşündə aslan olan igidim,

Şəhidliklə zirvə tutan igidim,

Ruhun cənnət, yerin olsun laləzar,

Şəhid oğlum, şəhid balam Xudayar.

Paylaş: