17 Yanvar 2021 18:46

Hüseyn Cavidin dünyagörüşündə milli-dini maarifçilik və turançılıq məsələləri

 

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

II Yazı

 

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

 

Hüseyn Cavidə görə, insanlar özlərindən uydurduqları “Xaliqləri”nə və həmin “Xaliqlər”lə bağlı tutduqları yollarına o qədər inanırlar ki, əsil Haqq yenidən təcəssüm etsə belə, onlar öz yollarından artıq geri dönməyəcəklər. O, yazırdı:

 

Hər kim əvvəldən inanmış hər nəyə,

Bir də ram olmaz o digər bir şeyə.

Haq təcəssüm etsə birdən həpsinə,

Tutduğundan kimsə vaz keçməz yenə.

Çünki pək gücdür unutmaq keçmişi,

Həm düşünmək istəməz bir çoq kişi.

Hökm edər “mazi” bütün vicdanlara,

“Əskilik” eylər nüfuz izanlara.

Əski adətlər birər zəncir olub,

Dəmbədəm etməkdə təsxiri-qülub.

Sorsalar: dünyada kimdir hökmdar?

Bən derim: ölmüşlər, ölmüş duyğular.[1]

 

Cavid bütün bunlardan çıxış yolu kimi hesab edirdi ki, yanlış, çürümüş fikrilərdən, adətlərdən əl çəkib yeniləşməklə, əsil Xaliqin varlığını insan öz qəlbində aramaqla doğru qərar vermiş olar. Bir sözlə, şübhələrdən qurtulub yenidən əsil Yaradana dönmək lazımdır. O, yazırdı:

 

Şübhədir, hər həqiqətin anası,

Şübhədir əhli-hikmətin babası.

Şübhə etməkdə haqlıdır insan,

Çünki hər kəscə bəllidir: Yaradan

Hər zaman, hər tərəfdə nurəfşan,

Fərqsiz onca həp zamanü məkan… [2]

 

Bu baxımdan onun fikrincə, islamda, xristianlıqda öz əksini tapan bəzi məsələlərə, xüsusilə peyğəmbərlərin meracda olmasına, tövhidə insanların birmənalı yanaşmaması kafirliklə deyil, həqiqəti axtarmaqla bağlıdır. O, yazırdı:

 

Kim ki, Allahı istiyor görmək,

Arasın qəlbi-tabnakində,

Arasın ruhi-pakində,

Hər kimin qəlbi, ruhu düzgündür,

Daima hiss edər də haqqı görər.

Feyləsufanə ruha malik olan

Yaşamaz ayrı hərgiz Allahdan. [3]

 

H.Cavidin fikrincə, insanlar etdikləri səhvlərə, günahlara görə dinlər, eləcə də dinlərin yayıcıları peyğəmbərlər qarşısında deyil, yalnız vicdanları və Tanrı qarşısında cavabdehlik daşıyırlar. Bununla da Cavid demək istəyir ki, ürəyində əsil Allah sevgisi olan hər bir kəs doğru yoldaddır. Kim doğru yolda deyilsə, deməli onun ürəyində Allah sevgisi də yoxdur. O, yazırdı:

 

Əmin ol, nerdə nəfs olmuşsa hakim;

Həqiqi eşqi məhv etmiş məzalim.

Kimin ülviysə ruhu, söz onundur,

Əsiri-nəfs olan daim zəbundur. [4]

 

Bir qədər də dəqiqləşdirsək görərik ki, bir yandan insan Yaradanın olub-olmamasının axtarışındadır, digər tərəfdən Yaradanın olmasını qəlbində tapsa belə, bundan sonra da Onu nə dərəcə də dərk edib-etməməsinin intizarındadır.  Bizcə, Cavidin “Uçurum” faciəsində də əsas məsələ İnsan, Təbiət (Kainat) və Yaradan üçlüyü ilə bağlıdır. Məhz gənc filosof Əkrəm bu suallara cavab axtararkən yaşlı filosof Uluğ bəy ona belə bir “həqiqəti” deməli olur:

 

Əvət bir çox bilgiclər,

Filosoflar, ədiblər

Sənin kimi bu yolda

Haqq ictihad etmişlər.

Hər kəs duymaq istəmiş

Müəmmalı xilqəti,

Dərk olunmaz Tanrını,

O sarsılmaz qüvvəti.

Hər kəs uçduqca uçmuş,

Yüksəldikcə yüksəlmiş,

Fəzaları aşdıqca

Çırpınıb vəcdə gəlmiş,

Fəqət şəhpəri yanmış,

Şaşqın bir qartal kimi

Qeyb etmişdir, nəhayət

İzlədiyi kövkəbi.

Sarmaq istərkən bütün

Kainatı bir anda,

Donub qalmış ən kiçik

Bir zərrə qarşısında. [5]

 

Deməli, Cavid üçün bu məqamda Tanrı varsa belə, o dərk olunmazdır, daha doğrusu insan idrakı Onu dərk etmək gücündə deyil. Hətta, peyğəmbərlər və filosoflar belə Onu heç zaman tam dərk edə bilməmiş, sadəcə hərəsi özü üçün bir-iki idrak damlası ilə kifayətlənmişlər və çox dərinə getməkdə aciz qalmışlar. Bunu, yenə də Uluğ bəyin dilindən Cavid belə ifadə edir:

 

Böyük İbn Sinalar, Sokratlar, Əflatunlar,

Dahi bir ustad ikən əcəb, nə buldu onlar?!

Fəlsəfə bir çxılmaz yol ki, yormuş hər kəsi,

Çoxlarını boğmuş da, duyulmaz olmuş səsi! [6]

 

Bu o anlama gəlir ki, Yaradanın var olub-olmamasını dərk, var olduğu təqdirdə də Onun dərki insan üçün əsasən sirrdir, çıxılmazlıqdır, ancaq yenə də Onun dərkinə doğru can atmaq da İnsanın xislətindədir. Ona görə də, İnsan Yaradanı gah sonsuz Kainatda, gah Təbiətin özündə, gah öz Qəlbində arayıb-axtarır. Bütün bunların hər birisi də İnsan şüuru üçün olduqca çətinliklər yaradır, müxtəlif çıxılmazlıqlara aparır. Çünki bəzi qənaətləri İnsanı Yaradanın Təbiətdə, digər qənaətləri Sonsuz Kainatda, üçüncüsü Qəlbində, dördüncücü tamam başqa bir məkan və zamanda, beşincisi ağılasığmaz yerlərdə, altıncısı çox sadə yerlərdə axtarıb tapır.

Cavid onu idrak etməkdə çətinlik çəkirdi ki, Yaradanda dəyişilmə varmı-yoxmu, ancaq sonsuz Kainatda, Təbiətdə (dünyada) və İnsanda bu dəyişilmələrin olması sirr deyil. O, yazırdı:

 

Yox təbiətdə eylə bir qüvvət

Əbədi, həm də payidar olsun.

Həp dəyişməkdədir bütün xilqət,

Həp dəyişməkdədir bütün fünun.

Olmayan varmı inqilaba zəbun?

 Seyr edin iştə kainatı bütün

Devrilir hər addımda bir əzəmət,

Dinləməz dünki hadisatı bu gün,

Parlıyor hər dəqiqə bir hikmət.

Hər qaranlıqda çırpınır bir nur,

Hər həqiqətdəbir xəyal uyuyur. [7]

 

Maraqlıdır ki, H.Cavid bir tərəfdən Yaradanın varlığını qəbul etsə də, digər tərəfdən o, Yaradanı səmavi dinlərdəki, o cümlədən islam dinindəki Allah anlayışından xeyli dərəcədə fərqli başa düşür. Məsələn, Cavidin dərk etdiyi Yaradanın cənnət və cəhənnəmi, dindəki cəhənnəm və cənnətdən fərqlənir. Ona görə də, o, bəzi şeirlərində, dramlarında yazırdı ki, cənnəti yalnız o dünyada xəyal etmək deyil, real aləmin özündə də görmək olar. Cavid yazırdı:

 

 Ruhim yenə ləbrizisədaət..

Ya rəbb, bu tufanilətafət?!

Göydən Yerə enmiş kimi cənnət,

Yeryer saçılır nuriməsərrət

Bu lövheyiülviyyətə əlbət

Röya deyəməm, eynihəqiqət.

 

Deməli, Cavidə görə o dünyadakı cənnət və cəhənnəmin bir surəti həm də yaşadığımız real aləmdədir. Bu o anlama gəlir ki, bu dünyada cənnət və cəhənnəmi bədənimizlə yaşayırıqsa, o dünyada isə ruhumuzla bunun şahidi olacağıq. Hər halda o, inanırdı axirət dünyasında da cənnət mövcuddur və ruhən orada olacaqdır:

 

Məni həp parçaparça doğrasalar,

Ruhim ölməz, səmayieşqə uçar,

Uçar, ən möhtəşəm fəzalar aşar,

Yenə cənnətdə həp səninlə yaşar.

 

Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, din məsələsində şairin üsyanı Yaradana və islama deyil, Yaradanın və islamın adından sui-istifadə edən bir çox din xadimləridir. Cavid məhz onların mənfi əməlləri sayəsində insanların islam dini haqqında yanlış təsəvvür­lərə malik olduğuna inanır. Bu baxımdan şair hesab edir ki, Allahın heç bir dini, o cümlədən islam elmə qarşı yönəlməmişdir. Yuxarıda da qeyd etdiyimiz kimi, əgər dinlərlə insanla arasında problem varsa (var da),  bunun günahı həmin dinləri təbliğ edənlərdədir. Məsələn, islam dinində qadınların başının və üzünün örtülməsi məcburi olaraq qadağan edilmədiyi halda, müxtəlif yozumlar nəticəsində belə bir halı müşahidə edirik. Cavidin fikrincə, halbuki qadınların üzü, ya da başı bağlı gəzməsinin islama heç bir aidiyyatı yoxdur, onların azadlığını əllərindən alanlar yalançı hədislər, yalançı ruhanilərdir: “Xalqı uçurumlara yuvarlayan bir qanun isə pək çürük və mənasız bir əfsanə deməkdir. Bir də nə islam şüarı, nə türklük səciyyəsi qadınlara “örtün” deyə, əsla məcbur etməz və bu hal yalnız etiqaddan doğma bir məhkumiyyətdir ki, o da gec-tez zail olar”.[8]

Ümumiyyətlə, qadınların üzü bağlı, yaxud üzü açıq gəzməsi vicdan məsələsidir. Bu baxımdan H.Cavid də Ə.Hüseynzadə, M.Hadi, ƏAğaoğlu kimi, islamın yeniləşməyə zidd olmaması qənaətinə gəlmiş və hesab etmişdir ki, təbiətdə hər bir şey dəyişməkdə və inkişafdadır. İslam isə, heç vaxt dəyişilməyin və yenilşəməyin əleyhinə olmamışdır. Üstəlik, Cavid digər dinlərlə müqayisədə İslam dininin bir addım öndə olduğuna inanmışdır. Onun fikrincə, fiziki cəhətdən Günəş tək olub bütün insanlara eyni dərəcədə nur verdiyi kimi, yalnız İslam dini  mənəvi anlamda buna qadirdir:

 

Arqadaşlar! Şu parlayan günəşin,

Feyzi birdir cihanda hər kəs için.

Türk, hindu, ərəb, əcəm bilməz,

Nuru hər yanda artar, əksilməz.

Mənəvi bir günəş də var: nəvvar –

O da islam dinidir, parlar.

Parlar, afaqı nurə qərq eylər.

Həq, həqiqət nədirsə həp söylər. [9]

 

[1] Yenə orada, s.86-87

[2] Cavid H. Əsərləri. Beş cilddə II cild. Bakı, «Lider nəşriyyat», 2005, s.113

[3] Yenə orada, s.113

[4] Cavid H. Əsərləri. Beş cilddə I cild. Bakı, «Lider nəşriyyat», 2005, s.29

[5] Cavid H. Əsərləri. Beş cilddə II cild. Bakı, «Lider nəşriyyat», 2005, s.338

[6] Yenə orada, s.113

[7] Cavid H. Əsərləri. Beş cilddə I cild. Bakı, «Lider nəşriyyat», 2005, s.76

[8] Cavid H. Əsərləri. Beş cilddə II cild. Bakı, «Lider nəşriyyat», 2005, s.92

[9] Cavid H. Əsərləri. Beş cilddə II cild. Bakı, «Lider nəşriyyat», 2005, s.134

Paylaş: